Sevinc və qəhər qarışanda nə çətin olurmuş...
Qohumlar, tanışlar arasında Qarabağ həsrətilə bu dünyadan köcənlərimiz çox oldu... Qaçqınlıq taleyi ilə barışa bilməyib rəhmətə gedənlər də oldu, bu savaşda şəhid olanlarımız, Ağdam deyib, yola düzəlib, bu yolda itkin düşənlərimiz də, bu həsrəti öz nisgilli ürəyində daşıyaraq haqq dünyasına qovuşanlarımız da oldu. Bu minvalla kimi uşaqlıq illərini, kimi gəncliyini, kimi də ömründən fərqlilik, maraqlılıq umduğu illərini ötürdü...Çox hadisələr oldu, çox şeylər yaşadıq. Sevincli-kədərli günlərimizin hamısında Qarabağı xatırladıq, gah xatirələrdən danışıb, gah da Vətənin diğər bölgələrinə səfər edib təsəlli tapmaga çalışdıq, amma ovunmadıq. Atamla Anam bu nisgillərini bir-biri ilə daha çox bölüşürdülər. Hərdən də işğaldan sonra Ağdamın Əfətli kəndində məskunlaşmış qohumlarını, o kəndin qərib qəbiristanlığında uyuyan doğmalarını ziyarətə gedərdi atam anamla...
O kəndin 6km-liyində uzaqlıqdakı kəndinə-Novruzluya həsrətlə boylanan atamın gözlərinə baxmaq çətin olurdu. Atam, molladan xahiş edirdi ki, üzünü Novruzluya tutsun, öz kəndinin qəbiristanlığında uyuyan, ziyarətinə həsrət qaldığı doğmalarına da dualar oxusun... Belə də olurdu.
Və bir gün... Qarabağ nisgilli, ürəyi Şuşa, Ağdam deyib yara bağlayan Anam bu dünyadan köç etdi, yarımçıq qalmış arzularını, həsrətini, Vətən yanğısını özü ilə apardı... Atamın, düşünmədən " Ağdama, aparaq, başqa cür ola bilməz" deyərkən səsindəki qəhəri, nisgili və qətiliyi heç vaxt unutmayacam...Bu qəfil qərarı əvvəl bizə qəribə görünmüşdü...
Atam bu qərarı həm özünün, həm də Anamın Qarabağa sevgisindən, həm bizim bu yolları axıradək gedib-gəlməyimiz üçün vermişdi, Qarabağı unutmamaq üçün, daha çox sevmək üçün etmişdi bunu... və o təsəlli tapdığımız qəbiristanlığa biz bundan sonra lap tez-tez getdik, lap çox boylandıq kəndimizə, lap çox darıxdıq, lap nisgilli olduq.
Və biz bu yollarda həsrətin qucağında yaşımızdan çox-cox böyüdük, çox xəyallar qurduq...
O vaxtdan Ruhlar şəhəri adlandırılan Ağdam bu gündən ruhu bədənə qovuşmuş, dirilmiş bir candır sanki... Azadlığın mübarək, Ağdam! Səmandan boylanan müqəddəs şəhidlərimizin, qoynunda uyuyan dogmalarımızın ruhu şad olsun!!!
Gözün aydın olsun canım ATAM, gözünüz aydın əziz ağdamlılar!!!
Sevinc və qəhər qarışanda nə çətin olurmuş...
Aytəkin Nəsirli
15:52 20.11.2025
Oxunuş sayı: 795