Azərbaycan üçün "strateji sükut" Yaxın Şərqlə bağlı ikinci cəbhəyə çevrilməmək üçün həyati əhəmiyyətlidir - RƏY
Yaxın Şərqdə sürətlə artan gərginlik və böyük güclər arasında açıq qarşıdurma ehtimalı beynəlxalq münasibətlər sistemində yeni və narahatedici bir mərhələnin başlandığını göstərir. Son hadisələr təkcə region ölkələrinin deyil, qlobal təhlükəsizlik və iqtisadi sabitliyin də ciddi təhdid altında olduğunu ortaya qoyur. Bildirək ki, baş verənlər artıq lokal münaqişə çərçivəsini aşaraq daha geniş və nəzarəti çətin olan prosesə çevrilməkdədir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Aynur Bəşirovanın sözlərinə görə, dünya siyasəti, İkinci Dünya müharibəsindən bu günə qədər alışdığımız qeyri‑dövlət aktorlarının, diplomatik və iqtisadi təzyiqlərin üstünlük təşkil etdiyi münaqişə üsullarından uzaqlaşaraq, getdikcə hamını təəccübləndirən və artıq tarixin səhifələrində qaldığını düşündüyümüz suveren dövlətlərarası silahlı qarşıdurma mərhələsinə qayıtdığı bir dönüm nöqtəsinə çatıb: "Bəlkə də, biz müharibə tarixinin keçmişə qayıdış prosesinin ilk şahidləri olduğumuzu düşünə bilərik. 2022-ci ildə baş verən Rusiyanın Ukraynaya hücumu bir zamanlar 21-ci əsrdə gözlənilməz və istisna xarakterli bir hadisə kimi görünürdü. Amma bu gün baş verənlər göstərir ki, həmin müharibə indi başqa bir qlobal toqquşmanın və onun geniş miqyaslı təsirlərinin mənzərəsinin fonunda kölgədə qalıb. Vəziyyəti daha da mürəkkəbləşdirən hal odur ki, İran, İsrail və ABŞ arasında gərginliyin kəskinləşməsi sadəcə iki tərəf arasında baş verən bir müharibə deyil. Bu müharibə, eyni zamanda, öz hüdudlarından çox ötədəki sahələrin və coğrafiyaların sabitliyinə dərhal təsir edən, geniş əhatəli bir müharibəyə çevrildiyini görürük. Bunun təsirləri ABŞ-dən Şərqi Asiyaya qədər özünü hiss etdirir".
A.Bəşirova, həmçinin, qeyd edib ki, ABŞ və İsrailin bölgədə birbaşa hərbi əməliyyatlara başlaması, İranın isə qonşu ölkələrin infrastrukturunu hədəfə alması vəziyyəti ağırlaşdıran və mürəkkəbləşdirən ilk əlamətlərdən biridir: " Son zərbələrin Körfəz ölkələrinə və hətta Azərbaycanla Türkiyəyə qədər uzanması region dövlətlərini çox həssas bir diplomatik “boz zona”ya salıb. Tehranla münasibətlərini həmişə diqqətlə balanslaşdıran Azərbaycan və Türkiyə indi həm öz suverenliyini qorumağa, həm də genişlənən münaqişəyə cəlb olunmamağa çalışır. Azərbaycan üçün “strateji sükut” və ya neytrallıq artıq sadəcə diplomatik seçim deyil — daha böyük bir müharibənin ikinci cəbhəsinə çevrilməmək üçün həyati əhəmiyyət daşıyan mövqedir. Bu, təkcə İranla sərhədi paylaşan Azərbaycan və Türkiyə üçün deyil, həm də tam məqsədlərindən əmin olmadıqları müharibəyə cəlb olunmaq istəməyən Avropa Birliyi üzv dövlətləri kimi digər ölkələr üçün də keçərlidir".
Politoloq, bu gərginliyin iqtisadi təsiri də gecikmədən özünü göstərməyə başladığını bildirib: "Xüsusilə Hörmüz boğazındakı dəniz yollarının pozulması Brent neftinin və yanacağın qiymətini illərdir görünməyən səviyyələrə qaldırıb və dünya üzrə inflyasiya ilə mübarizəni çətinləşdirib. Daha az danışılan, amma enerji böhranı qədər ciddi problem isə kənd təsərrüfatı və texnologiya sahəsində yaranan böhrandır. Məhsul yığımının ən vacib dövründə gübrə ixracının dayanması bir çox ölkələrdə ərzaq təhlükəsizliyini riskə atır. Körfəzdən gələn helium kimi xüsusi qazların çatışmazlığı isə Şərqi Asiyanın iqtisadiyyatında böyük rol oynayan yarımkeçirici sənayesini ciddi şəkildə ləngidir. Bütün bu təzyiqlər üst-üstə düşdükcə anlayırıq ki, İran, ABŞ və İsrail arasındakı qeyri-sabitlik artıq iki tərəf arasında olan bir problem deyil, müasir iqtisadiyyatın gündəlik işləmə mexanizmlərinə və digər ölkələrin təhlükəsizliyinə birbaşa təhdiddir".
13:49 27.03.2026
Oxunuş sayı: 61