İran Bəhreynə iddia edir: Tarixi haqq, yoxsa təxribat?
Son günlərdə İranın hərbi-siyasi elitasından gələn bəyanatlar regionda "Bəhreyn kimindir?" sualını yenidən gündəmə gətirib. SEPAH-ın strateji planlarında Bəhreynin "İranın 14-cü vilayəti" kimi xatırlanması, sadəcə ritorika deyil, həm də regionun təhlükəsizlik memarlığına birbaşa təhdiddir. Bəs, Xameneinin ordusu doğrudanmı Kral Hamad bin İsa Al Xəlifənin sarayına "sabahın xeyir" deməyə hazırlaşır?

Politoloq Zeynal Əmrəliyev bu barədə Crossmedia.az-a danışıb: "İran uzun müddətdir ki, bu ərazini öz mülkü hesab edir. Buna əsas səbəb kimi Bəhreyn əhalisinin əksəriyyətinin şiə olması göstərilir. Buna baxmayaraq, 260 ildir ölkəni idarə edən Əl-Xəlifə sülaləsi əhli-sünnə məzhəbinə mənsubdur. Bu sülalə vaxtilə Ərəbistan yarımadasının ən döyüşkən qəbiləsi olan Utub qəbiləsinin bir parçası olub. Onlar əvvəlcə Küveytə köç etmiş, burada müxtəlif qəbilələrlə toqquşduqdan sonra Qətərə üz tutaraq xeyli ərazini nəzarətə götürmüşdülər. Ancaq ingilis basqısı nəticəsində daha sonra Bəhreynə yerləşərək, XVIII əsrdən etibarən buranı idarə etməyə başlamışdılar.
Hazırda Bəhreyn əhalisinin təxminən 50 faizi şiə, 30 faizi sünni, 20 faizi isə xristiandır. Qeyd edək ki, xristianlar buraya əsasən Cənubi Asiyadan köç etmiş şəxslərdir. Məsələnin ən ziddiyyətli tərəfi budur ki, şiələrin böyük əksəriyyəti etnik ərəb deyil, əcəm şiələridir. Onların İrana dini bağlılığının yüksək olması rəsmi Tehrana Bəhreyn daxilində "yumşaq güc" rıçaqlarını saxlamağa imkan verir. Bəhreyn hökuməti hər nə qədər demoqrafik və siyasi vəziyyəti dəyişməyə çalışsa da, hələlik bu, ciddi nəticə vermir. Ölkədə önəmli vəzifələr Əl-Xəlifə sülaləsi və ona qohum olan sünni qəbilələrin əlindədir; şiələr isə əsasən ticarətlə məşğul olurlar.
Hazırda Bəhreyn uğrunda İran və Səudiyyə Ərəbistanı arasında kəskin mübarizə gedir. Tehran "məzlum şiə" kartından istifadə edərək Bəhreyn daxilində "Vilayəti-fəqih" sistemini yaymağa çalışır. Məqsəd ölkədəki şiələri Bəhreyn kralına deyil, İranın ali rəhbərinə tabe etməkdir. İran hətta Bəhreyn daxilində öz proksi qüvvəsini də yaradıb. "Səraya əl-Əştar" adlanan qruplaşma müxtəlif dövlət idarələrinə və təhlükəsizlik qüvvələrinə hibrid hücumlar təşkil etməklə məşğuldur.
Ancaq İranın bu fəaliyyəti Səudiyyə Ərəbistanı tərəfindən qətiyyətlə əngəllənir. 2011-ci il "Ərəb baharı" zamanı Səudiyyə Ərəbistanı "Yarımada qalxan qüvvələri" adlı əməliyyatla Bəhreynə hərbi qüvvə yeridərək kralı qorudu. Buna görə də Əl-Xəlifə sülaləsinin Ali-Səud sülaləsinə mənəvi borcu var. Digər tərəfdən, Səudiyyə Ərəbistanı "Əbu Səfa" neft yatağından gələn gəlirin böyük hissəsini Bəhreynə hədiyyə edir".
O bildirib ki, Ər-Riyadı narahat edən məsələ təkcə Bəhreyndəki hakimiyyət dəyişikliyi deyil, həm də öz daxili təhlükəsizliyidir: "Belə ki, Səudiyyə Ərəbistanının neftlə zəngin olan iki şərq vilayəti — Əl-Qatif və Əl-Əhsa Bəhreynlə qonşudur və orada böyük şiə icması yaşayır. Bəhreyn daxilində baş verəcək inqilabın bu əyalətlərə sıçraması qaçılmaz ola bilər. Bundan əlavə, bu iki bölgənin şiələri arasında yaxın qohumluq əlaqələri var və onlar eyni dini mərcələri təqlid edirlər. Bu baxımdan Bəhreyndə sünni sülalənin hakimiyyətdə qalması Ər-Riyad üçün həyati əhəmiyyət daşıyır. Vəziyyətdən istifadə edən İsrail də Bəhreyn ərazisində öz mövqeyini möhkəmləndirir. 15 sentyabr 2020-ci ildə Bəhreyn Vaşinqtonda "İbrahim sazişinə" qoşulmaqla İsraillə münasibətləri normallaşdırdı. Bu hadisə İran tərəfindən "arxadan vurulan xəncər" adlandırıldı və SEPAH-ın təhdidləri daha da sərtləşdi. Ancaq İranın birbaşa adaya hücumu Səudiyyə ilə toqquşmaya səbəb ola bilər. Səudiyyənin neft mərkəzi olan Əl-Xubar şəhəri ilə Bəhreyni cəmi 25 km uzunluğunda olan "Kral Fəhd" körpüsü bağlayır. Səudiyyə həm şəhərin müdafiəsi, həm də lazımi anda Bəhreynə müdaxilə üçün Əl-Xubarda böyük hərbi qüvvə saxlayır. 2026-cı ilin fevral və mart aylarında baş verən hadisələr — 28 fevralda Manamadakı ABŞ-ın 5-ci Donanmasının qərargahına və 10 martda Şeyx İsa hərbi hava bazasına endirilən zərbələr göstərir ki, İranın əsas hücum aləti ballistik raketlər və kamikadze dronlardır. Tehran fürsətdən istifadə edərək Bəhreyndə infrastrukturu, o cümlədən "Şahab-3" raketləri ilə "BAPCO" neft emalı zavodunu və maliyyə mərkəzlərini hədəf alır. Bu strateji məntəqələrin sıradan çıxarılması gələcəkdə quru əməliyyatı üçün zəmin hazırlamaq məqsədi daşıyır. Tehranın istəyi, Səddam Hüseyndən fərqli olaraq ölkəni birbaşa öz tərkibinə qatmaq deyil, sadəcə sünni kralı devirərək özünə sadiq teokratik şiə idarəçiliyi qurmaqdır. Bu mübarizədə daxili məzhəb bölünməsi hər iki tərəf üçün əlverişli vasitədir. Nəticədə Bəhreyn, sadəcə 760 kvadrat kilometrlik bir ada deyil, İran və Səudiyyə Ərəbistanı arasındakı güclərin ən qaynar toqquşma nöqtəsi olaraq qalır".
13:06 27.03.2026
Oxunuş sayı: 57