Karma
Son zamanlarda insan münasibətləri haqqında podkastlar, müsahibələr
izləyir, kitablara müraciət edirəm. Ümumi qəbul olunmuş görüş odur ki,
insanlara göstərdiyin davranış, onlara qarşı etdiyin yaxşı və ya pis əməl bir
müddət sonra eynilə insanın özünə qayıdır. “Yaşatdığını yaşamadan insan ölməz”
kimi fikirlər də bunun doğruluğunu təsdiqləyir. Həyat bir növ bumeranqdır —
fırlanıb yenə özünə qayıdır. Bu baxımdan insanın karmasının təmiz olması çox
vacib mahiyyət daşıyır.
Həyatın paradokslarından biri də odur
ki, insanlar onlara yaxşılıq edənin qədrini çox vaxt bilmirlər, əksinə, onlara
pis davrananı daha çox dəyərləndirirlər. Sanki “sevən sevilmir, sevilən sevmir”
prinsipi alqoritmik bir proses kimi bu kainatda işləyir. İnsanın bir az da
cəlladına aşiq olmaq kimi bir tərəfi var. Bu çox kədərli olsa da, reallıqda
tez-tez rast gəlinən bir haldır. Düşünəndə ki, ağıllı insan belə davranmaz,
amma görürsən ki, bir çox insan bu səhvə yol verib.
Bu kontekstdə bir cümləyə rast
gəldim: deyilir ki, bəzi insanlar ağızları ilə quş tutsalar belə, yenə onları
dəyərləndirmərik, amma etdiyi pislik nə olursa olsun, yenə də sevməyə davam
etdiyimiz insanlar olur həyatımızda. Bu fikir məni çox düşündürdü. Bir mənalı
olaraq bu cümlə bizə ya özümüzü, ya da həyatımızdakı belə insanları xatırladır.
Amma dərindən analiz edəndə burada müəyyən bir ədalətsizlik hiss olunur. Çünki
insan, nə olursa olsun, hər kəsi öz yerinə qoymağı bacarmalıdır. Bacarmasa
belə, həyat bunu ona, kobud desək, döyə-döyə öyrədir.
Necə deyərlər, nə qədər yaxşı olursan
ol, sonda sənə necə davranırlarsa, sən də onlara elə davranmaq məcburiyyətində
qalırsan. Elə ədalət də buradan başlayır. İlahi ədalət də insandan bunu tələb
edir: hər şeyi və hər kəsi öz yerinə qoymalısan. Hamıya eyni cür davranmaq yox,
hər kəsə layiq olduğu dəyəri vermək ədalət sayılır.
Daxilən böyüdükcə anlayırsan ki,
insanlara qərəzsiz yanaşmalısan. Onların şəxsi keyfiyyətləri və etdikləri yaxşı
işlər sənin gözündə dəyərdən düşməməlidir. Bunları görə-görə qiymətdən
salmamalı, əksinə, təqdir etməlisən — o insandan xoşun gəlməsə belə. Bu həm də
sənin içindəki təkəbbürü, mənəmçiliyi sındırır və kinini təmizləyir.
Təqdir etmək demişkən, insanların bu
həyatda ən çox ehtiyac duyduğu şeylərdən biri də təqdir olunmaq, insanlar
tərəfindən “görülmək” hissidir. Bu olmadıqda insan özünü tək hiss edir. Bu hal
həm şəxsi həyatda, həm iş mühitində, həm də dostluq və sosial münasibətlərdə
özünü göstərir. Marketinq sahəsində də tez-tez vurğulanır ki, işçilərinizi
təqdir edin. Çünki təqdir olunduğunu hiss edən işçi həmişə ondan gözləniləndən
daha artığını etməyə çalışır.
Ümumiyyətlə, təqdir olunmamaq,
görülməmək insanı ən çox narahat edən hallardan biridir. Bu zaman insanı
natamamlıq, heç kimə lazım olmamaq, hətta kobud desək, heç nəyə yaramamaq hissi
bürüyür. Bu da zamanla insanı tükəndirir və o, könüllü şəkildə uzaqlaşır, özünü
təcrid edir, həyata və insanlara küsür. Tükənmişlik sindromu yaşayan insan isə
sanki bataqlığa düşmüş kimi olur və oradan çıxmaq çox çətin, uzun zaman tələb
edən bir prosesə çevrilir.
Bu fikirlərimi məqalə şəklində yox,
hekayə formasında yazmaq istərdim. Amma hələ ki, həyatımda hekayə yazmaq
qabiliyyətimi işə salacaq bir hadisə baş verməyib. Mən bir az da hekayə yazmağı
posttravmatik hadisəyə bənzədirəm. Bəzən insanın həyatında çox ağır bir hadisə
baş verir və o, həmin an bunu tam hiss etməsə də, sonradan bu travmanın
təsirini uzun müddət daşıyır — günlərlə, aylarla, bəzən illərlə.
Bu baxımdan yazıçı üçün də elə bir
hadisə və bu hadisədən doğan təsir lazımdır ki, onu hekayəyə çevirə bilsin,
özünü ifadə etsin. Yazmaq bir az özünü ifadə etməkdir, bir az unudulmamaq
istəyi, bir az da özündən imtinadır. Bu baxımdan yazmağın verdiyi mənəvi həzz
çox güclüdür. İncəsənətlə, yaradıcılıqla məşğul olan hər bir insan bu hissi
dadıb.
Çox xoşbəxtəm ki, həyatımda, karmamda yazmaq var və yaza bildiyim müddətdə bu terapiyadan maksimum faydalanmağa çalışacağam. Sizin də demək, ifadə etmək istədiyiniz fikirlər varsa, mütləq yazın. Vacib deyil ki, yazıçı olasınız — amma yazın. Sizi narahat edən, düşündürən nə varsa, yazıya çevirin. Yazmaq daxilən yüngülləşmək, rahatlamaqdır. Özünüzü bundan məhrum etməyin.

Əlizadə Rasim
Gənc yazar
13:02 27.03.2026
Oxunuş sayı: 70