Yaxın Şərqdəki müharibə daha bir ay davam edəcək, Trampın impiçment məsələsi gündəmdə...
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi, professor Rüfət Quliyevdir)
Müasir dünyada geosiyasi gərginliklərin artması artıq təkcə siyasi müstəvidə deyil, eyni zamanda qlobal iqtisadi sistemdə də dərin və uzunmüddətli təsirlər yaratmağa başlayıb. Regional münaqişələrin genişlənməsi, böyük güclər arasında rəqabətin kəskinləşməsi və hərbi xərclərin sürətlə artması beynəlxalq iqtisadi sabitliyi ciddi şəkildə sarsıdır. Xüsusilə enerji bazarlarında baş verən dəyişikliklər, logistika zəncirlərinin pozulması və maliyyə resurslarının hərbi məqsədlərə yönləndirilməsi dünya üzrə sosial rifahın zəifləməsinə gətirib çıxarır. Bu proseslər artıq lokal xarakter daşımır, əksinə, qlobal miqyasda inflyasiya təzyiqlərini artırır, ərzaq təhlükəsizliyini risk altına qoyur və iqtisadi inkişaf tempini aşağı salır. Belə bir mürəkkəb və dinamik şəraitdə baş verən hadisələri yalnız siyasi prizmadan deyil, həm də iqtisadi qanunauyğunluqlar çərçivəsində təhlil etmək xüsusi əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Biz hələ keçən ilin sonlarında apardılarğımız iqtisadi təhlillərin nəticəsində belə bir qənaətə gəlmişdik ki, növbəti illərdə, yəni 2026-cı ildə müharibələrin sayı və miqyası artacaq və bunun sosial-iqtisadi təsirləri genişlənəcək. Bu prosesin sosial və iqtisadi itkiləri də artacaq. Bu gün artıq üzərindən 4-5 ay keçdikdən sonra təsdiqlənir ki, həqiqətən də, müharibələrdə iştirak edən ölkələrin sayı artır, miqyas genişlənir və dünya iqtisadiyyatının itkiləri böyüyür. Bu itkilərin artması nəticəsində isə, təbii olaraq, biz bunu həmişə qeyd etmişik ki, insanların əksəriyyətinin təxminən dünya əhalisinin 80-90 faizinin sosial rifahı ciddi şəkildə aşağı düşür. Bu, qaçılmaz prosesdir. Çünki iqtisadi proseslər müəyyən qanunlarla idarə olunur və bu qanunlar çox dəqiq, möhkəm iqtisadi və riyazi modellərə əsaslanır. Hərbi xərclər artdıqca, onların əsas mənbəyi ölkələrin iqtisadi artımı və əhalinin sosial problemlərinin həlli üçün ayrılan vəsaitlər olur. Yəni bu vəsaitlər həmin sahələrdən kəsilərək hərbi sahəyə yönəldilir və bu prosesin sonu hələ ki görünmür. Təkcə İranda gedən müharibədə 15-16 ölkə müxtəlif formalarda iştirak edir və bir çox dövlətlər istər-istəməz bu münaqişəyə cəlb olunur, prosesin içinə çəkilir. Qeyd etmək istəyirəm ki, beynəlxalq ekspertlərin hesablamalarına görə, bu günə qədər təkcə ABŞ-nin İran əməliyyatında xərcləri 30 milyard dollardan çoxdur. Gündəlik xərclər isə təxminən 1 milyarddan 2 milyard dollara qədər hesablanır. Bundan əlavə, ABŞ Müharibə Nazirliyi Konqres və Senata müraciət edərək yaxın aylar üçün ən azı 200 milyard dollar əlavə vəsaitin ayrılmasını tələb edib. Qeyd edim ki, bu yalnız ABŞ-yə aiddir. Oxşar proseslər digər ölkələrdə də müşahidə olunur. Regiona yaxın və ya bu münaqişə ilə əlaqəsi olan ölkələrdə, o cümlədən Avropada, eləcə də Hindistan, Çin, Yaponiya, Cənubi Koreya və digər dövlətlərdə də hərbi xərclərin artırılması məcburiyyəti yaranır. Aparılan təhlillər göstərir ki, Avropa və Asiya qitələrində, həmçinin Afrikanın bir hissəsində bu müharibənin nəticələri iqtisadiyyat və sosial rifah üçün ciddi mənfi təsirlər yaradır. Digər tərəfdən qeyd etmək lazımdır ki, bu müharibənin sonu hələ də görünmür.
Müəyyən ehtimallara görə, mayın əvvəlinə qədər bu proses davam edə bilər. ABŞ və İran arasında danışıqların başladığı bildirilsə də, İran bu danışıqları rədd edir və sərt şərtlər irəli sürür. Bu isə kompromisə gəlmə ehtimalını azaldır. Mənim proqnozuma görə, ən azı aprel ayının sonuna qədər müharibə səngiməyəcək.
Beynəlxalq ekspertlərin hesablamalarına əsasən, Ərəb körfəzi regionunda dağıdılmış infrastrukturun bərpası üçün artıq 30 milyard dollardan çox vəsait tələb olunur. Bu, artıq milyardlarla deyil, on milyardlarla dollar səviyyəsində zərər deməkdir və hələ də bu prosesin sonu görünmür".

Professorun sözlərinə görə, ABŞ və İsrailin həyata keçirdiyi siyasətin əsas məqsədi İran dövlətini daxildən zəiflətmək və nəticə etibarilə onun dövlətçilik əsaslarını sarsıtmaqdan ibarətdir: "Bu prosesdə zahiri olaraq dövlət strukturu qorunub saxlanılsa da, daxili idarəetmə sistemində ciddi problemlər yaradılması nəzərdə tutulur. Belə ki, ölkənin aparıcı siyasi və hərbi fiqurlarının aradan götürülməsi yolu ilə hərbi-sənaye kompleksi, ordu və siyasi elitanın idarəetmə mexanizmləri zəiflədilir. Xüsusilə, müəyyən güc strukturlarının rəhbərlərinin hədəfə alınması ümumi sistemin dayanıqlığını sarsıtmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər. Bu yanaşma, mahiyyət etibarilə, həmin qüvvələrin əsas strateji layihəsi kimi dəyərləndirilir. Bununla yanaşı, İran ərazisinə birbaşa hərbi müdaxilə ehtimalı ciddi və genişmiqyaslı problemlərə yol aça bilər. Şəxsi qənaətimə görə, əgər ABŞ hərbi qüvvələri arasında itkilər baş verərsə, bu, xüsusilə Donald Tramp və onun siyasi komandası üçün ciddi siyasi təzyiq və daxili narazılıq mənbəyinə çevrilə bilər. Tarixi təcrübə göstərir ki, ABŞ cəmiyyəti üçün xarici müharibələrdə verilən insan itkiləri həssas məsələdir.
Məsələn, Vyetnam və Koreya müharibələri zamanı baş verən itkilər uzun müddət Amerika cəmiyyətində dərin iz buraxmışdır və bu faktor bu gün də ictimai rəyə təsir göstərməkdədir. Bu baxımdan, oxşar ssenarinin təkrarlanması ABŞ daxilində siyasi və ictimai gərginliyi artıra bilər. İran daxilində vəziyyət getdikcə daha da gərginləşir və ölkə faktiki olaraq hərbi rejimə doğru yönəlir. Əgər hadisələr bu şəkildə davam edərsə, həm insan itkisi, həm də iqtisadiyyatın dağılması daha da sürətlənəcək. Bunun nəticəsində əhalinin 90 faizi sosial mahiyyətli itkilərlə üz-üzə qalır.
Vaxtilə, 23 il bundan qabaq, yəni 2003-cü ildə Muammar Qaddafi Liviyada hakimiyyətdə idi. O dövrdə Liviya Afrika qitəsində ən inkişaf etmiş ölkələrdən biri sayılırdı. Yəni həm sosial baxımdan yüksək inkişaf səviyyəsində idi, həm də iqtisadi investisiyalar və maliyyə ehtiyatlarına görə Afrikada bir nömrəli ölkələrdən idi. Muammar Qaddafiyə təklif olunanda ki, nüvə silahı proqramından imtina etsin, o razılaşdı. Əslində, bəlkə də, Liviya öz gücü ilə nüvə silahını tez bir zamanda əldə edə bilməzdi, amma digər ölkələrdən bunu maliyyə hesabına əldə etmək imkanı var idi. Hətta o dövrdə rəqəmlər göstərirdi ki, Liviya hökumətinin ABŞ banklarında təxminən 210 milyard dollar vəsaiti var idi. Muammar Qaddafinin isə şəxsi və ailəsinə məxsus təxminən 135 milyard dollar vəsaiti ABŞ banklarında yerləşirdi.
Yəni kifayət qədər vəsait var idi ki, nüvə texnologiyalarını başqa ölkələrdən alıb Liviyada tətbiq etsinlər. Amma Qaddafi bu proqramdan imtina etdi və Qərblə razılaşdı.
Lakin bundan cəmi dörd il sonra Liviyada Qərb ölkələri, o cümlədən ABŞ və Avropa dövlətləri, xüsusilə Fransa “demokratiyanın bərpası” adı ilə hərbi əməliyyatlara başladılar. Nəticədə isə hamımız gördük ki, Liviya hansı vəziyyətə düşdü və ölkə hansı hala gətirildi. Bu, İran üçün müəyyən mənada bir nümunə oldu. İkinci nümunə isə əks istiqamətdədir: Şimali Koreyanın nüvə proqramını inkişaf etdirməsi. Şimali Koreya digər nüvə silahına malik ölkələrlə əlaqələr quraraq texnologiyaları əldə etdi və proqramını inkişaf etdirdi. Bu gün Şimali Koreya rəsmi şəkildə tam təsdiqləməsə də, faktiki olaraq nüvə silahına və nüvə raketlərinə sahib olduğunu bəyan edir. Ola bilər ki, arsenalı çox böyük deyil, amma yaxın ölkələr üçün real təhlükə yaradır. Bu ölkələrə Cənubi Koreya və Yaponiya daxildir və artıq Şimali Koreya onları nüvə silahı ilə təhdid edir. Maraqlıdır ki, bu gün heç bir ölkə Şimali Koreyaya qarşı açıq müharibə elan etməyə cəhd etmir. Bu da onu göstərir ki, müəyyən mənada Qərb ölkələri də nüvə silahından çəkinir. Bu iki variantı müqayisə etdikdə görünür ki, İran ikinci yolu seçib və buna görə də öz proqramını davam etdirir, geri çəkilmək istəmir. Amma burada qeyd etmək lazımdır ki, İranın ən böyük problemi özünün yaratdığıdır. Bu da ondan ibarətdir ki, ölkə neft və qaz satışından əldə olunan gəlirləri cəmiyyətin rifahına yönəltmədi. Əksinə, bu vəsaitlərin böyük hissəsi proksi qüvvələrə yönəldildi. Buraya “Hizbullah”, Husilər və digər anti qərb yönümlü qruplar daxildir. Bu qrupların fəaliyyətinə, o cümlədən terror aktlarına həmçinin tərror təşkilatların geniş vüsət almasına şərait yaradıldı. Bu isə təbii olaraq həm region ölkələri, həm də ABŞ üçün ciddi təhlükəyə çevrildi. Bu məsələdə İsrailin öz planları olub ki, bunlardan əsas birinci olan İranda molla rejimini devirib öz sistemlərinə uyğun adam gətirsin. Burada İranın da ciddi səhvi var - 1979-cu ildən bu sistem qurulan kimi anti Amerika anti İsrail siyasətini qabardırlar ki, bu amil münaqişənin yaranmasına ciddi səbəb oldu. Bu münaqişədə ABŞ-nin məqsədi isə Venesuellada sonra İranın neft-qaz sektoruna nəzarət etməkdir ki, yaxın 50-60 ildə enerji məsələlərini nəzarətə götürəndə tam olaraq siyasi iqtisadi proseslər rəsmi Vaşinqtonun nəzarətində olur və öz tələblərini rahatlıqla irəli sürə bilər. Düşünürəm ki, əgər İran öz ölkəsinin inkişafına daha çox diqqət ayırsaydı və bu cür siyasət yürütməsəydi, yəni proksi qüvvələrə dəstək verməsəydi və terror qruplarına maddi-mənəvi yardım göstərməsəydi, Qərbin İrana qarşı münasibəti bu qədər sərt və mənfi olmazdı. Bu problem şahmat terminologiyası ilə desək, tsuçvank vəziyyətinə düşüb — hər yeni atılan addım daha da böyük problemlərə gətirib çıxarır. İkinci maraqlı faktor ondan ibarətdir ki, bu, birbaşa iqtisadi-maliyyə məsələlərinə toxunur. İranın istifadə etdiyi dronlar və raketlərin əksəriyyəti çox ucuzdur və mən bunu qeyd edəndə bu da mediada böyük mübahisəyə səbəb oldu. Təsəvvür edin ki, İranın özünün istehsal etdiyi kamikadze dronlar çox primitiv formada olub, onların maya dəyəri 3-5 min dollar civarındadır. Amma baxın görün, ABŞ, İsrail və ərəb ölkələri bunları hansı silahlarla vurur. Əksəriyyəti çox bahalı raketlərlə məhv edilir. Məsələn, “Patriot” raketlərinin bazar qiyməti təxminən 2 milyon dollardır. Faktiki olaraq belə çıxır ki, 5-10 dronu vurmaq üçün 2 milyon dollarlıq raket istifadə olunur. Yəni 5 dronun qiyməti təxminən 25 min dollar olduğu halda, onları vurmaq üçün istifadə olunan raketin qiyməti 2 milyon dollardır.
Burada belə bir sual yaranır: Qərb iqtisadiyyatı buna nə qədər davam gətirə bilər? Xərc hissəsinə baxdıqda görünür ki, İranın istehsal etdiyi dron və raketlər hava hücumundan müdafiə sistemlərində istifadə olunan raketlərdən təxminən 100 dəfə ucuzdur. Artıq son bir həftədə İsrailin, ABŞ-nin və ərəb ölkələrinin bu tip raketlərə ciddi ehtiyacı yaranıb. Nəzərə alsaq ki, bu raketlərin müəyyən hissəsi Ukraynaya göndərilir, deməli, qıtlıq yaranması qaçılmazdır".
Alim Hörmüz boğazı ilə bağlı məsələ barədə də danışıb: "Dünya üzrə neft və qazın təxminən 20 faizi artıq nəql oluna bilmir. Nəqliyyat faktiki olaraq dayanıb. Bundan əlavə, kənd təsərrüfatı üçün zəruri olan gübrələrin və digər məhsulların daşınması da dayanıb. Bu gün maraqlı bir vəziyyət yaranıb: İran bəzi hallarda gəmilərdən keçid üçün 2 milyon dollar tələb edir, bəzən isə qərarını dəyişərək yalnız müəyyən ölkələrə aid gəmilərə icazə verir. Bu isə onu göstərir ki, burada ciddi geoiqtisadi oyun gedir və kökündə yenə də maliyyə maraqları dayanır. Bu körfəzin bağlanması nəticəsində dünya üzrə neft və qaz ehtiyatlarının təklifi azaldı və bu da qiymətlərin sürətlə artmasına səbəb oldu. Bu gün energetikanın təxminən 90 faizi neft və qazdan asılıdır. Ümumilikdə isə iqtisadiyyatın təxminən 40 faizi birbaşa və ya dolayı şəkildə bu resurslardan asılıdır. Məsələn, gübrələrin əsas komponentlərindən biri olan karbamid də qazdan asılıdır. Bu isə kənd təsərrüfatı məhsullarının maya dəyərinin artmasına gətirib çıxarır. Nəticədə qiymətlər artır və qlobal inflyasiya ilə yanaşı, xüsusilə ərzaq məhsullarında ciddi inflyasiya gözlənilir. Hesablamalarıma əsasən, son bir ay ərzində qlobal inflyasiya 3-4 faiz arta bilər. Hətta bu müharibə bu gün dayandırılsa belə, ilin sonuna qədər onun iqtisadi təsirləri davam edəcək. İnflyasiyanı qısa müddətdə aşağı salmaq mümkün olmayacaq. Bunun üçün əlavə investisiyalar tələb olunacaq ki, dağıdılmış iqtisadi sektorlar yenidən bərpa edilsin. Demək olar ki, bütün bəşəriyyət bundan əziyyət çəkir və digər qitələrdə də bu təsirlər hiss olunur. Təbii ki, bu, İran hakimiyyətinin siyasəti ilə bağlıdır və məqsəd böyük dövlətlərə təsir göstərərək onları ABŞ və İsrailə təzyiq etməyə məcbur etməkdir. Amma İranın öz şərtləri də var: reparasiyalar, dağıdılmış infrastrukturun bərpasının Qərb tərəfindən maliyyələşdirilməsi, nüvə proqramına icazə, ballistik raket proqramına icazə və s.Son günlər İran bu tələbləri daha sərt şəkildə irəli sürür. ABŞ bununla razılaşa bilməz.
Digər tərəfdən, ABŞ-nin öz daxilində də problemlər mövcuddur. Əgər may ayına qədər bu məsələ qələbə kimi təqdim olunmasa, prezident üçün ciddi siyasi risklər yaranacaq. Mayın 1-dən artıq Konqres və Senatla bağlı aralıq seçki təbliğat işləri həyata keçiriləcək və seçkilərdə uduzmamaq üçün Tramp və onun administrasiyası ciddi addımlar atmalıdır. Əgər noyabrda olacaq seçkilərdə zəif nəticələr olarsa bu, Trampın mövqeyinə ciddi təsir göstərə bilər. Hətta bu seçkilərdə qələbə qazanılmazsa ilin sonunda Trampın özünə impiçment qərarı veriləcək ki, o sona qədər öz fəaliyyətini davam edə bilməyəcək. Bu isə ABŞ və Tramp administrasiyasına siyasi sarsılma ola bilər. Əgər dəstək azalarsa, ilin sonuna qədər impiçment ehtimalı da gündəmə gələ bilər. Bu baxımdan vəziyyət həm siyasi, həm də iqtisadi cəhətdən olduqca həssasdır. ABŞ-də artıq benzin qiymətləri təxminən 20% artıb və bu, əhali arasında narazılığı artırır. Son sorğular göstərir ki, seçicilərin 59%-i müharibə siyasətini dəstəkləmir. Əgər proses bu şəkildə davam edərsə, bu göstərici daha da arta bilər. Eyni zamanda inflyasiya da yüksəlir və bu, zəncirvari şəkildə iqtisadiyyatın digər sahələrinə təsir edir".
Professor həmçinin Azərbaycanında bu proseslərin müəyyən təsirlərindən kənarda qalmayacağını bildirib:
"Azərbaycan həmişə belə məsələləri diplomatik kanalların həlli ilə danışılmasına çağırış edir və biz bitərəf oluruq. Bu məsələdə isə Azərbaycanın mövqeyi xüsusi olaraq vurğulanmalıdır. Bu gün biz Azərbaycan hakimiyyətinin müdrik və uzaqgörən siyasətinin real nəticələrini müşahidə edirik. Xüsusilə sərhədlərin nəzarət altında saxlanılması və qonşu dövlətlərlə normal, balanslı münasibətlərin qurulması bu siyasətin mühüm göstəricilərindəndir. Məsələn, Azərbaycanın İrana humanitar yardımlar göndərməsi ölkəmizin neytral, diplomatik və humanist prinsiplərə sadiqliyini nümayiş etdirir. Ümumilikdə, bütün məsələlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə həllinə üstünlük verilməsi dövlət siyasətinin əsas xəttini təşkil edir. Nəticə etibarilə, regionda mürəkkəb hərbi-siyasi proseslərin getdiyi bir vaxtda belə, Azərbaycanda sabitliyin qorunub saxlanılması olduqca müsbət və diqqətəlayiq haldır. Bu yanaşma beynəlxalq aləmdə də yüksək qiymətləndirilir və xarici tərəfdaşlar tərəfindən müdrik siyasət nümunəsi kimi dəyərləndirilir. Xüsusilə idxal olunan malların qiymətinin artması ölkə daxilində inflyasiyaya təsir göstərir ki, buna iqtisadiyyatda “idxal inflyasiyası” deyilir. Dövlət bu prosesin qarşısını almaq üçün ciddi tədbirlər görür. Mənim fikrimcə, kiçik və orta sahibkarlığın inkişafına daha çox dəstək verilməlidir və dövlətimiz bu prosesi həyata keçirir. Xüsusilə yerli kənd təsərrüfatı məhsullarının istehsalı artırılmalıdır. Bu, idxal inflyasiyasının təsirini azaltmağa kömək edə bilər. Yekun olaraq əgər İran ABŞ ilə sazişə getmək istəsə, İsrail bu prosesə ciddi maneə törədə bilər və müharibənin qələbə ilə başa çatdırılmasını tələb edəcək. Bu qələbə isə nüvə proqramının tam dayandırılması, ballistik raketlərin ləğvi və proksi qüvvələrə maliyyənin kəsilməsi deməkdir. İran bu üç şərtə razılaşmadığı halda, daha çox şərtə razılaşması real görünmür. Hazırda tərəflər hər biri özünü qalib kimi təqdim etməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, sonda kimin qalib gəlməsindən asılı olmayaraq, ən böyük itkiləri yenə də insanlar verir".
Elmir Heydərli
13:19 27.03.2026
Oxunuş sayı: 631