Yeni Azərbaycan Partiyasının yaranması: siyasi zərurət və tarixi reallıqlar
1990-cı illərin əvvəlləri Azərbaycan tarixində dərin siyasi, sosial və iqtisadi sarsıntılarla yadda qalmışdır. Sovet İttifaqının dağılması, Qarabağ müharibəsinin gərginləşməsi, dövlət idarəetməsində təcrübəsizlik və daxili siyasi çəkişmələr ölkədə ciddi böhran yaratmışdı. Məhz belə bir tarixi mərhələdə ölkəni bu böhrandan çıxarmaq və onun gələcəyi naminə yeni siyasi qüvvənin formalaşmasına ehtiyac duyulurdu. Bu labüd halın nəticəsi olaraq 1992-ci il noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
Hakimiyyət daxilində parçalanma, müharibə zonasında ağır itkilər və sosial narazılığın artması fonunda nüfuzlu ziyalılar, ictimai-siyasi xadimlər ölkəni bu vəziyyətdən çıxarmaq üçün yeni siyasi qüvvənin yaradılmasını zəruri sayırdılar. Naxçıvanda fəaliyyət göstərən Ümummilli Lider Heydər Əliyevə müraciət edən “91-lər” adı ilə tanınan ziyalı qrupu məhz bu dövrdə ölkədə yeni siyasi kursa ehtiyac olduğunu bildirirdilər. Onların təşəbbüsü qısa müddətdə kütlə arasında geniş ictimai dəstək qazandı.
1992-ci ilin 21 noyabr tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı baş tutdu. Konfransda ölkənin müxtəlif bölgələrini təmsil edən nümayəndələr iştirak edirdi. Tədbirdə Azərbaycanın ictimai-siyasi həyatında sabitlik və inkişafı təmin edə biləcək yeni siyasi xəttin formalaşdırılması əsas məqsəd kimi müəyyənləşdirildi.
Konfransın ən mühüm qərarı Ümummilli Lider Heydər Əliyevin yekdilliklə partiyanın sədri seçilməsi oldu. Bu, partiyanın həm siyasi nüfuzunu, həm də qarşıya qoyduğu məqsədlərin reallaşdırılması üçün güclü liderlik əsasını təmin etdi.
Yeni Azərbaycan Partiyasının yaranması ölkənin siyasi həyatına ciddi dəyişikliklər gətirdi. Konfransdan sonra YAP qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və dövlət idarəetməsində sabitliyin bərpası bu prosesin məntiqi nəticəsi idi.
1992-ci il 21 noyabrda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransı Azərbaycanın müstəqillik tarixində dönüş nöqtələrindən biri oldu. Bu konfrans yalnız yeni partiyanın yaranması deyil, həm də Azərbaycanın sabitlik və inkişaf yolunun əsasının qoyulması kimi qiymətləndirilir. YAP-ın fəaliyyəti sonrakı illərdə ölkənin siyasi sisteminin formalaşmasına, idarəetmə institutlarının möhkəmləndirilməsinə və dövlətçiliyin gücləndirilməsinə ciddi təsir göstərdi.
Müstəqilliyin ilk illərində ölkəni xaosdan çıxarmağa yönəlmiş bu siyasi xətt sonrakı onilliklərdə dövlət idarəçiliyinin ideoloji təməli oldu. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə YAP-ın müəyyən etdiyi bu strateji kurs həm müasir çağırışlara uyğunlaşdırıldı, həm də yeni mərhələyə yüksəldildi.
Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsasını dövlətçiliyin gücləndirilməsi, Azərbaycanın müstəqilliyinin qorunması və ölkənin beynəlxalq arenada nüfuzunun artırılması təşkil edirdi. Cənab İlham Əliyevin prezidentliyi dövründə bu prinsiplər yalnız qorunub saxlanılmadı, həm də yeni reallıqlara uyğun şəkildə inkişaf etdirildi. Onun rəhbərliyi ilə Azərbaycan regionda müstəqil siyasət yürüdən, qlobal proseslərdə söz sahibi olan dövlətə çevrildi.
Prezident İlham Əliyevin siyasi xəttinin mühüm xüsusiyyətlərindən biri klassik dövlətçilik prinsiplərini müasir idarəetmə yanaşmaları ilə birləşdirməsidir. Rəqəmsal idarəetmə, innovasiya sahələrinin inkişafı, gənclərin dövlət quruculuğunda fəal iştirakı və institusional islahatlar YAP-ın siyasi ideologiyasının yeni mərhələdə yenilənərək davam etməsinin bariz nümunələridir.
YAP-ın siyasi xəttinin ən mühüm istiqamətlərindən biri torpaqların azad olunması və ərazi bütövlüyünün bərpası olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli siyasət nəticəsində Azərbaycan tarixi Zəfərə imza atdı və 30 ilə yaxın davam edən işğala son qoyuldu. Bu hadisə YAP-ın əsas milli strategiyalarının uğurlu nəticəsi hesab olunur.

Lalə Səlimzadə
YAP Yasamal Rayon Təşkilatının fəalı
12:39 20.11.2025
Oxunuş sayı: 3878