Orta Şərq ölkələri ilə Azərbaycan arasında əlaqələr möhkəmlənir - Deputat
Ötən gün Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşlərinə rəsmi şəkildə qoşularaq regional siyasətdə və çoxtərəfli əməkdaşlıq formatlarında iştirakını daha da genişləndirdi. Bu təşəbbüs, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında son illərdə formalaşan dinamik tərəfdaşlığın məntiqi davamı olmaqla yanaşı, regionda sabitliyin, iqtisadi inteqrasiyanın və nəqliyyat-kommunikasiya layihələrinin inkişafına yeni impuls verir.
Mərkəzi Asiya məsləhətləşmə görüşləri bu bölgənin dövlətlərini vahid platformada bir araya gətirən, regional əməkdaşlığın koordinasiyasına və strateji məsələlərin müzakirəsinə xidmət edən əhəmiyyətli siyasi mexanizmdir. Azərbaycanın bu prosesdə iştirakı ölkəmizin Avrasiya məkanında artan rolunu, xüsusilə də enerji, nəqliyyat və logistika sahələrində yüksələn strateji çəkisini bir daha təsdiqləyir. Azərbaycan həm bölgələrarası şaxələnmiş əməkdaşlığın qurulmasına, həm də Orta Dəhlizin inkişafına verdiyi töhfələrlə Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş qismində çıxış edir.
Bu platformaya qoşulmaq Azərbaycanın xarici siyasət prioritetləri ilə tam uzlaşaraq həm ikitərəfli münasibətlərin inkişafına, həm də çoxtərəfli əməkdaşlığın daha koordinasiyalı şəkildə həyata keçirilməsinə geniş imkanlar açır. Eyni zamanda, regiondakı kommunikasiya xəritəsinin yenilənməsi, ticarət dövriyyəsinin artması, enerji layihələrinin genişlənməsi və təhlükəsizlik məsələlərinin daha səmərəli müzakirəsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın bu təşəbbüsə qoşulması gələcək əməkdaşlıq perspektivlərini daha da gücləndirir və ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində yeni bir strateji mərhələnin başlanğıcını qoyur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bu məsələ Azərbaycan–Orta Sərqi (Orta Şərq) Konfransı çərçivəsində əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Deyə bilərik ki, bu gün ölkələrimiz arasındakı münasibətlər yeni, mühüm bir mərhələyə qədəm qoyub. Dövlətimiz tərəfindən bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımlar bir daha göstərir ki, Azərbaycan bu proseslərə özünün əhəmiyyətli töhfəsini verir. Bu gün Orta Şərq ölkələri ilə Azərbaycan arasında əlaqələr daha da inkişaf edir və möhkəmlənir.
Əlaqələrin genişlənməsi həm regional əməkdaşlıq baxımından, həm də Azərbaycanın Mərkəzi Asiya, Yaxın Şərq və digər beynəlxalq təşkilatlarla münasibətlərinin formalaşdırılması nöqteyi-nəzərindən böyük önəm kəsb edir. Bu, həmçinin ölkəmizin siyasi və iqtisadi uğurlarından biri kimi qiymətləndirilə bilər. Hazırda Azərbaycanla Orta Sərq dövlətləri arasında nəqliyyat və logistika sahəsində də fəal əməkdaşlıq mövcuddur".
Deputat, həmçinin bütün bu proseslərin gələcəkdə münasibətlərimizin daha da genişlənəcəyini, möhkəmlənəcəyini və dərinləşəcəyini qeyd edib:
"Artıq Çinlə ticarət və logistika əlaqələrinin Qırğızıstan, Özbəkistan və Azərbaycan vasitəsilə daşınması istiqamətində mühüm işlər görülür. Orta Dəhlizin inkişafı əlaqələrimizin daha dayanıqlı, daha səmərəli səviyyəyə yüksəlməsinə xidmət edir. Ümumilikdə, bütün sahələrdə bu əməkdaşlığın genişlənməsi regionun iqtisadi və siyasi inteqrasiyasına töhfə verir, Azərbaycanın isə mövqelərini daha da gücləndirir və inkişafını sürətləndirir".
Elmir Heydərli
17:00 17.11.2025
Oxunuş sayı: 1447