Kukla Teatrında “Dünyanı uşaqlara verək!” adlı bədii-maarifləndirmə aksiyası keçirilib
Oktyabrın 31-də Azərbaycan Dövlət Kukla Teatrında “Uşaq hüquqları aylığı” çərçivəsində “Dünyanı uşaqlara verək!” adlı bədii-maarifləndirmə aksiyası keçirilib.
Teatrın mətbuat xidmətindən Crossmedia.az-a bildirilib ki, Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində hər il oktyabrın 20-dən noyabrın 20-dək davam edən tədbirdə uşaq hüquqları, dövlətimizin uşaqlarla bağlı siyasəti, yetişən nəsillərin rifahı üçün görülən işlərə qısa nəzər salınıb.
Bildirildi ki, Azərbaycanda “Uşaq hüquqları aylığı”nın keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətini uşaq problemlərinə cəlb etmək, onların həllində bütün qurumların səfərbər olunmasına nail olmaq, uşaq hüquqlarına dair görülən işlərə dair məlumatları ictimaiyyətin nəzərinə çatdırmaq və bu proseslərdə uşaqların iştirakını təmin etməkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva təmsilçisi olduğu qurumun uşaqlarla bağlı fəaliyyət istiqamətləri haqqında danışıb. Bildirib ki, sağlam gələcək üçün uşaqlarımızın sağlam mühitdə yaşaması, təhsil alması və inkişafı üçün dövlətimiz üzərinə düşən vəzifələri layiqincə icra edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli də öz çıxışında uşaq hüquqlarının təminatı məsələsini önə çəkdi. Bildirdi ki, uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva Azərbaycanda əlilliyi olan şəxslərin ictimai həyatın müxtəlif sferalarına inteqrasiyasını dəstəkləmək, əlilliyi olan şəxslərə qarşı cəmiyyətdə mövcud olan stereotiplərin məlumatlandırma sayəsində aradan qaldırılmasına töhfə vermək məqsədilə dövlətin və dövlət dəstəyi ilə ictimai təşkilatların fəaliyyətindən bəhs edib.
Sonra uşaqlar “Düyməcik” tamaşasına baxıblar. Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağıl, insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edən tamaşa maraqla qarşılanıb.
22:42 31.10.2025
Oxunuş sayı: 1249