Azərbaycan və Çin arasında turizm əlaqələri müzakirə olunub
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki,görüşdə Fuad Nağıyev Azərbaycan və Çin arasında ikitərəfli turizm əlaqələrin inkişaf etdiyini, Prezident İlham Əliyevin aprel ayında Çinə dövlət səfərinin bir sıra sahələr kimi turizm sahəsində də yeni perspektivlər müəyyənləşdirdiyini, hər iki ölkə vətəndaşlarının vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin bu istiqamətdə atılmış ən mühüm addımlardan biri olduğunu qeyd edib.
O bildirib ki, Çin prioritet turizm bazarlarından biridir və mütəmadi olaraq Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə Çində keçirilən müxtəlif beynəlxalq turizm tədbirlərində, o cümlədən sərgilərdə iştirak təmin olunur. F.Nağıyev əlavə edib ki, Çinin böyük şəhərlərində silsilə təqdimatlar, turizm sənayesi və media nümayəndələri ilə görüşlər təşkil olunur, həmçinin onlayn platformalarda geniş marketinq kampaniyaları aparılır.
Agentlik rəhbəri yerli turizm sənayesinin çinli turistləri qarşılamaq üçün hazırlıq səviyyəsini artırmaq məqsədilə hazırlanmış "China Ready" proqramı, eləcə də noyabrın 17-də Bakıda təşkil ediləcək "China Visitors Summit" tədbiri haqqında məlumat verib və xanım səfiri tədbirə dəvət edib.
O, Azərbaycan Turizm Bürosunun Çin Xalq Respublikasında daimi turizm nümayəndəliyinin açılması üzrə də işlərin getdiyini diqqətə çatdırıb.
Xanım səfir Lu Mey öz növbəsində Azərbaycanın zəngin turizm potensialının çinli turistlərin diqqətini cəlb etdiyini, ölkələrimiz arasında bir çox sahələr kimi turizm əlaqələrinin də inkişaf etməkdə olduğunu bildirib. O, Çin tərəfinin ölkəmizdə turizm sahəsinə investisiya imkanları, müxtəlif turizm layihələri, o cümlədən mədəni turizm və qastroturizm sahələrinə maraqlı olduğunu bildirərək, Azərbaycanın Çində tanıdılması işinə dəstək verməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, Azərbaycan və Çin arasında Bakı-Pekin istiqamətində AZAL-la həftədə 3 dəfə, Bakı-Urumçi istiqamətində "China Southern Airlines" vasitəsilə həftədə 5 dəfə birbaşa uçuşlar həyata keçirilir. 2024-cü il ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 2023-cü il ərzində səyahət edənlərlə müqayisədə 94% artaraq 44,798 nəfərə çatıb. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 51% artım müşahidə olunur.
22:25 29.10.2025
Oxunuş sayı: 1697