Akademik Musiqili Teatrda rok-n-roll axşamları
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni tamaşa – XX əsrin əfsanəvi müğənnisi, “rok-n-rollun kralı” Elvis Preslinin (1935–1977) ölməz mahnıları əsasında “Sən kralsan” müzikli hazırlanıb.
Crossmedia.az xəbər verir ki, üç gün premyerası gerçəkləşən tamaşa maraqlı süjet, möhtəşəm musiqi, rəqs-xoreoqrafiya səhnələri və məharətli aktyor oyunu ilə sənətsevərlərə yüksək zövq və uzun zaman unudulmayacaq xoş təəssürat yaşadıb.
Rus dilində hazırlanan və Elvis Preslinin repertuarından ən məşhur mahnıların səsləndiyi müziklin libretto və quruluş müəllifi tanınmış rejissor və prodüser Ələkbər Tağızadədir.
Səhnə əsərinin musiqi rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadə, quruluşçu rəssamı Vüsal Rəhim, baletmeysteri Kamilə Əliyeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, işıq rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Polina Fyodorovadır.
Tamaşanın heyətində Əməkdar artist İlham Nəzərov və Prezident təqaüdçüsü Atilla Məmmədov (Elvin), aktyorlar Rauf Babayev (Elvis Presli), Leonid Klets və Elçin Əhədzadə (Mayor Braun), Olqa Georgieva və Prezident mükafatçısı Mehriban Zaliyeva (Rouz), Aydan Həsənova (Merilin), Sübhan Rüstəmov (Stiv), Mübariz Nağıyev (səs), həmçinin teatrın xor və balet artistləri yer alıblar.
Süjetdə iki eşq hekayəsi var: biri iyirmi il öncə iki istedadlı musiqiçi (Rouz və Braun) arasında yaşanıb. O eşqdən dünyaya gələn Elvin hələ bu hekayədən xəbərsizdir. O, Braunun sahibi olduğu barda çalışır. Ən böyük istəyi isə həm ifaçı kimi özünü sübut etmək, həm də özü qədər istedadlı olan müğənni Merilinin sevgisini qazanmaqdır.
Zaman-zaman ümidsizliyə qapılsa da, “rok-n-rollun kralı” (Elvis Presli) xəyal aləmində onu ruhdan düşməyə qoymur, sənətdə də, sevgidə də uğura ruhlandırır. Buna nail olandan sonra isə sənət estafetinin rəmzi kimi mikrofonunu Elvinə verir və “indi sən kralsan” deyir.
“Rok-n-rollun kralı” ölsə də, ölməz mahnıları ilə, sənət davamçıları və sənətdəki sevgi ilə yaşayır. Müziklin əsas leytmotivi də budur...
21:11 29.10.2025
Oxunuş sayı: 1655