“Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib
AMEA Folklor İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə Crossmedia.az-a institutdan məlumat verilib. Tədbiri açan Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 21 fevral tarixli Sərəncamını xatırladaraq bildirib ki, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən Bəxtiyar Vahabzadənin 100 illiyi ölkə miqyasında qeyd olunur.
“Şairin yaradıcılığı təkcə poetik hadisə deyil, həm də milli düşüncənin, azadlıq ideyasının və mənəvi bütövlüyün bədii ifadəsidir”, – deyən Hikmət Quliyev Bəxtiyar Vahabzadə yaradıcılığının ictimai missiya və miqyasına diqqət çəkib.

Alim qeyd edib ki, Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti təkcə xalq deyim və duyumlarının, folklor obraz, süjet və motivlərinin onun əsərlərindəki təcəssümü ilə məhdudlaşmır. Əslində, Vahabzadə yaradıcılığı kollektiv mədəni yaddaşın və xalq düşüncəsinin emosional-ekspressiv ifadəsi, fərdi performativ diskursudur. Çünki şairin yaradıcılığı folklorla yazılı ədəbiyyatın qovuşduğu nöqtədə formalaşaraq xalqın mənəvi dəyərlərinin və milli kimliyinin poetik təcəssümünə çevrilib.
Elmi sessiya Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru professor Ramazan Qafarlının “Bəxtiyar Vahabzadə: sənəti və şəxsiyyəti” mövzusunda məruzəsi ilə davam edib. Məruzədə XX əsr Azərbaycan ədəbiyyatının mənəvi yaddaşını formalaşdıran ən parlaq simalardan biri olan Bəxtiyar Vahabzadənin həyat və yaradıcılıq yolu təhlil olunub.
Qeyd olunub ki, şairin yaradıcılığı üç əsas mərhələni əhatə edir. Birinci mərhələ ideoloji çərçivədəki mübarizə dövrünü əks etdirir və burada Bəxtiyar Vahabzadə sözün məhdudiyyət içində azadlıq axtarışına çıxır. İkinci mərhələ azad düşüncə və milli dirçəliş dövrünə həsr olunur; bu mərhələdə vətəndaşın öz Vətəninə, dilinə və tarixinə qayıdışı əsas ideya xəttini təşkil edir. Üçüncü mərhələ isə mənəvi simvolizmin poeziyası kimi səciyyələndirilir və burada söz, ruh və zaman anlayışları birləşərək şairin yaradıcılığında fəlsəfi bütövlük yaradır.
Professor Ramazan Qafarlı məruzəsində vurğulayıb ki, Bəxtiyar Vahabzadə həm dövrünün vicdanı, həm də xalqının ruh səsi kimi tarixə düşmüş sənətkardır. Onun poeziyası milli düşüncənin, mənəvi azadlığın və vətəndaşlıq məsuliyyətinin bədii təcəssümüdür. “Şairin “Gülüstan”, “İstiqlal”, “İki qorxu”, “Fəryad”, “Dar ağacı” kimi poemaları Azərbaycan milli kimliyinin və mənəvi suverenliyinin bədii-fəlsəfi manifestidir”, – deyə alim vurğulayıb.

Vahabzadə poeziyasını semantik, arxetipik, mifoloji-folklor, funksional, psixosemantik, poetik-fəlsəfi və semiotik-sinergetik aspektlərdə təhlil edən professor Ramazan Qafarlı qeyd edib ki, onun əsərləri “fikirdən fəlsəfəyə, duyğudan ideyaya” doğru yüksələn mənəvi spiral yaradır və Azərbaycan milli kimliyinin poetik manifesti kimi dəyərləndirilir.
Sonda məruzəçi vurğulayıb ki, Bəxtiyar Vahabzadə yalnız bir şair deyil, xalqın özünü dərk etmə prosesinin memarı, mənəvi enerjinin katalizatoru və sözün vicdanla qovuşduğu məqamın təcəssümüdür. Onun sənəti milli poeziyanın gələcəyinə yönəlmiş mənəvi enerji axını – “keçmişin yaddaşından doğan gələcək” kimi təqdim edilir.

İnstitutun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanova “Bəxtiyar Vahabzadə poeziyası folklor kontekstində” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Azərbaycan poeziyasında vətənpərvərlik ruhunun güclənməsində, şeirimizin sənətkarlıq imkanlarının genişlənməsində Xalq şairi Bəxtiyar Vahabzadənin xüsusi xidmətləri olub. Onun istər fəlsəfi məzmun daşıyan ahəngdar lirikası, istər insan talelərinin güzgüsü olan poemaları, istərsə də həyati konfliktlər əsasında qurulmuş pyesləri ədəbiyyatımızın parlaq bir səhifəsini təşkil edir. Çağdaş insanın taleyi və daxili aləmi haqqında incə duyğuların, narahat düşüncələrin tərənnümçüsü olan Bəxtiyar Vahabzadə hər şeydən əvvəl xalq ruhuna bağlılığı əsas meyar kimi götürmüş, qələmə aldığı hər bir əsərə məhz bu prizmadan yanaşmışdır.
“Bəxtiyar Vahabzadə poeziyasında özünü göstərən yüksək bədii ümumiləşdirmələr, zəngin şair təxəyyülü, sənətkarın demək istədiyi fikirlər xalq yaradıcılığı fonunda – onun obraz, motiv, süjet və qaynaqlarından bəhrələnməklə oxucu qarşısına mühüm sənət əsəri kimi çıxır”, – deyə məruzəçi çıxışını yekunlaşdırıb.

Filologiya üzrə fəlsəfə doktoru dosent Gülsümxanım Hasilova isə “Bəxtiyar Vahabzadə yaradıcılığında xalq deyimləri” mövzusunda çıxış edərək, şairin əsərlərində yer alan xalq deyimləri və atalar sözlərini təhlil edib. Alim qeyd edib ki, Bəxtiyar Vahabzadə xalq deyimlərindən yalnız sitat olaraq istifadə etməmiş, onları yenidən yaradaraq poetik biçimdə yeni həyat verib. Bu yanaşma şairin milli kimliyi qorumaq və xalq müdrikliyini gələcək nəsillərə çatdırmaq məqsədinə xidmət edir. “Onun əsərlərindəki atalar sözləri və məsəllər xalq ruhunun ifadəsi olan nümunələr kimi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat arasında möhkəm bir körpü yaradır”, – deyə Gülsümxanım Hasilova vurğulayıb.

“Bəxtiyar Vahabzadə yaradıcılığında rəqəmlərin simvolikası” mövzusunda məruzə edən filologiya üzrə fəlsəfə doktoru dosent Şəbnəm Məmmədova qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasına orijinal üslub, dərin fəlsəfi məzmun və milli ruh gətirən görkəmli söz ustadıdır. Onun yaradıcılığında xalq ədəbiyyatı, folklor və mifoloji düşüncə ilə müasir poetik təfəkkürün sintezi xüsusi yer tutur. Şairin bədii irsində diqqətçəkən cəhətlərdən biri də rəqəmlərin simvolik mənada işlədilməsidir.
Bəxtiyar Vahabzadə rəqəmləri sadəcə say ifadəsi kimi deyil, poetik-fəlsəfi məna daşıyıcısı kimi təqdim edir. Onun “Azərbaycan oğluyam”, “Zaman”, “An-min il”, “Təlatüm”, “Təklik”, “Anamın kitabı” və s. kimi şeirlərində “bir”, “iki”, “üç”, “yüz”, “min” rəqəmləri dərin semantik çalarlar qazanır. “Bir” rəqəmi vəhdəti, bütövlüyü və milli birliyi; “yüz” və “min” rəqəmləri isə çoxluq, davamlılıq və sonsuzluğu simvolizə edir. Şair folklor ənənələrindən gələn bu simvolları poetik təfəkkürün bədii dilinə çevirərək həm milli, həm də ümumbəşəri ideyaları ifadə etməyə nail olur. Rəqəmlərin onun yaradıcılığında zaman, həyat, ölüm, vətən və insan anlayışları ilə əlaqəli işlənməsi Bəxtiyar Vahabzadə poeziyasının fəlsəfi-psixoloji dərinliyini artırır.
Elmi sessiyada, həmçinin Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova, Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova, Azsaylı xalqların folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Oruc Əliyev, Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimova, Folklor və Yazılı Ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova və Azsaylı xalqların folkloru şöbəsinin kiçik elmi işçisi Cəmilə Novruzova çıxış edərək Bəxtiyar Vahabzadənin bədii yaradıcılığının poetik xüsusiyyətlərinə, xalq ədəbiyyatı ilə əlaqəsinə və şairin əsərlərindəki milli dəyərlərin roluna dair dəyərli fikirlərini bölüşüblər.
Elmi sessiya Folklor İnstitutunda təcrübə keçən Xəzər Universitetinin IV kurs tələbələri – Nəzrin Şahsuvarlı və Fidan Bağırlının şairin yaradıcılığı barədə düşüncələri və səsləndirdikləri poeziya nümunələri ilə davam edib.
Sonda Hikmət Quliyev Bəxtiyar Vahabzadə yaradıcılığına həsr olunmuş elmi sessiyada təqdim olunan məruzələri yüksək qiymətləndirərək Çingiz Aytmatovun şair haqqında səsləndirdiyi məşhur fikri xatırladıb: “Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmağı bacarasan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən”. Alim qeyd edib ki, bu sözlər Bəxtiyar Vahabzadə yaradıcılığının əsas mahiyyətini ifadə edən dəyərləndirmədir. Çünki onun poeziyasında xalqın dili, düşüncəsi və folklor yaddaşı bütöv bir mənəvi sistem kimi yaşayır və milli şüurun bədii ifadəsinə çevrilir.
00:30 25.10.2025
Oxunuş sayı: 996