Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb




Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunan, dahi bəstəkar, musiqişünas və pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən silsilə ustad dərsləri başa çatıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Bakı, Sumqayıt və Xırdalanda gerçəkləşən, 8-18 oktyabr tarixlərini əhatə edən layihə musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, layihə çərçivəsində oktyabrın 13-də Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində violonçel ixtisası üzrə ustad dərsi təşkil olunub. Dərs Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası İfaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə tərəfindən aparılıb.
Oktyabrın 14-də Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində xanəndəlik ixtisası üzrə ustad dərsi keçirilib. Dərs Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist, xanəndə Təyyar Bayramovun iştirakı ilə gerçəkləşib.
15 oktyabrda Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbində tar ixtisası üzrə ustad dərsi təşkil edilib. Görkəmli tarzən, pedaqoq, Xalq artisti, professor Vamiq Məmmədəliyev tərəfindən aparılan dərsdə bir sıra regional məktəblərin müəllim və şagirdləri də iştirak ediblər.
Oktyabrın 16-da Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində saz ixtisası üzrə ustad dərsi keçirilib. Dərs Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyevin iştirakı ilə baş tutub.
Oktyabrın 17-də Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə ustad dərsi təşkil olunub. Dərs Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu, professor Könül Hüseynova tərəfindən aparılıb. Həmin gün 33 nömrəli uşaq musiqi məktəbində klarnet ixtisası üzrə ustad dərsi də reallaşıb. Dərs Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Anar Məmmədovun iştirakı ilə keçirilib.
Layihənin sonuncu günündə-oktyabrın 18-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadənin iştirakı ilə rəqs ixtisası üzrə ustad dərsi baş tutub. Eyni gün Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində vokal ixtisası üzrə ustad dərsi keçirilib. Dərs Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar artist Zenfira İsmayılova tərəfindən aparılıb.
Ustad dərslərinin əvvəlində MEMİM-in şöbə müdirləri - sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova, mərkəzin mütəxəssisi Leyla Rzayeva, eləcə də Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Zaur Cəfərov layihənin istedadlı uşaq və gənclərin inkişafındakı xüsusi önəmindən danışıblar. Qeyd olunub ki, 12 ixtisas üzrə keçirilən ustad dərslərinin Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilməsi təsadüfi deyil. Dahi bəstəkar görkəmli təhsil təşkilatçısı kimi ölkəmizdə musiqi tədrisinin formalaşması və inkişafında mühüm rol oynayıb.
Tanınmış mütəxəssislər tərəfindən aparılan ustad dərslərində müəllim və şagirdlərə dəyərli tövsiyələr verilib. Bu tövsiyələr onların peşəkar inkişafı və gələcək fəaliyyətləri üçün xüsusi əhəmiyyət kəsb edir.
Ustad dərsləri musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsi məqsədilə həyata keçirilib.
Qeyd edək ki, böyük musiqi xadimi Üzeyir Hacıbəylinin 140 illiyinə töhfə olan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə edib.
Ayan Sədi
10:23 22.10.2025
Oxunuş sayı: 1435