Rusiya-Ukrayna müharibəsi yüz il davam edəcək? - Sensasion açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev hətta beynəlxalq təzyiq yalnız Ukrayna tərəfinə yönəlsə belə Rusiyanın danışıqların heç bir konfiqurasiyasında qələbəsinə imkan verməyəcək.
Onun sözlərinə görə, bir çox şey danışıqların hansı formada keçiriləcəyindən asılıdır: "Əgər təzyiq yalnız Ukraynaya olarsa - heç kim qalib çıxmayacaq. Biz rusiyalılara qələbə qazanmağa imkan verməyəcəyik".
ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də bildirib ki, növbəti iki həftə ərzində Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyinə ümid edir.
Rusiya ilə Ukrayna arasındakı müharibənin sonu görünmür. Nə Moskva güzəştə gedənə oxşayır, nə də Kiyev. Sanki “daş qayaya rast gəlib”...
Zelenskinin səsləndirdiyi fikirlər fonunda Şərqi Avropadakı müharibənin taleyi barədə Crossmedia.az-a danışan politoloq Natiq Miri söyləyib ki, Ukrayna dövləti özünə gəlir, müdafiə potensialını, xüsusilə də hərbi sənaye kompleksini inkişaf etdirməyə çalışır və bu istiqamətdə ciddi uğurlar qazanır: “Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr məhz ölkənin müasir texnologiyalar əsasında istehsal etdiyi dronlar sayəsində mümkün olub. Digər tərəfdən, Ukrayna artıq öz ballistik və qanadlı raketlərini də istehsal etməyə başlayıb. Sadəcə, bu silahların toplanması və istehsal prosesinin genişlənməsi üçün müəyyən zamana ehtiyac var. Bu da o deməkdir ki, Ukrayna artıq müstəqil şəkildə Rusiyanın dərinliklərində yerləşən hərbi-strateji və enerji infrastruktur obyektlərini məhv etmək imkanına malikdir. Doğrudur, bu sahədə Ukraynanın maliyyə dəstəyinə ehtiyacı qalır. Lakin bu istiqamətdə “könüllülər koalisiyası” adlandırılan bir birliyə formalaşıb. Bu koalisiyaya Avropa İttifaqının aparıcı ölkələri, üzv dövlətləri və NATO-ya daxil olmayan digər müttəfiq ölkələr daxildir. Onlar da Ukraynaya yardım etməyə davam edirlər”.
Müsahibin sözlərinə görə, hətta Niderlandda Ukraynanın raket və dron istehsalı üçün xüsusi müəssisələrin yaradılması planlaşdırılıb və bu məqsədlə milyonlarla avro vəsait ayrılıb: “ Bütün bunlar Ukraynanın imkanlarını artırır. Ona görə Zelenskinin dedikləri tamamilə doğrudur: Rusiyanın qalib gəlmək imkanı artıq real görünmür. 2025-ci ilin yaz-yay əməliyyatları çərçivəsində Rusiyanın əldə etdiyi ərazilər minimum səviyyədədir və onların da əhəmiyyətli bir hissəsi Ukraynanın əks-hücum əməliyyatları nəticəsində geri qaytarılıb. Hazırda Donbasın, yəni Donetsk vilayətinin 9 min kvadrat kilometri hələ də Ukraynanın nəzarətindədir. Bu əraziləri işğal etmək Rusiyanın imkanları çərçivəsində deyil. Halbuki, 2025-ci ilin əməliyyat planına əsasən, həm Donetsk, həm də Luqansk vilayətlərini tam inzibati sərhədlərinə qədər işğal etmək, ardınca Dnepropetrovsk, Zaporojye, Sumı və Xarkov istiqamətində irəliləyərək bufer zona yaratmaq hədəfi qoyulmuşdu. Lakin bu məqsədlərə nail ola bilmədilər”.
N.Miri qeyd edib ki, Rusiyanın qalib gəlmək imkanı olmadığı halda, Ukrayna prezidentinin Donetskin işğal olunmayan ərazilərini döyüşsüz şəkildə Rusiyaya təhvil verməsi absurddur:
“Bunu heç bir Ukrayna rəhbəri edə bilməz. Belə bir addım atılacağı təqdirdə, Ukrayna ordusu dərhal siyasi hakimiyyəti devirərdi. Çünki bu qərarı nə əsgərlərə, nə də minlərlə itki vermiş xalqa izah etmək mümkün olmazdı. Bu qədər itki və məhrumiyyətlər ona görə qəbul olunub ki, Ukrayna dövləti və əraziləri qorunsun, Rusiya işğalı dayandırılsın. Ukrayna xalqı öz şərəfini və ləyaqətini müdafiə edir. Buna görə də bu günə qədər döyüşür, dirənir və dəfələrlə Rusiya ordusuna ciddi itkilər verdirir. Ona görə istər ABŞ Prezidenti, istərsə də onun nümayəndələri Ukraynaya təzyiq göstərsələr belə, düşünürəm ki, Ukrayna rəhbərliyi ərazi itkiləri ilə bağlı heç bir razılaşmaya getməyəcək. Çünki vəziyyət artıq dəyişib. Putinin yalan vədlərinə, Trampa təqdim etdiyi saxta məlumatlara baxmayaraq, cəbhə xəttində tam fərqli mənzərə hökm sürür”.
Politoloq bildirib ki, hazırda cəbhənin bütün istiqamətlərində kütləvi hücumlar müşahidə olunur, lakin heç bir ciddi irəliləyiş yoxdur:
“Rusiya ordusu böyük itkilər versə də, yalnız cüzi addımlarla hərəkət edə bilir. Bu templə irəliləsələr, Ukraynanın bəzi böyük şəhərlərini işğal etmək üçün onlara bir əsr — yüz il gərək olacaq. Belə bir şəraitdə, müharibəni maliyyələşdirməkdə ciddi çətinliklər yaşayan Rusiya qarşısında, Ukraynanın öz ərazilərini könüllü şəkildə təhvil verməsi mümkünsüzdür. Ukrayna nə indi, nə də gələcəkdə ərazilərini Rusiyaya peşkəş etməyəcək”.
Sonda o, qeyd edib ki, konkret nəticəyə gəldikdə, əslində, ilk gündən də dediyimiz kimi, qərb ekspertləri və qərb dövlətlərinin rəhbərləri “Blitzkriq”, yəni ildırım sürətilə bir həftəyə bütün Ukraynanın işğal olunacağını, Kiyevin isə təslim olacağını proqnozlaşdırırdılar:
“Ancaq ilk gündən dediyimiz kimi, Ukrayna qalibdir. Çünki bu müharibədə ədalətli tərəf Ukraynadır, Ukrayna xalqıdır. Ukrayna xalqı həqiqətən də döyüş cəsarəti və rəşadəti nümayiş etdirir. Haqlı olduqları üçün onlar psixoloji və mənəvi cəhətdən də güclüdürlər. Buna görə də Ukrayna qalib gəlir. Nəticə artıq bəllidir: Rusiya ilk gündən uduzub, uduzmağa da davam edir. Nəticədə Ukrayna öz dövlətinin çökməsinin qarşısını alacaq, toparlanacaq və yenidən bərpa olunacaq. Ancaq Rusiyanın gələcək taleyi qeyri-müəyyəndir. Çünki Ukraynaya işğal əmri verməklə Rusiya rəhbərliyi özünü böyük bir bataqlığın içinə saldı. Hələ də bu bataqlıqdan çıxmaq üçün müxtəlif oyunlar qurur, fərqli təkliflər irəli sürürlər. Lakin düşünürəm ki, bunların heç biri işə yaramayacaq”.
Türkanə Məşədiyeva
22:33 20.10.2025
Oxunuş sayı: 2698