Vens Avropanı ABŞ texnologiyalarından asılılıqda ittiham etdi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Avropa ölkələrini Amerikanın texnologiya şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etməkdə, eyni zamanda onların xidmətlərindən asılı olmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, Vens bu barədə “SpaceX” şirkətinin “Starlink” peyk rabitəsi xidmətindən danışarkən bildirib.
Onun sözlərinə görə, Avropa ölkələrinin əksəriyyəti “SpaceX”ə qarşı tənzimləmə və lisenziyalaşdırma sahəsində məhdudlaşdırıcı siyasət yürüdür.
“Avropa ölkələri demək olar ki, yekdilliklə ‘SpaceX’ə qarşı tənzimləmə və lisenziyalaşdırma müharibəsi aparmaq qərarına gəliblər. İndi isə hamısı ‘SpaceX’ə müraciət edərək ehtiyac duyduqları xidmətləri göstərməsini xahiş edirlər”, – deyə Vens bildirib.
Vitse-prezident Avropa ölkələrinin ABŞ texnologiyalarından, şirkətlərindən və hərbi imkanlarından ciddi şəkildə asılı olduğunu vurğulayıb.
“Bu, Prezidentin illərdir danışdığı məsələlərdən birini bir daha göstərir. Avropa ölkələri Amerika texnologiyalarından, şirkətlərindən və ordusundan asılıdır. Eyni zamanda, Avropanın siyasi liderləri bu qədər ehtiyac duyduqları ABŞ-ı və müttəfiqlərini tənqid etməyi sevirlər”, – deyə o qeyd edib.
Qeyd edək ki, Avropa İttifaqının peyk rabitəsi bazarı ilə bağlı təklif etdiyi yeni tənzimləmələr ABŞ şirkətlərinin, o cümlədən “SpaceX”in bazara çıxışını məhdudlaşdıra bilər. Vaşinqton isə bu addımların transatlantik iqtisadi münasibətlərə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
18:25 22.10.2026
Oxunuş sayı: 56