BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və digər partlayıcı müharibə qalıqları ilə çirklənib. İndiyədək həmin ərazilərin yalnız 24,3 faizi təmizlənib.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi ilə keçirilən interaktiv dialoq zamanı bildirib.
O qeyd edib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, eləcə də məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ciddi maneə yaradır. 2020-ci ildən bəri mina hadisələri nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, 400-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb.
Şəhriyar Hacıyev vurğulayıb ki, münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə 16 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Böyük Qayıdış Proqramı çərçivəsində hazırda 48 yaşayış məntəqəsində 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.
Azərbaycan diplomatı mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq yardımın artırılmasının və məsuliyyət məsələsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Ş. Hacıyev əvvəlki çıxışnda BMT və digər müvafiq beynəlxalq təşkilatları öz mandatları çərçivəsində itkin düşmüş şəxslərlə bağlı axtarışların aparılması, məlumat mübadiləsinin asanlaşdırılması, məhkəmə-tibb ekspertizasının inkişaf etdirilməsi və zərərçəkmiş ailələrə dəstəyin artırılmasında daha fəal rol oynamağa çağırıb.
18:26 22.10.2026
Oxunuş sayı: 60