Hərbi komissarın məhkəməsində şahid ifadə verib

Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq
rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş
zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət
işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Crossmedia.az xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə şahid ifadə verib.
Cinayət
işi üzrə şahid qismində tanınan Ülfət Məmmədov bildirib ki, Xəzər Tibb Mərkəzində
stomatoloq işləyir və Xəzər Rayon Hərbi Komissarlığında tibbi komissiyanın
üzvüdür:
“Maya
Qocayeva və Taleh Rüstəmov qonşumdur. Oğulları Fuad Rüstəmov imtahandan
kəsilmişdi. Növbəti dəfə imtahan vermək üçün ona hərbi xidmətdən möhlət lazım
idi. Mənə dedilər. Mən də Ramin Şükürova yaxınlaşdım. Ona həmin şəxsin gözündə
və ayağında probleminin olduğunu dedim. Çağırışçının onun yanına gəlməsini mənə
tapşırdı. Bir-iki gün sonra Maya xanım məndən işlə maraqlanmağımı istədi. Mən
Ramindən məlumat istədim və dedim ki, ailənin vəziyyəti yaxşı deyil, 4 min
manat verə bilərlər. Razılaşdıq. Mən Maya xanımdan məhəllədən pulu götürdüm və
komissarlığa getdim. Ramin dedi ki, pulu 6-cı otaqda Xalid Əzizova ver. Mən də
pulu sənədlərin arasına qoyub otağa təhvil verdim. Dediyi kimi də etdim.
Xalidin bundan xəbəri yox idi. Biz həmin pulu rüşvət kimi deyil, “şirinlik”
kimi vermişik”.
Məhkəmə
şahidin ibtidai istintaqa verdiyi ifadəni elan edib.
Şahid
ibtidai istintaqda bildirib ki, təqsirləndirilən Ramin Şükürov ona bəzi şəxslərin
6 min, bəzilərinin 8 min verdiyini deyib. Lakin mən ailə vəziyyətinin aşağı
olduğunu deyəndə 4 min manata razılaşdıq. Mən pulu götürüb komissarlığa getdim.
Ramin mənə pulu Xalid Əzimova verməyimi istədi. Mən pulu verdim. Xalid məndən pulu alandan sonra
onları saydı”.
Şahidin ifadələri arasında ziddiyyət olub. Şahid
məhkəməyə verdiyi ifadəni təsdiq edib.
Şahid bildirib ki, ibtidai istintaqa həyacanlı olduğu
üçün belə ifadə verib.
“İstintaq orqanına çağırıldım, amma səbəbi bilmirdim.
Yolda fikirləşdim ki, kimsə dişinin ağrısına dözməyib, əsəbiləşib, Prezidentə,
daxili işlər naziri Vilayət Eyvazova şikayət edib. İndi də həyacanlıyam. İlk
dəfədir məhkəmədə ifadə verirəm”.
Məhkəmə 15 oktyabrda davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət
Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin
qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin
311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci
maddələri ittiham irəli sürülüb.
Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma
növündə əlavə qətimkan tədbiri seçilib.
18:31 01.10.2025
Oxunuş sayı: 909