Qol saatına görə qohumunu bıçaqladı- HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub.
Crossmedia.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasını hökm edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Azad Əliyevin 5 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Xatırladaq ki, hadisə bu il yanvarın 15-də Sabunçu rayonu Kürdəxanı ərazisində baş verib. Hadisəyə səbəb Azad Əliyevin Röyal Mustafayevdən müddətlik aldığı qol saatını geri qaytarmaması olub.
Belə ki, Azad Əliyev Kürdəxanı kəndində Röyal Mustafayevin qohumları ilə birlikdə yaşadığı evin qarşısına gəlib onu həyətə çağıraraq, mübahisə edib. Mübahisə vaxtı A.Əliyev cibindən çıxardığı bıçaqla Mustafayevin böyründən iki dəfə vurmaqla sağlamlığına ağır zərər vurub.
Faktla bağlı cinayət işi başlanılıb, Azad Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.(Lent.az)
15:36 09.10.2026
Oxunuş sayı: 187