Deputat: Zəngilan ölkəmizin ən dinamik şəkildə bərpa olunan bölgələrindəndir
Zəngilan şəhərinin tarixi Azərbaycanın taleyində dönüş nöqtəsinə çevrilən hadisələr, xalqımızın mübarizə əzmi və doğma torpaqlara qayıdış iradəsi ilə sıx bağlıdır. Uzun illər işğal altında qalan bu qədim yurdun azadlığı milli yaddaşımızda xüsusi yer tutur. 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun Zəngilan şəhərini işğaldan azad etməsi Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyan hadisələrdən biri oldu. Bu qələbə yalnız ərazi bütövlüyümüzün bərpası istiqamətində atılmış mühüm addım deyil, həm də onilliklər boyu doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsinə doğru atılan tarixi addım idi. Zəngilanın azadlığı Azərbaycanın hərbi qüdrətini, xalq-ordu birliyini və dövlətimizin qətiyyətini və Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətini bütün dünyaya nümayiş etdirdi. Bu gün şəhərin adı qələbə, dirçəliş və milli iradə anlayışları ilə yanaşı çəkilir. İşğaldan sonrakı dövrdə Zəngilanda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı şəhərin həyatında yeni mərhələnin əsasını qoyur. Bir zamanlar həsrət və ayrılıqla xatırlanan Zəngilan bu gün Azərbaycanın quruculuq əzminin, gələcəyə inamının və Böyük Qayıdışın rəmzlərindən birinə çevrilir. Zəngilan Şəhəri Günü isə bu tarixi qələbəni yad etmək, şəhidlərimizin əziz xatirəsini ehtiramla anmaq və azad edilmiş torpaqlarda yenidən canlanan həyatın əhəmiyyətini vurğulamaq baxımından xüsusi məna daşıyır.
Zəngilan şəhəri günü münasibətilə Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, 2020-ci ilin bu günündə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz Zəngilan şəhərini və onun ətraf kəndlərini erməni işğalından azad edərək tariximizin qürurlu səhifəsinə növbəti qələbəni həkk etdi: “2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etməsi 44 günlük Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyan hadisələrdən biri oldu. Bu tarixi hərbi uğur Azərbaycanın cənub-qərb istiqamətində hərbi mövqelərini möhkəmləndirdi, sonrakı əməliyyatların, o cümlədən şanlı ordumuzun Qubadlı istiqamətində irəliləməsi üçün əlverişli şərait yaratdı. Eyni zamanda, Zəngilanın azad edilməsi, rayonun strateji coğrafi mövqeyi baxımından dövlət sərhədlərinin bərpası və təhlükəsizliyin təmin olunması istiqamətində də mühüm əhəmiyyət daşıyırdı. Belə ki, rayonun işğaldan azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında olan hissəsi üzərində nəzarət bərpa olundu, ölkəmizin ərazi bütövlüyünün və sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tarixi nəticə əldə edildi. Bu tarixi qələbə Müzəffər Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun peşəkarlığının, əsgər və zabitlərimizin qəhrəmanlığının, xalqımızın birliyinin təcəssümü idi”.
S. Məmmədov qeyd edib ki, işğaldan azad edilən Zəngilan şəhəri bu gün ölkəmizin ən dinamik şəkildə bərpa olunan bölgələrindən biridir:
"Zəngilanda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri yalnız dağıdılmış infrastrukturun yenidən qurulmasını deyil, həm də müasir yaşayış məntəqələrinin salınmasını, sosial-iqtisadi imkanların genişləndirilməsini və yeni iş yerlərinin yaradılmasını əhatə edir. Yol-nəqliyyat, enerji, su təchizatı, təhsil və səhiyyə infrastrukturunun bərpası əhalinin doğma torpaqlarına qayıdışı və burada dayanıqlı həyat şəraitinin təmin olunması üçün mühüm əsas yaradır. Bununla yanaşı, yaradılan infrastrukturun real iqtisadi nəticələrə çevrilməsi, yeni iş yerlərinin açılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi əsas prioritetlərindəndir. Məhz infrastruktur quruculuğunun iqtisadi fəallıq, sosial rifah və əhalinin doğma yurda qayıdışı ilə uzlaşdırılması Zəngilanın dayanıqlı inkişafını təmin edəcəkdir.
Bütün bunlar göstərir ki Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə kompleks yanaşır, uzunmüddətli inkişaf strategiyası və Böyük Qayıdış siyasəti ardıcıl şəkildə icra olunur.
Zəngilanın bərpası və tarixi-mədəni irsinin dirçəldilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunması Fondun işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsimizin qorunması və milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətinin təcəssümüdür. Heydər Əliyev Fondunun bu sahədə reallaşdırdığı layihələr tarixi abidələrimizin yaşadılmasına, xalqımızın zəngin mədəni irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə böyük töhfə verir”.
Ayhan
21:13 20.10.2026
Oxunuş sayı: 72