İşgəncəyə məruz qalan azyaşlı Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdiriləcək və qəyyumluq ləğv ediləcək

Bakı şəhərinin Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır.
"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Crossmedia.az-a bildirib ki, bu məsələdə qonşular böyük yanaşma sərgiləyiblər: "Ən xoş olanı isə o idi ki, qonşular uşağın müdafiəsinə qalxdılar. Bütün ictimaiyyətə müraciət etdilər, həmçinin kömək almasına dəstək oldular. Bir tərəfdən də bizə göndərilmişdi, biz onu ictimailəşdirib qurumların hamısını bu məsələyə qoşduq. Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi, icra hakimiyyəti, sosial xidmətlər, hətta sonda Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi də qoşuldu. Çünki uşağı xəstəxanaya yerləşdirmək lazım idi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə – hamı bu dəqiqə uşağın məsələsi üzərində çalışır və müxtəlif qurumlar cinayət işinin başlanması ilə məşğuldur. Hazırkı məqamda araşdırma gedir. Uşaq xəstəxanaya yerləşdirilib. Mən xahiş etdim ki, müəyyən etsinlər, orqanlarında hər hansı xəsarət varmı. Tam müayinədən keçsin. Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdiriləcək və qəyyumluq ləğv ediləcək."
Daha əvvəl Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub.
Qeyd edək ki, sentyabrın birində Bakı şəhərinin Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma başladılıb. "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, azyşalının zorakılığa məruz qalması barədə qonşular məlumat veriblər.
Mehriban Yariyeva
15:32 02.09.2025
Oxunuş sayı: 1257