Azərbaycan Prezidenti: Artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir

“Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb, çünki Azərbaycan Ermənistanın ərazisini işğal etməyib, onlar bizim ərazimizi işğal etmişdilər. Buna görə də bu illər ərzində çətin şəraitdə yaşayan çox sayda qaçqın və məcburi köçkünlərimiz oldu”.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“Biz hətta işğal dövründə də köçürülmə proqramını həyata keçirdik, çünki onların tam əksəriyyəti on ildən artıq müddətdə çadır düşərgələrində yaşayırdı. Prezident seçildiyim andan çadır düşərgələrinin ləğvi prosesinə başladıq və bu işi 2007-ci ildə tamamilə yekunlaşdırdıq. Buna baxmayaraq, minlərlə, on minlərlə soydaşımız uzun illər çox ağır şəraitdə yaşamaqda davam edirdi. Hazırda isə “Böyük Qayıdış” Proqramı çərçivəsində onların doğma yurdlarına qayıdışı prosesinə start verilib. Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir”, - Azərbaycan Prezidenti bildirib.
10:56 27.08.2025
Oxunuş sayı: 878