Azərbaycan Prezidenti: Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar

“Bu suala cavab vermək üçün bir qədər tarixə nəzər salmalıyam və tamaşaçılara izah etməliyəm ki, necə oldu Azərbaycan iki yerə bölündü. Bu, Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi”.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində müxbirin “Cənab Prezident, əldə edilən bu razılaşmadan irəli gələn əsas məsələlərdən biri də Azərbaycanın arzusu olan və ya bəzilərinin “Tramp marşrutu” adlandırdıqları Zəngəzur dəhlizinin reallaşmasıdır. Mənim sualım belədir: “Necə oldu ki, “Tramp marşrutu” ideyası ortaya çıxdı? Həmin marşrut Azərbaycana hansı mərhələləri vəd edir? Bu isə təbii ki, Sizin dəstəyinizlə baş tutacaq. Bu keçid Azərbaycanla Avropa arasında mühüm strateji rol oynayacaqmı?” sualına cavab verərkən deyib.
“1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. 1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı”, - dövlət başçısı vurğulayıb.
10:53 27.08.2025
Oxunuş sayı: 986