“Ermənistanda qeydiyyata alınacaq şirkətin səhmlərinin Ermənistan və ABŞ arasında bölüşdürülməsi nəzərdə tutulur” - Kostanyan

İRNA-ya verdiyi müsahibədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan regionda ABŞ-nin və ya hər hansı üçüncü tərəfin mövcudluğu ilə bağlı İrəvanın mövqeyindən danışıb.
Crossmedia.az xəbər verir ki, Kostanyan ABŞ-nin regional ölkələrə qarşı mənfi rol oynamayacağını bildirib.
“O razılaşma və ABŞ-nin rolu ilə bağlı Tehranın narahatlıqlarına gəldikdə isə deməliyəm ki, bu, dünən və bu gün bizim müzakirələrimizin əsas mövzularından biri idi. Mən buraya Ermənistanın İranın mülahizələrini nəzərə aldığı və bu həssas məqamların “Tramp layihəsi” kimi tanınan nəqliyyat əlaqəsi layihəsi üzrə ilkin danışıqlarda nəzərə alındığı mesajı ilə gəlmişəm. Bu layihənin bəzi detalları artıq müəyyən olunub və razılaşdırılıb, mən bunları İran tərəfinə bildirdim və onları ictimaiyyətə açıqlamağa hazıram”, - deyə Ermənistan xarici işlər nazirinin müavini vurğulayıb.
Kostanyan deyib ki, Ermənistanda qeydiyyata alınacaq şirkətin səhmlərinin Ermənistan və ABŞ arasında bölüşdürülməsi nəzərdə tutulur.
“Ermənistanda qeydiyyata alınacaq şirkətin səhmlərinin Ermənistan və ABŞ arasında bölüşdürülməsi nəzərdə tutulur, lakin bu, ABŞ-nin regionun təhlükəsizlik sahəsində iştirakı demək deyil. Biz başa düşürük ki, bu, İran tərəfinin əsas narahatlıqlarından biri idi və mən hesab edirəm ki, bu məsələ həll olunub”, - deyə o qeyd edib.
09:46 15.08.2025
Oxunuş sayı: 803