8 Noyabrdan 8 Avqusta...

Prezident İlham Əliyevin böyük liderliyi ilə möhtəşəm zəfər yaşantılarımız
davam edir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Vaşinqtondan özünün sosial şəbəkə profilində paylaşım edərək, Prezident İlham
Əliyevin müharibədə qalib gəldiyi kimi, sülhü də qazandığını vurğuladı. Əlbəttə,
sülhü qazanmaq asan başa gəlmir. Əvvəla, sülh ədalətli olmalıdır. Digər tərəfdən,
tarixdə bir çox fakt var ki, ayrı-ayrı dövlətlər döyüş meydanlarında əldə
etdiklərini danışıqlar masasında itiriblər. Deməli, qazanılanı qorumaq vacibdir.
Məhz bu mənada dövlətimizin başçısının fəaliyyəti örnəkdir. Ədalətli sülhə nail
olaraq qələbəni qorumaq örnəyi.
Ədaləti qorumaq, öz xalqının maraq və mənafelərinin müdafiəsində
ardıcıl və prinsipial davranmaq müstəsna məharət tələb edir. Ancaq heç də hər
liderdə bu məharət olmur.
Beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslər, nəhəng
təbəddülatlar fonunda hadisə və proseslərin necə cərəyan edəcəyini müəyyənləşdirmək
bacarığına malik çox az dövlət başçısı tapılar. Nəzərə alaq ki, hər prezident,
yaxud hökumət rəhbəri lider statusunu daşımır. Xoşbəxtlikdən, Azərbaycanın dövlət
başçısı məhz belə bir liderdir və biz bu günlərdə İlham Əliyev liderliyinin
daha bir təntənəsini yaşadıq. Elə bir təntənə ki, təəssüratı hər birimizə
inanılmaz qürur və fəxarət hissi yaşatmaqdadır.
Yaşadığımız dünya dərin və geniş çalxalanma mərhələsindədir.
Müharibələr, qarşıdurmalar, toqquşmalar, ümumən qeyri-adi proseslər insanları gərgin
duruma salır, hədsiz narahatlıq və nigaranlıq yaradır. Qarşıda bəşəriyyəti nələrin
gözlədiyinə dair ən müxtəlif ehtimallar isə bir çox hallarda subyektivizmin təsirinə
məruz qalır. Amma hətta belə çətin şəraitdə də xalq olaraq qəti şəkilə əminik:
siyasi idarəçilikdə, çoxplanlı fikir və düşüncələrində, əhatəli
hesablamalarında əsla yanılmayan, tutduğu yolda dönməyərək sarsılmaz xarakter
nümayiş etdirən məhz Azərbaycan
lideridir – Prezident İlham Əliyevdir. Xalqımızı Zəfərə daşıyan da dövlətimizin
başçısının bu xarakteridir. Bu xarakter Azərbaycana ardıcıl parlaq zəfərlər,
onun özünə isə Müzəffər Ali Baş Komandan ünvanı qazandırıb.
2020-ci ilin Vətən müharibəsi başlayan andan indiyədək Ali
Baş Komandan İlham Əliyevin söylədiyi fikirlər dillər əzbərinə, zərb-məsəllərə
çevrilib. Bu gün dövlətimizin başçısının yüksək praqmatizmə əsaslanmış
addımları hər bir azərbaycanlının iftixar mənbəyidir. O addımlar Azərbaycanı, əslində
isə ümumən Cənubi Qafqazı 8 avqust 2025-ci il tarixi Zəfərinə apardı və ötən
beş ilin uğurlar salnaməsinin həlledici qələbə ilə başa çatdığını tam əminliklə
vurğulamaq mümkündür.
Prezident İlham Əliyevin əminliyi və qətiyyəti yaşadığımız
qarışıq və nigaran zamanda ən ümdə təskinliyimiz və təsəllimizdir. Elə bir təskinlik
ki, Prezidentin bu tarixi ABŞ səfəri kimi nəhəng reallıq üçün sonsuz inam
yaratdı. Elə bir təsəlli ki, üzümüzə Ağ Evin qapılarının da açılacağına heç bir
şübhə yeri qoymadı. Çünki İlham Əliyevin liderliyi öz gücünü birinci növbədə
xalqın etimadından, möhtəşəm siyasi zəka ilə dürüstlük və səmimiyyətin vəhdətindən
alır.
Özünün məşhur formulu ilə ifadə etsək, hər bir azərbaycanlının
Prezidenti olan İlham Əliyevin lider uzaqgörənliyinin təntənəsi təkcə doğma
xalqımızın düşüncəsində möhkəmlənmiş gerçəklik deyil. Dünyanın bir çox ölkələrinin
nüfuzlu şəxsləri bu barədə söz açır, arqumentlər səsləndirir, paralellər
aparırlar. Məsələn, yaxşı yadımdadır ki, 2022-ci ildə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan cənab İlham Əliyevi Rusiyanı, regionu ən dəqiq tanıyan lider,
Rusiya-Ukrayna müharibəsinin ən yaxşı təhlilçilərindən biri kimi dəyərləndirmişdi.
Nəzərə alaq ki, Türkiyə kimi böyük güc faktorunun, NATO ölkəsi rəhbərinin belə
fikir səsləndirməsi adi məsələ sayıla bilməz. Dünyanın ən böyük dövlətinin
lideri olan Donald Trampın Prezident İlham Əliyevə Ağ Evdəki xitabı da bu
baxımdan müstəsa önəm daşıyır: “Siz böyük lidersiniz”.
Dövlətimizin başçısının yaratdığı aydın, uğurlu təəssüratın
bəhrəsidir ki, ABŞ Prezidenti Trampın dilindən “Xalqınız böyük xalqdır”
iltifatını da eşitdik və inanılmaz dərəcədə qürurlandıq. Şübhəsiz, bu iltifat dəyər
baxımından pik nöqtə sayıla bilər. Xalqımızın böyüklüyünün belə yüksək səviyyədə
etirafına imkan qazandıran da Prezident İlham Əliyevdir, onun üstün
siyasi-diplomatik kursudur. Deməli, Ağ Evdə - dünyanın ən böyük dövlətinin ali
ofisində, dünyanın ən möhtəşəm Prezidentinin Azərbaycanın ali rəhbərinə
ünvanlanmış xoş fikirləri də həqiqi liderliyə layiqli dəyər və qiymətin beynəlxalq
miqyasdakı ən parlaq təzahürüdür. Belə təzahürlə necə öyünməyəsən?
Prezident İlham Əliyevin ABŞ-yə səfəri gözlənilən idi.
Bununla bağlı xəbərlər yayılmağa başlayanda Azərbaycanda, az qala, hər kəs bu
mövzu barədə müzakirə aparırdı. Səfər çərçivəsində yaşananlar isə gözləntiləri
nəinki tam mənada doğrultdu, hətta bir sıra cəhətlərinə görə bütün gözləntilərdən
yüksəkdə qərarlaşdı.
Ən müxtəlif şəxslərin dəqiq müşahidə qabiliyyətinin tutarlı
nəticələrini, görüş zamanı ayrı-ayrı jestlərə, mimikalara nəzərən rəmzi məqamları
necə qiymətləndirdiklərini sosial şəbəkələrdə diqqətlə izlədim. Hər kəsi
qürurlandıran məqamlardan biri də Prezident İlham Əliyevin Ağ Evdəki özünəməxsus
sərbəstliyi, çox az sayda liderə xas olan özgüvəni, orada az qala ev yiyəsi
statusunda davranması idi. Hesab edirəm ki, dövlətimizin başçısının həm dəqiqlik
və ciddiyyəti, həm hansısa məsələlərlə bağlı fikirləri, çevik, mükəmməl
reaksiyası, ümumən, onun bu səfərin, görüşlərin əhəmiyyətinə, Donald Trampın
sülh anlaşmasında roluna dair dilə gətirdiyi düşüncələr, bəzən çox incə
yumorla, siyasi ustalıqla dedikləri
diplomatiya dərsliklərində layiqincə yer alacaq.
Prezident İlham Əliyev Vaşinqtondakı mükəmməl
siyasi-diplomatik davranışları ilə yeni dünya nizamının mahiyyətinə dərindən bələd
olan bir liderin nailiyyətlər salnaməsinin yeni səhifələrini yazdı. Əlbəttə,
belə bir liderin ABŞ-yə yüksək səviyyəli səfəri zamanı ərsəyə gəlmiş sənədlər də
tarixi əhəmiyyət daşımalı idi və belə də oldu. Bu, təkcə mənim və Azərbaycan
ictimaiyyətinin deyil, beynəlxalq aləmin gəldiyi qənaətdir, oturuşmuş fikirdir.
Azərbaycan, ABŞ və Ermənistan Birgə Bəyannaməsi, xarici işlər
nazirləri tərəfindən sülh sazişinin paraflanması, Bəyannamədə bunun
vurğulanması nəzərimdə 1988-ci ildən başlayaraq, insanlarımızın həyatına ağır təsirlər
göstərmiş münaqişənin müxtəlif epizodlarını canlandırdı. Torpaqlarımızın
işğalı, acılar, faciələr, ölümlər – Vaşinqtonda bütün bunların sona çatdığının
yüksək təminatlı anonsu verildi. Əminəm ki, prosesin tam yekunu olan sülh
müqaviləsi də uğurla imzalanacaq.
Azərbaycan və Ermənistan arasında barış mühitinin
yaranmasına görə dünyanın ən müxtəlif yerlərindən, hətta bizə qarşı dəfələrlə
qeyri-obyektiv davranmış beynəlxalq təşkilatlardan, dövlətlərdən alqışlar
eşidir, təbriklər alırıq. Bu alqışlara da, təbriklərə də səbəb Prezident İlham
Əliyevdir, onun şəxsində dövlətimizdir. Sanballı analitiklər inamla bildirirlər
ki, sülh sazişinə gətirən yol birbaşa İlham Əliyevin tarixi xidmətidir. Elə
qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın ölkəmizin başçısı ilə son telefon
danışığında vurğuladığı da budur. Cənab Ərdoğan Prezident Əliyevi sülhün lideri
adlandırdı. Lakin Azərbaycan lideri bu istiqamətdə də özünəməxsus təvazökarlıq
nümayiş etdirir. Yada salaq ki, dövlətimizin başçısı Ağ Evdə son dərəcə kübar tərzdə
barış mühitinin formalaşmasında Trampın rolunu xüsusi vurğulamışdı. Eyni
zamanda, o da məlumdur ki, Azərbaycan Prezidenti Ermənistanın baş naziri ilə
birgə ABŞ-nin dövlət başçısını Nobel Sülh Mükafatına namizəd kimi irəli sürmək
qərarına gəlib.
Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfərinin və səfər
boyu yaşananların böyük tarix mahiyyətində
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması
məsələsi də önəmli yerə sahibdir. Məlum olduğu kimi, söhbət bu məqsədilə
Strateji İşçi Qrupunun yaradılması haqqında hər iki ölkənin hökumətləri
arasında imzalanmış Anlaşma Memorandumundan gedir. Heç şübhəsiz, sənəd
Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni bir mərhələyə keçdiyini təsdiqləyir.
Ona da şübhə yoxdur ki, haqqında söz açdığımız Birgə Bəyannamənin Zəngəzur dəhlizi
məntiqi, habelə mövcud xüsusdakı Tramp yolu, Tramp marşrutu və ya Beynəlxalq
Sülh və Rifah üçün Tramp marşrutu deyimləri də yeni mərhələnin uğur
trayektoriyasını müəyyənləşdirəcək. Burada ən başlıca məqamlardan biri isə
xalqımıza, ölkəmizə qarşı tarixi ədalətsizliyin aradan qalxdığının nümayişkaranə
şəkildə ifadə olunmasıdır. Prezident İlham Əliyevin Vaşinqtonda mediaya müsahibəsində
səsləndirdiyi bir mülahizə bu baxımdan olduqca önəmlidir: “Əlbəttə, eyni
zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim
iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da
edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar
vermişdi”.
Həqiqətən, Prezident Donald Tramp “Azadlığı Müdafiə Aktı”na
907-ci düzəlişin ləğvini nümayişkaranə şəkildə həyata keçirdi. Bu, son dərəcə
böyük jesdir. Beləliklə, müstəqilliyimizin ilk illərindən bəri xalqımızı
narahat edən, dünyada Azərbaycana qarşı misli görünməmiş haqsızlığın simvolu
kimi tanınan sənəd qüvvəsini itirdi. Vaşinqtonda, həmçinin, fəaliyyəti ədalətsizliyə
meydan verməyə, torpaqlarımızın işğalını leqallaşdırmağa yönəlmiş bir təsisatın
- ATƏT-in Minsk Qrupunun varlığına rəsmən son qoyulacağına mütləq təminat
verildi. Bəlli gerçəklikdir ki, Minsk Qrupu həmsədrlərinin uzun zaman ərzində
regiona, ölkəmizə saysız səfərləri, bununıa bağlı çıxışları dövlətimizin rəhbərliyində
və xalqımızda ikrah, qəzəb doğurmuş, bu qrupun təmsilçiləri məsxərə predmetinə
çevrilmişdilər. Təəssüf ki, otuz ilə yaxın müddətdə saxta sülh elçilərinin
hoqqabazlığına dözmək məşəqqətini yaşadıq. Amma bu dövr də artıq qapanmaq üzrədir.
Ölü təsisata çevrilmiş Minsk Qrupunun Azərbaycan və Ermənistan arasında münaqişənin
mövcudluğunu, onun guya davam etdiyi məntiqini vurğulaması məlumdur. Ona görə də
ölkəmizin rəhbərliyi bu qrupun ləğvini çox vacib şərt kimi irəli sürür. Bakının
İrəvan qarşısındakı ikinci şərti isə Ermənistan Konstitusiyasının işğalçılıq, ərazi
iddiası mahiyyətindən qurtulmasıdır ki, yekun sülh müqaviləsinin imzalanmasınadək
bu tələbimizin də yerinə yetiriləcəyi artıq rəsmən təsdiqini tapıb. Vaşinqton
uğurumuzu şərtləndirən amillərdən biri də məhz bu təsdiqlənmədir.
Sonda ümumiləşdirmə apararaq deyim ki, müasir dövrdəki haqq
davamızın bir çox təntənələrini hədsiz qürurla, böyük sevinclə yaşamışıq.
2020-ci il 8 Noyabr Zəfəri, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri
ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası hər birimizi sevinc
gözyaşlarına qərq edib. Hesab edirəm ki, 8 avqust 2025-ci il tarixi də öz möhtəşəmliyinə,
bizə yaşatdığı qürur və xoşbəxtliyə görə onlardan heç nə ilə geri qalmır. Bu
tarix son illərin uğur və nailiyyət silsiləsinin məntiqi davamı, müqəddəs haqq
mübarizəmizin zəfərlə nəticələnməsinin dünya birliyi tərəfindən birmənalı şəkildə
qəbul edildiyi misilsiz məqamdır. Birbaşa Prezident İlham Əliyevin adı, fəaliyyəti
ilə bağlı olan daha bir möhtəşəm yaşantıdır. Buna görə, həqiqətən, xoşbəxt
xalqıq. Xoşbəxt xalqı və onun liderini yeni parlaq zəfər münasibətilə təbrik
edirəm!
Rəşad Məcid
Azərbaycan Mətbuat Şurasının sədri
10:42 11.08.2025
Oxunuş sayı: 921