Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir- Deputat yazır

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-na səfəri, burada əldə olunan razılaşmalar regionda yeni sülh, rifah və inkişaf dövrünün başlanğıcı kimi tarixə düşdü. Öncə onu qeyd etməliyik ki, ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan səfər Bakı-Vaşinqton münasibətlərinin yeni mərhələsini müəyyənləşdirdi.
ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.
Prezident İlham Əliyevlə D.Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd də imzalandı. Cənab Prezidentin söylədiyi kimi, “bu düzəlişin ləğvi bizim üçün simvolik xarakter daşıyır və bizə qarşı ədalətsizliyin ləğvi idi. Bu düzəliş artıq aradan qaldırılıb, ədalət bərpa olunub. Bu bizim üçün həm siyasi jestdir”.
Prezident İlham Əliyev və Baş nazir N.Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması isə Azərbaycanın növbəti diplomatik uğurudur. Bu, regionda yeni dövrün başlandığını deməyə əsas verir. Cənab Prezidentin də bəyan etdiyi kimi, “Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, bölgəmizə dayanıqlı sülh gəlib”.
Beləliklə, Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Birgə Bəyannaməyə uyğun olaraq, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini parafladılar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzaladılar.
İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir.
Bundan sonra sülhün qurulmasına dair sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımlar atılacaq. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərimizdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Bəyannamədə yer alan ən vacib müddəalardan biri tərəflərin düşmənçilik səhifəsini bağlaması, eyni zamanda indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd və istisna etməsidir. Bu razılaşma həm də əlaqə və rabitə istəyinin göstəricisidir. Cənab Prezident də bəyan etdi ki, Azərbaycan ölkələr arasında inteqrasiyanın baş verməsini istəyir. Bu isə ilk növbədə Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidini təmin etməli idi. Bu tələb də Ermənistan tərəfindən qəbul edildi. Cənab Prezident daim vurğulayırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu. İmzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır. Bu mənada əminliklə deyə bilərik ki, Birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Ermənistanın ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər, yəni Azərbaycanla əməkdaşlıq nəzərdə tutulur. Cənab Prezident Ağ Evdə üçtərəfli sənədin imzalanması barədə danışarkən qeyd etdi ki, “Tramp Rifah və Sülh Marşrutu əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün həm investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaq”.
Sonuncu mərhələ isə yekun sülh müqaviləsinin imzalanması olacaq. Ermənistan vaxt itirməməli, öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Yəni, Ermənistan qəbul etdi ki, mövcud şəraitdə Konstitusiya dəyişikliyi onun daxili işi deyil. Yekun sülh üçün rəsmi Bakının bu tələbini yerinə yetirmək zəruridir.
Azərbaycan Prezidentinin də söylədiyi kimi, artıq Bakı ilə İrəvan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir.
Nigar Məmmədova, Milli Məclisin deputatı
19:57 09.08.2025
Oxunuş sayı: 1707