Liderlər görüşür, Rusiya və Ukrayna masaya oturur: "Tramp 50 gün vaxt verib..."

Bu günlərdə Rusiya və Ukrayna arasında İstanbulda danışıqların növbəti raundu baş tutdu. Müzakirələrdən sonra verilən açıqlamalar kifayət qədər maraqlıdır. Belə ki, Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov avqustun sonuna qədər Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirməyi təklif edib.R.Umerov İstanbulda danışıqlar başa çatdıqdan sonra jurnalistlərə deyib: "Belə bir görüş real siyasi irəliləyişə nail ola bilər. Rusiya hazır olduğunu nümayiş etdirməlidir. Ukrayna tam və qeyd-şərtsiz atəşkəsdə israr etməkdə davam edir. Atəşkəs mülki obyektlərə və kritik infrastruktura hücumların tamamilə dayandırılmasını ehtiva etməlidir".
Umerovun sözlərinə görə, görüşün avqustun sonuna qədər keçirilməsi təklif olunur. İclasda Ukrayna, Rusiya, ABŞ və Türkiyə liderləri iştirak edəcək.
O, həmçinin Rusiya və Ukrayna arasında əsas məsələlərdən biri ilə bağlı nəticə əldə olunduğuğunu, işlərin davam etdirildiyini diqqətə çatdırıb. Umerovun sözlərinə görə, Ukrayna atəşkəsə və liderlərin görüşünə hazırdır.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə bildirib ki, liderlər səviyyəsində görüşdən əvvəl sülh sazişinin detallarını işləyib hazırlamaq lazımdır.
Səslənən fikirlər belə düşünməyə əsas verir ki, Moskva və Kiyev arasında müzakirələr sadəcə formal xarakter daşımır. Hətta bu danışıqların nəticəyönümlü olacağı da istisna deyil. Bəs, doğrudan da, belədirmi?
Türkiyəli politoloq Deniz Berktay bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Ukraynanın liderlərin görüşü barədə səsləndirdiyi təklif haqqında nə düşünürsünüz? Sizcə, Kiyev, həqiqətən, sülh istəyir, yoxsa vaxtı uzadır?
- Ukraynanın bu təklifini iki aspektdən qiymətləndirmək olar. Birincisi, Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra həm Rusiya, həm də Ukrayna ritorikasını bir qədər yumşaltdılar. Ukrayna administrasiyası əvvəllər “qələbəyə qədər danışıqlar olmaz” deyirdisə, indi Trampın reaksiyasından qorxan hər iki tərəf danışıqlar aparırmış kimi görünmək istəyir. Tramp bəyan etmişdi ki, 50 gün ərzində sülh əldə edilməlidir. Umerov bu səbəbdən avqusta işarə etdi. İkincisi, son aylar cəbhə xəttində vəziyyət tamamilə Ukrayna ordusunun əleyhinədir. Rusiya bölgəyə qoşun yerləşdirməsini artırıb. Buna görə də Ukrayna dərhal atəşkəs tələb edir və atəşkəslə bağlı danışıqlara çağırır. Lakin hazırda müharibədə üstün mövqedə olan Rusiya bunu etməkdən çəkinir.
- Ukrayna tərəfi atəşkəsə hazır olduğunu bildirib. Amma əvvəllər də belə bəyanatlar verilib. Sizcə, Kiyev səmimidir? Səmimidirsə, niyə sülh olmur?
- Ukrayna dərhal atəşkəs tələb edir. Lakin Rusiya bundan imtina edir. Müharibədə Rusiyanın üstünlüyü olduğu üçün deyir ki, Ukrayna, əvvəlcə, bizim bəzi tələblərimizi qəbul etməlidir, sonra atəşi dayandıracağıq. Moskva hesab edir ki, müəyyən məsələlərdə razılığa gəlmədən atəşkəsin əldə olunması Ukrayna ordusu və onu dəstəkləyən Qərb ölkələrinə vaxt qazandıracaq. Sülh məsələsində tərəflərin mövqeləri çox fərqlidir. Hazırda Ukrayna yaxın gələcəkdə Rusiya tərəfindən işğal olunmuş əraziləri geri almaqdan imtina etsə də, Rusiyanın ən fundamental tələblərindən biri Ukraynanın NATO-ya üzv olmayacağına və Qərb dövlətlərinin Ukraynada hərbi bazalar yaratmayacağına zəmanətdir. Nə Ukrayna, nə də Avropa ölkələri bunu qəbul etmək istəyir. Bu məsələdə tərəflərin mövqeləri dəyişməyincə, müharibə davam edəcək.
- Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Rusiya- Ukrayna müharibəsi ilə bağlı vasitəçilik təşəbbüslərini davam etdirəcəyini bildirib. Ankaranın vasitəçəliyini necə qiymətləndirirsiniz?
- Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətləri var. Amma, əlbəttə, Ankara tərəflərə nə isə diktə edə bilməz. Cozef Bayden dövründə ABŞ administrasiyası müharibənin davam etməsini istəyirdi ki, bu da Türkiyənin vasitəçilik səyləri ilə ziddiyyət təşkil edirdi. Trampın gəlişi ilə Türkiyənin vasitəçilik imkanlarının artdığını deyə bilərik.
Kənan Novruzov
12:50 25.07.2025
Oxunuş sayı: 4125