İsrailin HƏMAS-a qarşı atdığı addımlar müharibə deyil - MÜSAHİBƏ

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada sülh üçün fürsət tapmaq üçün bütün cəhdləri puça çıxarır.
Al Tani vurğulayıb ki, atəşkəslə bağlı danışıqlar aparan bir ölkədə danışıqlarçıları öldürmək cəhdi qeyri-qanuni olmaqla yanaşı, qeyri-etik və xəyanətdir:
"Bu gün biz dönüş nöqtəsinə çatmışıq ki, bütün region bu cür vəhşi davranışlara qarşı durmalıdır".
Diplomat həmçinin qeyd edib ki, Qətər İsrailə cavab vermək hüququnu özündə saxlayır və onun suverenliyinin heç bir pozulmasına dözməyəcək.
Maraqlıdır bəs bu məsələnin həllində Qətərin İsrail tərəfindən kənarlaşdırılması nədən xəbər verir və bu məsələdə Qətərin uzaqlaşmaşı nələrə yol aça bilər?
Məsələ ilə bağlı politoloq, Orta Doğu Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan Crossmedia.az-a müsahibə verib:
- İsrail HƏMAS ilə danışıqları davam etdirdiyi bir vaxtda Qətərdəki HƏMAS heyətini hədəf alması nədən xəbər verir?
- İsrail əvvəldən bəyan edib ki, HƏMAS-ın liderlərini zərərsizləşdirəcək. Bu baxımdan onun Qətərdə HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi əməliyyat da həmin siyasətin davamıdır. Məsələn, İsrail əvvəllər İranda İsmayıl Həniyəni, Livanda isə Hizbullahın lideri Şeyx Həsən Nəsrullahı və digərlərini zərərsizləşdirdiyi kimi, bu dəfə də Qətərin paytaxtı Dohada Həmas liderlərindən sayılan Xalid Meşalı və başqalarını hədəfə alıb.
- Qətər indiyə kimi İsrail ilə HƏMAS arasında vasitəçilik edirdi və indi İsrail sanki bilə-bilə Qətəri vasitəçi kimi kənarda qoydu. Bu rəsmi Təl-Əvivə nə üçün lazımdır?
- Qətər uzun illərdir terrorçu qruplaşmaları dəstəkləyən, onlara hərtərəfli, o cümlədən maliyyə yardımı göstərən ölkə kimi tanınıb. 2017-ci ildə bir sıra ərəb dövlətləri də məhz bu səbəbdən Qətərlə diplomatik münasibətləri dayandırmışdı. ABŞ da Qətəri terrorizmi dəstəkləyən dövlətlərdən biri kimi qiymətləndirmişdi. Bu səbəbdən Qətərin vasitəçi rolunda çıxış etməsi İsraili qane etmir. Əksinə, İsrail üçün Qətərin vasitəçilikdən uzaqlaşdırılması heç bir itki sayılmır. ABŞ Prezidenti Donald Tramp açıqlamasında bildirib ki, bu əməliyyatdan yalnız hərbi dairələrdən sonra xəbər tutub və dərhal Qətər şeyxi, eləcə də baş naziri ilə əlaqə saxlayaraq bunun İsrail hökumətinin birbaşa əməliyyatı olduğunu bəyan edib. İsrailin Baş naziri Binyamin Netanyahu da həmin əməliyyatın öz hökumətinin qərarı ilə həyata keçirildiyini təsdiqləyib.
- Sizcə, ABŞ bu məsələyə necə reaksiya verəcək və İsrailin dəstəkləyəcəkmi?
- ABŞ rəsmi olaraq əməliyyatı dəstəkləməsə də, Tramp bəyanatında HƏMAS-ın Qəzza əhalisinin ağır vəziyyətindən sui-istifadə etdiyini vurğulayıb. Bu da o deməkdir ki, HƏMAS-ın qarşı keçirilən əməliyyatlar beynəlxalq müstəvidə əsassız hesab edilmir. İsrailin HƏMAS-a qarşı atdığı addımlar müharibə deyil, məhz antiterror əməliyyatı kimi qiymətləndirilməlidir. Çünki HƏMAS dövlət deyil, silahlı siyasi qruplaşmadır. Buna görə də hadisələrin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı olduqca zəifdir.
- Rəsmi Bakı bu proseslərdə hanı mövqəni tutmalıdır?
- Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq hadisələrin yalnız sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.
Elmir Heydərli
16:40 10.09.2025
Oxunuş sayı: 2649