Böyük Britaniya və Fransa Polşaya hərbi təyyarələr göndərir

Böyük Britaniya və Fransa Polşanın hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) pozuntusu ilə bağlı yaranan vəziyyət fonunda bu ölkəyə hərbi təyyarələr göndərməyi qərara alıblar. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyşın sözlərinə görə, hər iki ölkə NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək məqsədilə müasir döyüş təyyarələri ilə dəstək verir. Bu çərçivədə Böyük Britaniya Eurofighter, Fransa isə Rafale tipli qırıcıları Polşaya göndərəcək.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, müdafiə naziri açıqlamasında həmçinin digər Avropa ölkələrinin də Polşaya dəstək göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, Niderland krallığı mövcud olan üç Patriot zenit-raket kompleksindən ikisinin Polşaya göndərilməsini sürətləndirib. Bu addımlar NATO-nun şərq sərhədlərində təhlükəsizliyi gücləndirmək və Polşanın hava məkanını daha etibarlı şəkildə qorumaq məqsədi daşıyır.
Beləliklə, Avropa ölkələrinin bu qərarı həm regional sabitliyə, həm də kollektiv müdafiə mexanizminin effektivliyinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
22:59 11.09.2025
Oxunuş sayı: 845