Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Estoniya Respublikasının Xarici İşlər Nazirlikləri (XİN) arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin baş direktoru Marqus Sarqlepp rəhbərlik edib.
Məsləhətləşmələrdə həmçinin Azərbaycan tərəfdən Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanla Estoniya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.
Hər iki ölkə vətəndaşlarına konsulluq dəstəyi istiqamətində sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mövcud təcrübə və qabaqcıl mexanizmlər üzrə fikir mübadiləsi aparılıb.
Habelə, iki ölkə arasında miqrasiya, ədliyyə, daxili işlər, təhsil, sosial və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub.
20:09 17.09.2026
Oxunuş sayı: 49