Türk dünyasının təhlükəsizlik xətti Bakıda müəyyənləşir: Bu birlik həyati əhəmiyyət daşıyır
Sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı keçirilib. Bu, toplantının ilk dəfə Azərbaycanda təşkil olunması ilə də diqqət çəkib. Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciətində müasir təhlükəsizlik mühitində meydana çıxan yeni çağırışlara diqqət çəkib. Dövlət başçısı ənənəvi təhdidlərlə yanaşı, kibertəhdidlərin, yeni qeyri-sabitlik ocaqlarının yarandığını və beynəlxalq hüququn böhranının müşahidə edildiyini bildirib. Prezident bu şəraitdə Türk dövlətləri arasında regional və qlobal problemlərə dair ortaq gündəliyin müəyyənləşdirilməsinin, vahid mövqelərin formalaşdırılmasının və fəaliyyətin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Müraciətdə ikitərəfli əsasda keçirilən hərbi təlimlərin müdafiə sahəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub. Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi görüşlərinin aktual təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılması baxımından əhəmiyyət daşıdığı bildirilib. Prezidentin müraciətində terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərin ayrıca qeyd olunması da təhlükəsizlik gündəliyinin genişliyini göstərir. Müraciətdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları arasında əməkdaşlığın təşkilat çərçivəsində inteqrasiyanın siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığı, təhlükəsizlik istiqamətində də inkişaf etdiyi vurğulanıb. Bu əməkdaşlığın ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edə biləcəyi qeyd olunub.
Mövzu ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr Səməd Seyidov Crossmedia.az-a açıqlamasında bildirib ki, türk dövlətlərinin birləşməsi və Azərbaycanın bu birlikdə aparıcı rollardan birini oynaması müasir dövrün ən vacib məsələlərindən biridir: "Bu gün dünyada hüququn böhran yaşadığı, gücün hüququ əvəz etdiyi bir dövrdə cənab Prezident bu məsələni çox düzgün vurğulayır. Biz görürük ki, islamofob, ikili standartlarla dolu, Azərbaycanın və Türk dünyasının uğurlarını qəbul etmək niyyətində olmayan, revanşist ideyalarla yaşayan qüvvələr, qurumlar, təşkilatlar və hətta dövlətlər mövcuddur. Təsadüfi deyil ki, cənab Prezident həmin toplantıda ölkəmizin müharibələr əhatəsində olduğunu və bu müharibələrin səngimək bilmədiyini diqqətə çatdırdı. Bu nöqteyi-nəzərdən iki vacib məsələ önə çıxır: Beynəlxalq hüququn qorunması. Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq hüququ qoruyub saxlamaq çox vacibdir. Biz bununla dünyaya nümayiş etdiririk ki, bəzi qüvvələr hüquqa riayət etmədiyi halda, Türk dövlətləri və Türk birliyi beynəlxalq hüququ ən yüksək səviyyədə qoruyur və dünyaya nümunə göstərir.
Deputat qeyd edib ki, Türk dövlətlərinin birliyi su və hava kimi vacibdir: "Çünki bu gün təklənmiş ölkələr güclü təsir imkanlarına malik olsalar da, ikili standartlar və revanşist ideyalarla yaşayan qütblər mənfi təsirlərini göstərməyə çalışırlar. Türk dünyasının birləşməsi və Azərbaycanın bu işdə aparıcı rol oynaması bizim acı təcrübəmizin nəticəsidir. Biz 30 il ərzində işğal altında qalmış, soyqırıma məruz qalmış və həmin qüvvələrin təsirini yaşamış bir millətik. Bu acını yaşamış bir ölkə kimi, analoji təcrübəni bir daha təkrarlamamaq üçün Türk dünyasının birliyini strateji əhəmiyyətli hesab edirik. Bu birlik bizə böyük güc verir. Şuşa Bəyanatının imzalanması zamanı Türkiyə Prezidentinin Azərbaycan Parlamentindəki çıxışında qeyd etdiyi kimi: “Bundan sonra Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür”. Bu gün Azərbaycan bütün Türk dövlətləri ilə — Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan ilə strateji tərəfdaşlıq və əməkdaşlıq müqavilələri imzalayıb. Bu ölkələrin gücü artıq bir yumruğa, bir mərkəzə və bir istiqamətə çevrilir. Ətrafımızda — şimalda, cənubda müharibələrin və mürəkkəb proseslərin getdiyi bir vaxtda bu birlik həyati əhəmiyyət kəsb edir. Beynəlxalq hüququn işləmədiyi və xaos şəraitində gücün əsas amilə çevrildiyi bir dövrdə biz güc ilə hüququn vəhdətini Türk dünyası müstəvisində reallaşdırırıq”.
Zeynəb Həsən
19:30 17.09.2026
Oxunuş sayı: 61