Müşfiq meşədə özü-özünü öldürüb? - şok detal
Repressiya qurbanı olan şair Mikayıl Müşfiqin ölümü ilə bağlı araşdırmamız davam edir. Əldə etdiyimiz yeni faklar məsələni bir az da qarışdırır. Şairin ölüm tarixinin müxtəlif versiyaları özündə birləşdirdiyi kimi, ölüm səbəbləri də çox müxtəlif versiyalara əsaslanır. Belə ki, Müşfiq haqqında araşdırma aparan, onu tədqiq edən araşdırmaçılar belə müxtəlif versiyalar irəli sürür, vahid fikrə gələ bilmirlər. Bu dəfə Mikayıl Müşfiqin ölümü ilə bağlı daha fərqli bir səbəb irəli sürüldü.
Mövzu ilə bağlı Müşfiqşünas, filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva Crossmedia.az-a açıqlamasında qeyd edib ki, 1974-cü ildə müdafiə etdim Müşfiq mövzusunu, 1988-ci ildə isə kitabım çap olundu — “Müşfiqin sənət aləmi”. Müşfiqin poetik sənətkarlığı ilə məşğul olmuşam. Amma sonra illər keçdi, başqa şairlərlə, ümumiyyətlə, poeziya ilə məşğul oldum. Kitabım da çıxdı — “XX əsr Azərbaycan poeziyası” adlı kitab çap etdirdim. Sonra lap axırda fikirləşdim ki, Müşfiqə borcluyam. Müşfiq haqqında nə bilirəmsə, bu haqda canlı məlumatlarım da olub, oxumuşam da. Hazırda da “Müşfiq həqiqətləri” adlı kitab üzərində işləyirəm. Müşfiqi yaşadan cəhətləri, onu yaşadan məsələləri öyrənib yazıram. Həqiqətdə əsas devizim nədir? Müşfiqin bir cümləsi var: “Məni tanıyan şeirimdən tanısın”. Mən də həmin şeirlərdən çıxış edirəm. Həm də, əlbəttə, öz sağlığında dostları onun haqqında çoxlu xatirələr yazıblar. O xatirələr mənə çox təsir edir".
S.Quliyeva qeyd edib ki, o bu işlə 70-ci illərdə məşğul olub: "Dissertasiya yazırdım. Məmməd Arif də Müşfiqlə yaxın dost olmuşdur. Mənim oponentim Məmməd Arif idi. Onunla görüşdük. O vaxt Axundov Kitabxanasının direktoru Süleyman Süleymanzadə idi. Onunla da görüşdük. O, Müşfiqin bir neçə yoldaşı ilə mənim üçün görüşlər təşkil etdi. Onlardan birində Müşfiqin dəftəri qalmışdı, birində xatirələri qalmışdı. Hətta Məhdi Seyidzadənin evinə getdim. Onda Müşfiqin oxuduğu fiziologiya kitabı qalmışdı və həmin kitabın səhifələrində Müşfiqin qeydləri vardı. Mən o qeydlərə baxdım. Demək istəyirəm ki, nə mümkün olurdu, maraqlanırdım. Müşfiqin ölümü ilə bağlı beş-altı versiya çıxardım. Hətta elə bir versiya eşitmişəm ki, onu heç kim danışmayıb. Dedilər ki, ya bunu da sürgün eləyib aparıblar. Meşədən keçəndə bunun ayağı büdrəyib, yıxılıb. Arxadan gələn polis gəlib buna bir-iki dəfə vurub. Bu da hisslənib qabağa qaçıb. Meşənin qabağında bir ağac varmış. Başını ağaca belə bərk-bərk vurub, başı partlayıb və orada ölüb. Belə bir versiya da var idi hətta. Müxtəlif versiyalar danışılıb. Mən də onu birinci dəfə o vaxt, həmin illərdə eşitdim. Sonra bir nəfər də mənə danışdı. Demək istəyirəm ki, beş-altı versiya eşitmişdim. Ay mən nə bilim, divarı hörüblər, ay dənizə atıblar, ay filan olub — cürbəcür versiyalar var idi".
S.Quliyeva bildirib ki, ərsmi məlumatda 1956-cı ildə, Müşfiqin 1939-cu ildə öldüyü barədə ailəsinə, o vaxt Dilbər(Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə) xanıma məlumat veriblər: "Mən Dilbər xanımla da bir neçə dəfə görüşmüşdüm, evinə getmişdim. Yəni onunla da əlaqəm oldu. Dilbər xanıma rəsmi məlumat veriblər ki, bu, 1939-cu ildə ölüb. İlk mənbələrdə həmin tarix gedirdi. Mən də o vaxt kitabımda yazanda 1939 yazmışdım. İlk əvvəl bu tarix gedirdi. Ondan sonra bir müddət keçdi və ikinci versiya çıxdı ki, 1938-ci ildə, ayın 5-də qərar verilib, 6-da öldürülürlər. Yəni belə də versiyalar getdi ki, Nargin adasında, Birinci katib Mircəfər Bağırovun zirzəmisində öldürülüb".
Ayhan
20:50 17.09.2026
Oxunuş sayı: 64