Şad xəbər - Pensiyalar bu vaxt artacaq
Maaş və pensiyaların artırılması məsələsi qiymət artımları fonunda yenidən gündəmə gəlir. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz, qida məhsulları üzrə isə 6,9 faiz artıb. Maraqlıdır maaşlar və pensiyalarda artım nə qədər olacaq? bu artım kimlərə şamil edilir?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Crossmedia.az-a açıqlamasında bildirib: “2026-cı il martın 1-nə orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya isə 632 manat təşkil edib. Hazırda minimum əməkhaqqı 400 manat, minimum əmək pensiyası isə 320 manatdır. 2026-cı il üzrə yaşayış minimumu ölkə üzrə 300 manat, pensiyaçılar üçün isə 245 manat müəyyən edilib. Bununla yanaşı, qiymət artımı da davam edir”.

Ekspert pensiyaların növbəti indeksləşdirilməsi ilə bağlı gözləntilərə də toxunub: “Qanunvericiliyə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi əvvəlki ildə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun həyata keçirilir. Bu baxımdan, 2027-ci ilin yanvarında növbəti indeksləşmənin həyata keçirilməsi gözlənilir. Əməkhaqlarında isə vəziyyət fərqlidir. Minimum əməkhaqqının və büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması ayrıca Prezident sərəncamları və digər müvafiq qərarlarla müəyyənləşdirilir”.
Rəsmiyyə Sabir vurğulayıb ki, qiymət artımlarının gəlirlərə təsiri xüsusilə aşağı gəlirli əhali qrupları üçün aktual olaraq qalır: “Hazırda ərzaq inflyasiyasının ümumi inflyasiyadan yüksək olması xüsusilə pensiyaçıların və aşağı gəlirli ailələrin real gəlirlərinin qorunması məsələsini aktuallaşdırır. Qiymət artımının maaş və pensiyaların artım tempini üstələməsi əhalinin real alıcılıq qabiliyyətinə mənfi təsir göstərə və sosial narazılıqları artıra bilər”.
Nigar Xəlilli
19:00 17.09.2026
Oxunuş sayı: 54