Bakı və Belqrad ikitərəfli əməkdaşlığın fəallaşdırılması perspektivlərini müzakirə ediblər
Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə və Serbiya Xarici İşlər Nazirliyinin (XİN) baş katibi Duşan Kozarev sentyabrın 17-də Belqradda keçirilən görüş zamanı ikitərəfli münasibətlərin gələcək inkişafı və əməkdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Serbiya XİN-in məlumatında bildirilib.
Tərəflər iki ölkə arasında yüksək qarşılıqlı etimad və hörmətin olduğunu, həmçinin strateji tərəfdaşlığı daha da gücləndirmək niyyətində olduqlarını təsdiqləyiblər.
Görüş zamanı aktual qlobal və regional məsələlər, rəsmi şəxslər arasında təmasların fəallaşdırılması və iki ölkə XİN-lərinin diplomatik akademiyaları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub
D.Kozarev beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq Serbiyanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasına ardıcıl dəstəyə görə Azərbaycana təşəkkür edib.
Tərəflər, həmçinin bu il "Air Serbia"nın Belqrad - Bakı birbaşa aviareysinin işə salınmasını alqışlayaraq, yeni marşrutun iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün əlavə imkanlar açdığını qeyd ediblər.
19:15 17.09.2026
Oxunuş sayı: 45