Rusiya Polşaya təsadüfən yox, məqsədli şəkildə hücum edib – Ekspert

Rusiya dronlarının Polşa ərazisinə daxil olması təsadüfi deyil və qəsdən atılmış addımdır.Fikrimcə Amerika Birləşmiş Ştatları ilə razılaşdırmadan Rusiya bu addımı atmaz.
Bu sözləri Crossmedia.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.
“Tramp hakimiyyətə gələndən sonra Bayden hökumətindən tamamilə fərqli siyasət yürütməyə başladı və bu gözlənilən idi. Xüsusilə Ukrayna məsələsində fərqli siyasət özünü biruzə verdi. Tramp Ukraynaya hərbi yardımı dayandırdı, Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Eyni zamanda Ukraynaya təzyiq etməklə əslində Putinə dəstək verdi. Bunun da təməl səbəbləri var. İlk növbədə Tramp Çinə qarşı mübarizədə Rusiyanı qarşısında, yəni Çinin yanında görmək istəmir. Həmçinin qlobal imperializmin həm ABŞ daxilində, həm də dünyanın müxtəlif bölgələrində dayaqlarının sarsıdılması üçün Rusiyanın dəstəyinə ehtiyac duyur. Bu baxımdan Avropa Birliyi ilə ABŞ arasında mövcud ziddiyyətli münasibətlər getdikcə dərinləşir”,- o bildirib.
Əli Zülfüqaroğlu hesab edir ki, Avropa Birliyinin müstəqil siyasət yürütmə cəhdləri Birləşmiş Ştatları qıcıqlandırır:
“Tramp dəfələrlə bəyan edib ki, Avropa Birliyi ABŞ-a ciddi yatırımlar qoymalıdır. Yəni Tramp Avropa İttifaqının bazar olaraq, ABŞ-ın nəzarətindən çıxmamasına çalışır. Trampın NATO-nun bütün xərclərinin Avropa Birliyinin boynuna qoymaq cəhdləri müşahidə olunur.
ABŞ lideri bunu onunla əsaslandırır ki, AB-nin təhlükəsizliyi ABŞ-dan asılıdır və buna görə də, Avropa Birliyi bütün maliyyə xərclərini qarşılamalıdır. AB və Britaniya isə ABŞ-a qarşı dirəniş göstərir, Vaşinqtonun bu tələblərini yerinə yetirməkdən boyun qaçırır və müdafiə sənayesini gücləndirməyə çalışır. Eyni zamanda Ukrayna savaşının uzadılması ilə, Trampı çətin vəziyyətdə qoyur və ABŞ ictimai rəyinin Trampa qarşı yönəlməsi və etiraz dalğasının yaradılması üçün səy göstərir. Yəni ABŞ-da xaosa cəhdlər mümkündür. Milli qvardiyanın Vaşinqton və bir sıra şəhərlərə yeridilməsi bu baxımdan önləyici tədbirlər hesab oluna bilər. Təbii ki, ABŞ hökuməti də AB-nin lokomativ ölkələrində bu addımı ata bilər, Trampın ilk prezidentliyi dövründə olduğu kimi. Göründüyü kimi prioritetlər tamamilə fərqlidir”.
Siyasi təhlilçi əlavə edib ki, Avropa İttifaqına təzyiq üçün Rusiyanın “dəyənək” rolunu oynaması vacibdir:
“Yəni AB Rusiya təhlükəsini öz üzərində hiss etməli, beləliklə də ABŞ-a boyun əyməlidir. Bu baxımdan düşünürəm ki, Rusiyanın Polşaya hücumu Vaşinqtonun maraqlarına tamamilə uyğundur və bu addım ABŞ-Rusiya arasında pərdəarxasında razılaşdırıla bilər. Əks halda Rusiya NATO-nu qarşısına almaqda maraqlı ola bilməz”.
Əli Zülfüqaroğlu bildirib ki, əlbəttə, Rusiyanın bu addımı beynəlxalq hüququn pozulmasıdır:
“Amma bu gün beynəlxalq hüquq deyilən bir şey yoxdur və əslində heç bir zaman praktiki olaraq dövlətlərarası münasibətlər sistemində həlledici rola malik olmayıb. Dövlətlərarası münasibətlər sistemini qlobal imperializmin maraqlarını həyata keçirən Beynəlxalq maliyyə təsisatlarının törəmə quruluşları olan bir sıra beynəlxalq təşkilatlar müəyyənləşdirib. Hazırda isə bu sistem çökür. Məsələn İsrail Suriya, Livan, İran və Yəmənlə yanaşı istədiyi zaman ABŞ-ın müttəfiqi Qətərə də hücum edir və bu təhlükəli tendensiya bütün dünyada presedent yaradır. Ona görə də beynəlxalq hüquq faktorunu yeni dünya düzəninin qurulma prosesi başa çatana qədər unutmaq lazımdır”.
Ekspert diqqətə çatdırıb ki, NATO əslində ABŞ deməkdir və bu o anlama gəlir ki, ABŞ yoxdursa NATO da yoxdur: “Əgər Rusiyanın Polşaya hücumu ABŞ-ın maraqlarını təmin edirsə, o zaman NATO-nun Rusiya ilə toqquşmaya gedəcəyini düşünmək sadəlövh yanaşmadır. Hazırda dövlətlərarası münasibətlər sistemini tənzimləyən beynəlxalq təşkilatların funksionallığını itirməsi onların dağılma prosesini sürətləndirir, bununla yanaşı hərbi bloklarda da çatlar yaranır, o cümlədən də NATO-da. Bu baxımdan prosesə 20 il öncənin pəncərəsindən baxmaq doğru deyil. Bu da o deməkdir ki, bu cür addımlar NATO-nun birbaşa prosesə müdaxilə edəcəyi anlamına gəlmir”.
Nihat Tahirov
14:20 11.09.2025
Oxunuş sayı: 1373