Azərbaycan və Ermənistan konsensusa gedir?- Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi isə... - Tofiq Zülfüqarovla müsahibə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib ki, Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur.
O bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri və postmünaqişə dövründəki proseslər barədə Gürcüstan tərəfinə ətraflı məlumat verilib.
“Sülh prosesi üzrə perspektivlər ümidvericidir, lakin bu istiqamətdə konkret addımların atılması vacibdir. Təəssüf ki, Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirməyib,” – deyə nazir bildirib.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların çıxarılmasının vacibliyini də vurğulayıb. O, eyni zamanda, artıq əhəmiyyətini itirmiş Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılmasının zəruriliyini qeyd edib.
Həm rəsmi Bakıdan, həm də İrəvandan verilən mesajlar müsbət dinamikanın təzahürüdür. Beynəlxalq aktorlar da sülh prosesinin yaxın zamanda gerçəkləşəcəklərinə ümidlərini ifadə edirlər. Bu barədə müntəzəm olaraq bəyanatların şahidi oluruq. Bununla belə, Ermənistan hələ də Azərbaybaycanın şərtlərini yerinə yetirmir. Beynəlxalq geosiyasi dinamika üçün sülh üçün münbit şərait yaratmaqdadır. Belə bir şəraitdə rəsmi Bakı və İrəvan kompromisə gedə bilərmi?
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb.
- Tofiq müəllim, sizcə, sülh prosesi nə qədər yaxındır?
- Artıq sülh mətninin paraflama prosesi başlayıb. İlkin razılaşma var. Amma Ermənistan "ev tapşırıqlarını" yerinə yetirməli, Azərbaycanın şərtlərini reallaşdırmalıdır. Bundan sonra üçün sülh üçün əngəl qalmayacaq.
- Necə düşünürsünüz, Ermənistan bu il konstitusiyasını dəyişə bilər?
- Qarşı tərəf bununla bağlı müəyyən təkliflər verib. İndi əsas məsələ həmin təkliflərin Azərbaycanın maraqlarına uyğun olub- olmamasıdır. İkinci bir tərəfdən, Ermənistanda referendum keçirilsə, geniş ictimai diskurs formalaşacaq. İctimaiyyətin rəyi Azərbaycan üçün maraqlıdır. Həmçinin mümkün referendumun nəticəsi də əhəmiyyətlidir.
- Bir çox beynəlxalq aktor, o cümlədən Rusiya və ABŞ sülh prosesini dəstəklədiklərini deyirlər. Onlar nə qədər səmimidir?
- Bu, bizim üçün ikinci dərəcəli məsələdir. Əsas məsələ odur ki, işğala son qoyub. İndi prioritet məqam revanşist ideyaların aradan qaldırılmasıdır. Bakı buna da nail olacaq.
- Etiraf etmək lazımdır ki, həm Ermənistan daxilində, həm də kənarda sülhü istəməyənlər var. Onlar müsbıt dinamikanın inkişafının qarşısını almaq üçün Paşinyanı bu və ya digər formada hakimiyyətdən sala bilərlər?
- Bəzən elə fikir yaranır ki, guya indiki şərait Paşinyanın sayəsindədir. Bu, belə deyil. Azərbaycan Ermənistan siyasi elitasını reallıqları qəbul etməyə məcbur edib. Ermənistanda heç bir gücün revanş imkanı yoxdur. Xarici güclər konflikt vasitəsilə regionu idarə etməyə çalışsalar da, Azərbaycan heç vaxt buna imkan verməyəcək.
- Son olaraq, Zəngəzur dəhlizinin açılmasının sülh sazişindən sonrakı mərhələyə qalması nə qədər realdır?
- Bu, mümkündür. Ümumiyyətlə, sülh sazişi imzalansa belə, onun pozulmayacağına dair təzminat yoxdur. Əlbəttə, bəzi məsələlərin, o cümlədən Zəngəzur dəhlizinin açılmasının, delimitasiya və demarkasiyanın, müəyyən hüquqi məqamların sonrakı mərhələyə qalması mümkündür.
Kənan Novruzov
11:49 23.07.2025
Oxunuş sayı: 1577