Türkiyə Ermənistan müsahibələrinin normallaşmasında 8 avqust razılaşması əsas qaynaqdır - Açıqlama

İrəvan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşü ilə bağlı məlumatı rəsmən təsdiqləyib. Bundan əvvəl Türkiyə mətbuatı xüsusi nümayəndələrin Marqara-Əlican sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı ilk görüşlərini keçirəcəkləri barədə məlumat yayıb. Təbii ki, bu görüş özlüyündə ciddi məqamları ortaya çıxarır. Bu görüş illər sonra hər iki dövlət arasında əlaqələrin yenidən yaranmasına bir vasitə olacağı məlumdur. Maraqlıdır bəs Ermənistan tərəfi ilə Türkiyə tərəfi arasında keçirilən görüşdən gözləntilər necədir və yaxın müddətdə sərhədlərin açılması gözlənilirmi?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bu münasibətdə əsas qaynağın avqustun 8-də Zəngəzur dəhlizi ilə bağlı layihənin təsdiqlənməsi olduğunu qeyd edib: "İlk növbədə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması ilə bağlı qərar qəbul edildi. Elə həmin günlərdə Azərbaycan Prezidenti ilə Ermənistan Baş Naziri Şanxay Əməkdaşlıq Təşkilatının platformasında görüşdülər. Ardınca isə delimitasiya və demarkasiya üzrə milli komissiyaların iclası baş tutdu. Digər tərəfdən, sərhədlərin açılması və kommunikasiya xətlərinin bərpası ilə məşğul olan komissiyaların həmsədrləri də proseslərə fəal şəkildə qoşulublar. Qeyd etmək lazımdır ki, Ermənistan Baş Naziri Nikol Paşinyan ilk dəfə olaraq Yaponiyaya səfəri zamanı Azərbaycan hava məkanından istifadə edib. Bu fakt da göstərir ki, münasibətlərdə yeni bir mərhələ başlayıb. Əgər əvvəllər proseslər ləng gedirdisə, indi artıq sürətlənmə müşahidə olunur. Bu baxımdan Türkiyə ilə Ermənistan arasında keçirilən görüş də təsadüfi deyil. Söhbət artıq predmetli şəkildə sərhədlərin açılması ilə bağlı müzakirələrdən gedir. Xüsusilə vurğulamaq lazımdır ki, avqustun 8-də Zəngəzur dəhlizi ilə bağlı layihənin təsdiqlənməsi də bu proseslərin mərkəzində dayanır. Görünür ki, tərəflər konkret məsələləri masaya qoymaq və müzakirə etmək niyyətindədirlər".
Politoloq həmçinin görüşlərin nəticələrinin yaxın zamanda ortaya çıxacağını deyib: "Düşünürəm ki, bu, müsbət dinamikanın göstəricisidir. Hadisələrin gedişi yaxın zamanda hansı nəticələrin əldə olunacağını göstərəcək. Böyük ehtimalla, bu nəticələr özünü çox gözlətməyəcək".
Elmir Heydərli
14:20 08.09.2025
Oxunuş sayı: 1047