Mediamızın beynəlxalq fəaliyyəti Azərbaycanın qoruyucu sipəridir - DEPUTAT yazır

III Şuşa Qlobal Media Forumu bir çox konkret məsələlərin müzakirə olunduğu qədər Azərbaycan xalqının keçirdiyi hisslərin də ifadə məkanına çevrildi.
Bu məqamda cənab Prezident İlham Əliyevin Forumun sonunda səsləndirdiyi bir fikrə xüsusilə diqqət çəkmək istəyirəm. “Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik”. Düşünürəm ki, keçirdiyimiz hisslərin bundan gözəl ifadə forması ola bilməzdi. Məhz bunun nəticəsidir ki, “Böyük Qayıdış”ın uğurla icra olunması prosesində dövlət qurumlarımız qədər, özəl sektor, xüsusilə xalqımız böyük canfəşanlıq nümayiş etdirir. Verilən bütün qərarların iştirakında dövlət başçımızın şəxsən iştirakı, infrastruktur layihələri haqqında dəqiq rəqəmlərlə məlumat verməsi bir daha ondan xəbər verir ki, bütün icra edilən layihələrə, işlərə Prezidentimizin özü şəxsən nəzarət edir. Dövlət başçımız həqiqətən də möcüzə kimi görünən məsələləri reallığa çevirməyi bacarıb. Məsələ sadəcə resurslarda da deyil, insan resursu qədər həvəslə işləmək də mütləq vacib olan məsələdir. Bunu isə biz yox, genişmiqyaslı işlərlə tanış olan xarici nümayəndələr deyirlər. Xocalı kimi ağır yaramız sağalır. Xankəndi kimi bölünməyə xidmət üçün hədəf seçilən torpaqlarımızda Azərbaycanın gələcəyi yetişdirilir. Bütün bu uğurların fonunda dövlət başçımız xalqımızı durmamağa, daim hərəkətdə olmağa səsləyir. Bu çağırış xüsusilə Forumun sonunda media nümayəndələrinə, jurnalistlərə edilən çağırış idi. Çünki uğurlarımızı gözü götürməyən qüvvələr var. “Zəfəri qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir” tezisi üzərindən çıxış edən dövlət başçımız hələ də özünü müdafiə etməyə ehtiyacımızın olduğunu bildirir. Nəinki lokal və regional, həm də beynəlxalq müstəvidə uğurlara imza atan mediamız Zəfərimizin əldə olunmasında gecə-gündüz demədən çalışdı. Post-müharibə dövründə və sülh öncəsi periodda baş tutan hər görüşün bütün detallarının dəqiqliklə işıqlandırılması ilk növbədə xalqına yalan danışmamağı prioritet edən Liderin fəaliyyəti ilə uzlaşır. Bu məqamda o da vurğulanmalıdır ki, belə bir Forumun keçirilməsi, həqiqətlərin məhz ölkənin birinci şəxsi tərəfindən səsləndirilməsi informasiya vakuumuna yol vermir. Azərbaycan əleyhinə aparılan silsilə kampaniyalar mediamız önündə yeni çağırışlar da müəyyənləşdirir. Qürurverici məqamdır ki, nüfuzlu media agentlikləri Azərbaycan mediasına istinad edir. İnformasiya savaşımız davam edir. Mediamızın beynəlxalq fəaliyyəti Azərbaycanın qoruyucu sipəridir. Azərbaycan haqqında düzgün fikir formalaşdırmaq üçün, həqiqəti əks etdirməyən hekayətləri parçalamaq kimi çətin, bir o qədər də şərəfli iş mediamızın çiyinləri üzərindədir. Bu keşməkeşli yolun nə demək olduğunu aydın görən dövlət başçımız hər bir sahəyə göstərdiyi diqqət və qayğını xüsusi həssaslıqla jurnalistlərimizə münasibətdə göstərir. Bunun nəticəsidir ki, Milli Mətbuatımızın 150 illiyi münasibətilə bir çox jurnalistlərə xüsusi adlar və təltiflər verildi. İstər xarici siyasətimizdə, istər bərpa-quruculuq işlərində, istərsə də həyatın bütün sahələrində görülən işlər sübut edir ki, Müzəffər Liderimiz xalqımızı qələbədən-qələbəyə səsləyir.
Azər Badamov, Milli Məclisin deputatı
15:27 22.07.2025
Oxunuş sayı: 6357