Ümumi təhsil müəssisələri üzrə ötən il keçirilmiş buraxılış imtahanlarının nəticələri müzakirə edilib

Dövlət İmtahan Mərkəzində (DİM) 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri keçirilir.
DİM-dən Croosmedia.az-a bildirilib ki, iyulun 15-də ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi aparılıb.
Müzakirələrdə pedaqoji və təhsil ictimaiyyəti nümayəndələri – məktəb direktorları, müəllimlər, təhsil qurumları və müəssisələrinin təmsilçiləri iştirak edirlər.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının nəticələri haqqında geniş təqdimatla çıxış edib. DİM rəhbəri 9-cu və 11-ci sinif buraxılış imtahanı fənləri üzrə nisbi ballar, xarici dillər və dövlət dili kimi Azərbaycan dili fənni üzrə imtahan nəticələri, açıq tipli test tapşırıqlarının yoxlanılması haqqında statistika, şagirdlərin müxtəlif tipli test tapşırqları üzrə əldə etdikləri nəticələr arasındakı əlaqə və s. haqqında geniş məlumat verib.
Ardınca iştirakçılar nəticələri müzakirə ediblər. Tədbirdə sual-cavab əsasında aparılan təhlillərin müxtəlif məqamlarına aydınlıq gətirilib, təkliflər dinlənilib.
Qeyd edək ki, müzakirələr iyulun 16-da magistratura və rezidentura səviyyələrinə, həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin təhlilləri ilə davam etdiriləcək.
17:53 15.07.2025
Oxunuş sayı: 977