İraqda yeni gərginlik başladı: “Müstəqil Kürdüstan” adı altında “Böyük İsrail” layihəsinin həyata keçirilməsi hədəflənib - Təcili

İraq Kürdüstanının paytaxtı sayılan Ərbil şəhərində Harki və Goran klanları arasında baş verən silahlı qarşıdurma sadəcə torpaq mübahisəsi deyil, bölgədəki dərin siyasi və qəbiləçi gərginliyin nəticəsidir. Son həftələrdə artan narazılıqlar artıq kürdlərin peşmərgə qüvvələri ilə Harki silahlıları arasında açıq toqquşmalara səbəb olub. Torpaq islahatı adı altında aparılan dövlət müdaxiləsi Harki klanı tərəfindən rədd edilib, nəticədə toqquşmalar başlayıb və insan tələfatı ilə nəticələnib. Hökumət klanın liderlərindən birini həbs etmək istədikdə isə vəziyyət daha da gərginləşib.Məlumata görə, Harki klanı digər narazı qəbilələrlə birləşməyə çalışır. Bu da göstərir ki, məsələ tək bir klanın deyil, bölgədəki daha geniş narazılığın əlamətidir. Tarixi gərginlikləri də nəzərə alsaq, qarşıdurmanın daha da genişlənməsi real təhlükədir. Bu vəziyyət İraq Kürdüstanında sabitlik üçün qəbilə münasibətlərinin və siyasi rəqabətin nə qədər hələ də təsirli olduğunu bir daha ortaya qoyur.
Bu barədə Crossmedia.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, münaqişəni tətikləmək və coğrafiyaya yaymaq istəyən güclər var: “Bu güclərin arxasında isə İsrail dövləti dayanır. Çünki bilirik ki, kürd toplumu hər zaman İsrail tərəfindən bir geosiyasi alət olaraq istifadə olunub və “müstəqil Kürdüstan” adı altında “Böyük İsrail” layihəsinin həyata keçirilməsini hədəfləyib. Bu gün bu layihədən və ideyadan qətiyyən İsrail dövləti və xüsusilə də şovinist, millətçi hökuməti olan Netanyahu hökuməti vaz keçməyib. Buna görə də İraqda baş verənlər təxminən bu konteksdə dəyərləndirilməlidir”.
Onun sözlərinə görə bu gərginliyin bütün İraqa yayılması isə həm Şimali İraq Muxtariyyəti və İraq dövlətinə, həm də qonşu, qardaş Türkiyəyə maraqlı deyil: “Bu baxımdan, bu qığılcımın daha böyük yanğına çevrilməsinə imkan vermək olmaz. Ancaq hər bir halda bunun üçün konkret cəhdlər var. Bir tərəfdə Şimali İraqda vəziyyəti qarışdırmaq, PKK-nın silahı yerə qoyması və təhvil verməsi ilə PKK-nın buraxılması, digər tərəfdən isə Abdullah Öcalanın qərarlarına təslim olmayan təşkilatlar var. Hansı ki, PYD, YPG, SDQ timsalında bu cür dirənişlər var. Buna görə də hər cəhətdən regionda sabitliyi təmin edəcək, terrorun ləğv edilməsi projesinə qarşı müxtəlif təxribatlar törədilir”.
Həmçinin politoloq bildirib ki, Şimali İraq muxtariyyətində də tayfalarla qurum arasında olan münaqişə süni olaraq tətiklənir və bütövlükdə regionda terrorun ləğvi layihəsinə qarşı əngəl ola biləcək addımlardan biri sayılmalıdır. Bir tərəfdə tayfalarla qurum arasında problemlər yaradılırsa, digər tərəfdə silah buraxma və PKK-nın buraxılmasına qarşı əngəl törədəcək təxribatlar törədilə bilər. Həmçinin Suriyanın şimalında PKK-nın Suriya qolunun nəzarətində olan ərazilərin təhvil verilməsi və silahın buraxılması məsələsində də problemlər var. Ona görə də bu məsələ çətin bir məsələdir”.
“Bu gün qardaş Türkiyə çox həssas bir vaxt aralığından keçir. Bütün addımlarda həssas davranmaq üçün çox ciddi bir koordinasiya ilə fəaliyyət göstərmək istəyi var. Bu prosesə fitnə-fəsad, təxribatlar qarışdırmaq mümkün olmasın deyə, Türkiyənin Milli İstihbarat Təşkilatının başçısının da tez-tez İraqa səfər etməsi bilavasitə bununla əlaqəlidir”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Fidan Xəlilova
13:35 09.07.2025
Oxunuş sayı: 818