“Türkiyə–Ermənistan sərhədlərinin açılması region üçün strateji əhəmiyyət kəsb edir”- RƏY

Türkiyə və Ermənistan arasında sərhəd məsələsi uzun illər regional və beynəlxalq diqqət mərkəzində olub. Son dövrlərdə iki ölkə arasında normallaşma prosesinə dair müsbət siqnalların artması, xüsusilə sərhədin açılması və iqtisadi əməkdaşlıq layihələrinin həyata keçirilməsi perspektivləri diqqət çəkir.
Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamalarına görə, bu kommunikasiya xətti yalnız iki ölkə arasında deyil, həmçinin Mərkəzi Asiya və Türk respublikaları ilə iqtisadi əlaqələrin genişlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, İğdır və Qars bölgələrinin iqtisadi həyatına töhfə verəcək layihələr və texniki işlərin görülməsi prosesi region üçün strateji əhəmiyyət daşıyır.
Bu barədə Crossmedia.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan–Ermənistan arasında 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmadan sonra Azərbaycanın müttəfiqləri, xüsusilə Türkiyə və Pakistan, Ermənistanla münasibətlərində gözlə görünən müsbət irəliləyişlər müşahidə olunur.
O. Qasımov qeyd edib ki, bundan sonrakı dönəmdə xüsusilə Ermənistan və Türkiyə arasında müzakirələrin başlanması, iqtisadi əlaqələrin qurulması və digər məsələlərin müzakirəsini nəzərdə tutur: “Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra şübhəsiz ki, Türkiyə–Ermənistan sərhədlərinin açılması ilk növbədə Ermənistanın və bütövlükdə regionun faydasına olacaq. Belə ki, Ermənistanın Türkiyə üzərindən dünyaya çıxışı təmin olunacaq, ticarət genişlənəcək və sülh müqaviləsi imzalanandan sonra Ermənistan–Türkiyə münasibətlərinin normallaşması Azərbaycanın maraqlarına uyğundur".
O, həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın bu dəhliz üzərindən Türkiyə ilə birbaşa əlaqələrinin yaranması baxımından ciddi əhəmiyyət daşıyır. “O baxımdan, əlbəttə ki, sülh müqaviləsi imzalanandan sonra Ermənistanla münasibətlərin normallaşması, diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması məsələsinə müsbət yanaşacağıq. Bu, bölgənin bütün ölkələrinin maraqlarına uyğun hadisə ola bilər. Ermənistanla münasibətlərin normallaşması və sərhədlərin açılması həm də Türkiyənin mövqelərinin güclənməsinə gətirib çıxaracaq ki, bu da Azərbaycanın mənafelərinə uyğundur".
Mehriban Yariyeva
21:15 12.09.2025
Oxunuş sayı: 1267