Paşinyan Moskvaya gedir: 102-ci hərbi baza Ermənistandan çıxarıla bilər- MÜSAHİBƏ

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək.
Məlumata görə, N.Paşinyan Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək.
O, həmçinin əlavə edib ki, Ermənistan öz ərazisindən Rusiya hərbi bazasının çıxarılması imkanını nəzərdən keçirmir.
"Hazırda biz bu məsələni müzakirə etmirik, bizim belə söhbətlərimiz olmayıb", - A.Simonyan, Ermənistan ərazisindən Rusiya hərbi bazasının çıxarılmasının nəzərdən keçirilib-keçirilmədiyi barədə suala cavab verərkən qeyd edib.
Moskva ilə münasibətlərin indiki gərgin məqamında Paşinyanın Rusiyaya mümkün səfəri diqqət çəkir. Son zamanlar Rusiyada keçirilən tədbirləri boykot edən Ermənistan baş naziri nə oldu ki, birdən – birə Putnilə görüşmək qərarına gəldi? “Gün hardan çıxıb”.
Siyasi şərhçi Aydın Quliyev bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Sizcə, bu səfərin əsas məqsədi nədir?
- Paşinyanın Moskva səfəri əvvəlki səfərlərə bənzəməz. İndi Rusiya-Ermənistan münasibətləri əvvəlki dövrlərdən xeyli dərəcədə fərqli məzmuna malikdir. Həm Rusiya tərəfdən, həm də Ermənistan tərəfdən siyasətdə çox prinsipial və maraqlı mübahisələr var. Xüsusilə də Rusiya üçün çox maraqlıdır ki, Ermənistan sülh sazişinin imzalanma prosesini Azərbaycanla necə yekunlaşdıracaq. Moskvada böyük narahatlıq var ki, Zəngəzur dəhlizinin açılması prosesi Rusiyanın himayəsindən çıxarılacaq və Zəngəzur dəhlizinin ABŞ-yə icazə verilməsi necə yekunlaşacaq. Rusiya olduqca narahatdır ki, Azərbaycanla Ermənistanın sərhəd delimitasiya məsələsi Rusiyasız necə davam edəcək və başa çatdırılacaq. Eyni zamanda, Ermənistanın qərbə inteqrasiyası və Rusiyanın patronajı altında olan regional təşkilatlarla əlaqəni kəsməsi də Rusiyanı ciddi narahat edən məsələlərdəndir. Rəsmi İrəvan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə məsələni aydınlaşdırıb. Təşkilata bir daha qayıtmaq istəmir, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə isə münasibətləri və iqtisadi əlaqələri davam etdirmək niyyətindədir. Beləliklə, Ermənistan Rusiyaya bağlı olan siyasi və təhlükəsizlik müstəvisində olan təşkilatlardan tamamilə ayrılmaq niyyətindədir. Rusiyanın himayəsində olan iqtisadi ticarət xarakterli Avrasiya İqtisadi Birliyi kimi təşkilatlardan hələlik uzaqlaşmaq istəmir. Çünki iqtisadi ehtiyaclarını məhz bu təşkilatların hesabına ödəyir. Rusiyanın Ermənistana münasibətlərində bu gün sözün həqiqi mənasında siçan-pişik münasibətlərinə oxşayan proses gedir. Hər ikisinin bir-birinə müəyyən qədər ehtiyacları var. Hər ikisi bir-biri ilə müəyyən problemləri həll etmək istəyir, amma yaxınlaşmaq mümkünsüz və çətindir.
- Bu səfərin Ermənistan-Rusiya münasibətlərinə hansı təsirləri gözlənilir?
- Bu səfərdə sadaladığım məsələlərlə bağlı hər iki tərəfdən müəyyən aydınlaşmalara varılması hədəflənib. Hər iki tərəf aydınlaşdırmaq istəyir ki, ortadakı ikitərəfli münasibətlərin gələcəyi necə olacaq və aydın məsələdir ki, Ermənistan–Rusiya münasibətlərinin gələcəyi daha çox müəyyən problemlərin həllindən asılı olacaq. Əgər Ermənistan Rusiyanın himayəsində olacaq və regional təşkilatlardan yavaş-yavaş qoparaq qərbə inteqrasiya edəcəksə, təbii ki, münasibətlər getdikcə soyuyacaq. Yox əgər Rusiya Ermənistanı müxtəlif təzyiqlər vasitələri və ya müxtəlif təşviqat və inandırma üsulları ilə öz çevrəsində saxlayacaqsa, onda Rusiya–Ermənistan münasibətlərinin xarakteri başqa cür olacaq. Amma hadisələr və proseslər göstərir ki, Rusiya–Ermənistan münasibətləri tarixdə heç vaxt olmadığı səviyyədə zəifləmək istiqamətində hərəkət edir və belə məqamda Rusiya–Ermənistan münasibətlərini iflasdan xilas etmək hələlik mümkünsüz görünür.
- Ermənistanın təhlükəsizlik siyasətində Rusiya hərbi bazasının rolu nə qədər önəmlidir?
- Ermənistandakı Rusiya hərbi bazasının təhlükəsizlik məsələsinə gəldikdə isə açıq demək lazımdır ki, Ermənistandakı Rusiya hərbi bazasına Ermənistan artıq çoxdandır təhlükəsizlik faktoru kimi yox, təhlükə mənbəyi kimi baxır. Əksinə, Rusiya hesab edir ki, Ermənistandakı Rusiya bazası Ermənistanın təhlükəsizliyinə təminatdır. Amma bu məsələdə Paşinyan açıq elan edib ki, KTMT Ermənistanın təhlükəsizliyinə təminat yaratmaqdan daha çox, Ermənistanın təhlükəsizliyi üçün bir hədəfdir. Eyni ilə də Ermənistanda Rusiyanın hərbi bazası artıq çoxdandır Ermənistanın dövlət orqanları və dövlət elitası tərəfindən bu ölkənin müstəqilliyinə və təhlükəsizliyinə bir təhdid elementi kimi nəzərdə tutulur. Sadəcə, Rusiyanın hərbi bazasını ölkədən çıxarmaq hələlik mümkün görünmür. Bu prosesin müəyyən çətinliklər mövcuddur. Amma Rusiyanın sərhədlərdən yavaş-yavaş çıxarılması məsələsi artıq Ermənistan tərəfindən həyata keçirilir.
- Biz bilirik ki, Rusiya Ermənistanın İranla sərhədlərinin mühafizəsində artıq Rusiya əsgərləri ilə bərabər Ermənistan əsgərləri də iştirak edirlər. Zvartsnovs beynəlxalq hava limanından Rusiyanın sərhədçilərini Ermənistan tamamilə çıxardı və yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin mühafizəsində Ermənistan əsgərlərinin paralel iştirakı təmin olunacaq. Beləliklə görünür ki, Ermənistan pillə-pillə Rusiyanın hərbi strukturlarını ölkənin ərazisindən yığışdırmaq, çıxarmaq niyyətindədir. Hələlik sərhəd qoşunlarının çıxarılması prosesinə başlanılıb. Əvvəllər Rusiyanın sərhədçiləri Ermənistan sərhədlərini təkbaşına qoruyurdularsa, bu gün Rusiya sərhədçiləri ilə paralel olaraq Ermənistan sərhədçiləri də dayanır. Gözləmək olar ki, gələcəkdə Rusiya sərhədçiləri tamamilə çıxarılacaq və sonda, əgər Ermənistan rəhbərliyinin planları baş tutarsa, 102-ci hərbi baza da Ermənistandan çıxarılması üçün artıq birbaşa addımlar atılacaq.
Mehriban Yariyeva
18:24 12.09.2025
Oxunuş sayı: 1342