Misir və İraq İranın nüvə proqramını müzakirə edib

Ötən gün Misir prezidenti Əbdülfəttah əs-Sisi və İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani arasında baş tutan telefon danışığı zamanı İranın nüvə proqramı və regional sabitlik məsələləri diqqət mərkəzində olub.
Crossmedia.az xəbər verir ki, söhbət zamanı tərəflər, İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında razılaşma ilə nəticələnmiş danışıqların bərpası və bu prosesin davam etdirilməsi yollarını müzakirə ediblər.
Əs-Sisi İranın nüvə məsələsinin sülh yolu ilə həllinə nail olmaq və bölgədə gərginliyi azaltmaq üçün Misirin vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu bildirib. O, eyni zamanda konstruktiv diplomatik danışıqların gücləndirilməsinin və münaqişənin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Tərəflər, habelə Yaxın Şərqdəki ümumi sabitlik və təhlükəsizlik üçün diplomatik təşəbbüslərin koordinasiyasının zəruriliyini qeyd ediblər.
20:49 12.09.2025
Oxunuş sayı: 736