Mövlud Çavuşoğlu: “Türkiyə Cənubi Qafqazda sülhün və Can Azərbaycanın yanında olmağın tərəfdarıdır”

Türkiyə Parlamentinin üzvü və NATO Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətləri və regional sabitliklə bağlı mühüm açıqlamalar verib.
O, bildirib ki, Türkiyə Cümhuriyyəti hər zaman bütün imkanları ilə Can Azərbaycanın yanında olub və olmağa davam edəcək:
“Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan Cənubi Qafqazda heç bir addım atmayacaq. Ermənistanın normallaşma üçün cəhdləri alqışlanmalıdır. Tezliklə Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanacağına ümid edirik. Can Azərbaycanın problemi Türkiyənin problemidir” – deyə Çavuşoğlu vurğulayıb.
Türkiyənin Ermənistanla münasibətlərə dair mövqeyini açıqlayan Çavuşoğlu qeyd edib:
“Türkiyə tez bir zamanda Ermənistanla sərhədlərin açılmasına və diplomatik münasibətlərin bərpasına hazırdır. Bundan sonra Ermənistanın artıq Türkiyə və Azərbaycandan özünü müdafiə etməyə ehtiyacı olmayacaq. Türkiyə Ermənistanın Avropaya açılan qapısı ola bilər”.
O, həmçinin Zəngəzur dəhlizi məsələsinə toxunaraq bu layihənin region üçün əhəmiyyətini vurğulayıb:
“Zəngəzur dəhlizi önəmli bir nəqliyyat layihəsidir və Ermənistanın suverenliyini təhdid etmir. Lakin Ermənistan Azərbaycana Naxçıvanla əlaqə üçün maneəsiz imkan yaratmalıdır”.
Sonda Çavuşoğlu Türkiyənin regiondakı rolu və regional güclərlə əməkdaşlıq perspektivlərinə də toxunub:
“Cənubi Qafqazda yeni reallıqlar var. Türkiyə bu regionda tarixində heç zaman bu qədər güclü olmayıb. Cənubi Qafqaza sülh və təhlükəsizlik gətirən Türkiyədir. Ermənistan da bu regional dinamikaya qoşula bilər. Hesab edirik ki, Rusiya və İran kimi böyük dövlətlər də bu prosesdə iştirak etməlidirlər”.
19:15 01.07.2025
Oxunuş sayı: 631