Azərbaycan gənclərinin təhsil prioritetləri: Dövlət Proqramı hansı istiqamətləri gücləndirir?

2025/2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində edilən müraciətlərin təhlili göstərir ki, Azərbaycan gəncləri xaricdə təhsil üçün daha çox Böyük Britaniya, ABŞ, Türkiyə, Avstraliya və İtaliya universitetlərini seçir. Eyni zamanda, müraciətlərdə ən çox üstünlük verilən ixtisas sahələri sırasında informasiya texnologiyaları, dövlət idarəçiliyi, mühəndislik, statistika, verilənlərin təhlili və təhsil istiqamətləri öndə yer alır.
Mütəxəssislər bu meyilləri təsadüfi saymır. Hazırkı dövrdə sürətlə inkişaf edən texnologiyalar, rəqəmsal transformasiya və iqtisadi modernizasiya prosesləri əmək bazarında yeni bacarıqlar tələb edir. Azərbaycanın da bu proseslərdən geri qalmaması, və müasir, rəqabətqabiliyyətli insan kapitalı formalaşdırması üçün texnoloji və analitik ixtisaslar üzrə ixtisaslaşmış kadrlara ciddi ehtiyac var. Dövlət Proqramı məhz bu ehtiyacdan qaynaqlanan və uzunmüddətli strateji hədəfləri əks etdirən mühüm təşəbbüsdür.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti İlqar Orucov bildirib ki, Dövlət Proqramı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilir və bu baxımdan kifayət qədər uğurlu bir model hesab olunur. O, xüsusilə vurğulayıb ki, bu layihənin dünyada analoqu yoxdur.
Ekspertin sözlərinə görə, proqram çərçivəsində təhsil almağa göndərilən gənclər dünyanın elə universitetlərinə qəbul olurlar ki, orada təhsil almaq adi vətəndaş üçün çox çətin, bəzən də mümkünsüzdür:
“Proqram çərçivəsində gənclər dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanırlar. Bu universitetlərdə adi qaydada təhsil almaq həm maliyyə, həm də qəbul meyarları baxımından çox çətindir. Dövlət Proqramı yalnız universitet seçimi ilə məhdudlaşmır, Əvvəlcədən geniş miqyaslı araşdırmalar aparılır, ölkənin gələcək tələbləri və əmək bazarındakı ehtiyaclar nəzərə alınır”.
Ekspert bu kontekstdə proqramın mərhələlər üzrə necə inkişaf etdiyini də xatırladıb:
“Birinci Dövlət Proqramında daha çox bakalavr pilləsinə üstünlük verilmişdi. Lakin ikinci proqramda əsasən magistr təhsili üçün yerlər ayrıldı. Artıq Prezidentin imzaladığı fərmana əsasən doktorantura mərhələsi də proqrama əlavə olunub”.
İ.Orucovun sözlərinə görə, indiki mərhələdə daha çox texniki ixtisaslara ehtiyac duyulduğundan seçimlər də bu istiqamətdə aparılır:
“Bu gün texniki ixtisaslara ciddi tələbat var. Əgər beş ildən sonra əmək bazarında müəyyən sahə üzrə kadr çatışmazlığı proqnozlaşdırılırsa, proqram bu ehtiyacı indidən qarşılayacaq şəkildə qurulur”.
Ekspert humanitar sahələrlə bağlı da mövqeyini açıqlayıb:
“Mən humanitar sahələrin əleyhinə deyiləm, lakin bəzi istiqamətlər üzrə – məsələn, filologiya – ölkəmizdə kifayət qədər keyfiyyətli kadrlar hazırlanır. Məhz bu səbəbdən həmin ixtisasların dövlət proqramına salınmasına ehtiyac yoxdur”.
İ.Orucov qeyd edib ki, proqramın birinci mərhələsində olan bəzi ixtisaslar ikinci mərhələdə artıq yer almır:
“Bəzi ixtisaslar birinci proqramda yer almışdı, lakin araşdırmalar nəticəsində məlum oldu ki, həmin sahələr üzrə əlavə kadr hazırlığına artıq ehtiyac yoxdur. Və ya ölkəmizin universitetləri bu tələbi qarşılayacaq səviyyəyə çatıb. Xaricdə təhsil imkanları yalnız Dövlət Proqramı ilə məhdudlaşmır. Prezident İlham Əliyevin səfərləri çərçivəsində imzalanan ikitərəfli sazişlər sayəsində dövlətlərarası təqaüd proqramları da gənclərə təqdim olunur. Bundan başqa, ikili diplom proqramları vasitəsilə də gənclərimiz müxtəlif sahələr üzrə xarici universitetlərlə birgə təhsil alırlar. Bu da ölkədə kadr potensialını artırmaq üçün mühüm addımdır”.
Sonda İ.Orucov gənclərə çağırış edib:
"Azərbaycan dövləti gənclərin yüksək səviyyədə təhsil almaları üçün güclü siyasi iradə nümayiş etdirir. Bu istiqamətdə atılan bütün addımların əsas təşəbbüskarı təhsilə xüsusi önəm verən ölkə Prezidentidir. Gənclər bu imkanlardan maksimum yararlanmalı, ölkənin gələcək savadlı və peşəkar kadr bankında yer almağa çalışmalıdırlar”.
Aybəniz Səfərova
11:32 26.06.2025
Oxunuş sayı: 867