“Qaladan Qala – Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filminin təqdimatı keçiriləcək

2025-ci il iyunun 25-də Gədəbəy rayonunun Heydər Əliyev Mərkəzində “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə ərsəyə gəlmiş “Qaladan Qala – Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filminin təqdimatı baş tutacaq.
Crossmedia.az xəbər verir ki , layihə Azərbaycanın qədim yaşayış və mədəniyyət bölgələrindən biri olan Gədəbəydə yerləşən tarixi abidələr, qalalar, körpülər və maddi-mənəvi irs nümunələri barədə dolğun və vizual şəkildə ictimaiyyəti məlumatlandırmağı hədəfləyir. Film vasitəsilə həm bu bölgənin zəngin mədəni-tarixi irsi əks olunur, həm də Azərbaycanın ümumi mədəni yaddaşında Gədəbəyin oynadığı rol ön plana çıxarılır. Layihənin məqsədi mədəni irsin qorunmasını və onun gələcək nəsillərə ötürülməsini təşviq etməkdir.
Sənədli filmdə igidlik və qəhrəmanlıq ənənələrinin daş yaddaş kimi qorunduğu sıldırım qayalıqlarda ucalan qalalardan tutmuş, dastan və nağıllarda yaşadılan tarixi simalara qədər geniş bir mədəni mənzərə canlandırılır. Bununla yanaşı, film Gədəbəydə yaşayan malakan icmasının həyat tərzinə, onların bu torpaqda yerli əhali ilə birgə paylaşdığı çoxmədəniyyətli və tolerant dəyərlərə də xüsusi yer ayırır.
Təqdimat proqramı yalnız film nümayişi ilə yekunlaşmır. Tədbir çərçivəsində gənc rəssamların əsərlərindən ibarət rəsm sərgisi nümayiş etdiriləcək və musiqili-ədəbi kompozisiya ilə zənginləşdirilmiş bir proqram təqdim olunacaq. Beləliklə, layihə təkcə mədəni irsin təbliği yox, həm də yaradıcı gənclərin cəmiyyətə inteqrasiyası və onların yaradıcılıqlarına stimul verilməsi baxımından mühüm platforma rolunu oynayacaq.
Təşkilatçılar başda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Orxan Mürsəlov olmaqla, rayon rəhbərliyinə və çəkiliş prosesində yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirirlər.
Gədəbəy rayonu, Heydər Əliyev Mərkəzində təqdimatının keçirilməsi nəzərdə tutulan filmin çəkilişləri “AS Production” tərəfindən ərsəyə gətirilib. Layihə rəhbəri: “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abıyeva, redaktor: telejurnalist Səidə İbrahimli, rejissor və operator: Faiq Əliyev, videoqraf: Sadiq İsazadə, fotoqraf: Ramin Aslanovdur.
Bu tədbir Gədəbəydə tarixlə bu günün qovuşduğu nadir bir məkanda, mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi naminə atılmış əlamətdar bir addım olacaq. Media nümayəndələri, mədəniyyət sahəsinin təmsilçiləri və ictimaiyyət dəvətlidir.
12:02 24.06.2025
Oxunuş sayı: 1130