Erkən evliliyin qurbanı: Cavabdeh kimdir?

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində baş verən hadisə cəmiyyətdə geniş rezonans doğurub. 16 yaşlı bir qız, qəsəbənin məscid imamı Turab Tahirov ilə qaçıb. Hadisənin təfərrüatlarına görə, qızın öz razılığı ilə imamla birgə getdiyi bildirilir. Lakin bu “razılıq” anlayışı hüquqi və mənəvi baxımdan ciddi şəkildə sual doğurur.
Azərbaycan qanunvericiliyinə əsasən, 18 yaşına çatmamış şəxsin hüquqi iradəsi yetkin hesab edilmir. Bu səbəbdən, azyaşlının “öz istəyi ilə getməsi” faktı, hüquqi məsuliyyətdən yayınmaq üçün əsas ola bilməz. Əksinə, bu, yetkin şəxsin azyaşlının psixoloji və emosional yetkinliyindən sui-istifadə etməsidir. Qızın “bir ay yarımdan sonra 17 yaşım tamam olacaq” deməsi isə onun hələ də yetkin qərarvermə bacarığının formalaşmadığını göstərir.
İctimai nüfuz sahibi olan bir şəxsin — xüsusilə dini mövqedə olan birinin — azyaşlı bir qızla münasibət qurması, istər hüquqi, istərsə də mənəvi baxımdan qəbuledilməzdir. Bu, həm də cəmiyyətin etimadına zərbədir.
Qızın “öz istəyi ilə getməsi” məsələni yüngülləşdirmək, azyaşlıların müdafiəsini zəiflətmək deməkdir. Bu, gələcəkdə digər oxşar halların da “razılıq” pərdəsi altında gizlədilməsinə şərait yarada bilər.
Bu hadisə bir daha göstərir ki, azyaşlıların hüquqi müdafiəsi yalnız qanunla deyil, həm də ictimai şüurla təmin olunmalıdır. Razılıq anlayışı, yalnız yaş və sosial kontekst daxilində dəyərləndirilmədikcə, bu cür hallar davam edəcək. Bu zaman məsuliyyət təkcə hadisəni törədən şəxsin deyil, həm də susan və ya bəhanə axtaran cəmiyyətindir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov ilk olaraq bildirib ki, bu kimi hadisələr müasir dövrümüz üçün olduqca xoşagəlməzdir:
“Cəmiyyətdə geniş miqyaslı maarifləndirmə işləri, müxtəlif tədbirlər və qanunvericilik tədbirləri həyata keçirilməsinə baxmayaraq, təəssüf ki, bu cür halların baş verməsi davam edir. Qanunvericiliyimizdə belə hallar üçün kifayət qədər hüquqi mexanizmlər var və əminik ki, konkret olaraq sözügedən dini icma nümayəndəsi – axund barəsində də müvafiq tədbirlər görüləcəkdir.
Kütləvi informasiya vasitələrində yayılan məlumata əsasən, hadisədə adı hallanan yeniyetmə qız müəyyən mənada öz razılığı ilə hərəkət etdiyini bildirib. Lakin bu detal nə axundun məsuliyyətini, nə də hadisənin hüquqi və mənəvi baxımdan qəbulolunan olduğunu dəyişmir. Birincisi, bu şəxs axund olaraq, yəni din sahəsində səlahiyyətli bir nümayəndə kimi məsuliyyət daşıyır. İkincisi, yetkinlik yaşına çatmayan bir qızın, hətta özü təşəbbüs göstərərək onunla qaçmağı təklif etsə belə, buna yol verdiyi üçün vətəndaş kimi hüquqi məsuliyyət daşıyır. Üçüncüsü isə bu davranış mənəvi baxımdan da yolverilməzdir”.
Sosioloq bildirib ki, ümumilikdə, statistik məlumatlar göstərir ki, bu tip hadisələrdə kişilərin yaş fərqi daha çox olur:
“Bu da onu göstərir ki, yetkinlik yaşına çatmayanların nikaha cəlb olunması hallarının arxasında çox zaman qızların müvafiq dünyagörüşü və həyat təcrübəsinin məhdudluğundan sui-istifadə edərək nikaha girməyə sövq edilməsi dayanır. Onların hüquq və rifahını qorumaqla bağlı məsuliyyət cəmiyyətin və dövlətin üzərinə düşür. Bütün hallarda, qeyd etdiyiniz kimi, razılıq bəyan edilsə belə, qanunvericiliyə uyğun olaraq, bu yaşda olan şəxsin razılığı onu da hüquqi məsuliyyətdən azad etmir. Bütünlükdə ən böyük məsuliyyəti, təbii ki, qarşı tərəf axund daşıyır. Biz dünyəvi dövlətdə yaşayırıq. Lap qız özü desə ki, “mən öz razılığımla gəlmişəm”, həmin qız yetkinlik yaşına çatmamış bir kateqoriyaya aiddirsə, o da bir vətəndaş olaraq qanunlara tabedir və yaş kateqoriyası həmin nikaha daxil olmaq üçün ona qanunvericilik çərçivəsində heç bir hüquq vermir”.
Mövzu ilə bağlı açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, mediada yayılan qızın qaçırılması ilə bağlı xəbərlərin sonunda məlum oldu ki, əvvəl deyilənlər tam həqiqəti əks etdirməyib:
“Əvvəlcə qızın müəlliminin onu qaçırdığı bildirilmişdi, lakin daha sonra xanımın özü açıqladı ki, bu addımı ailəsində gördüyü şiddət səbəbilə könüllü atıb və bu barədə özü xahiş edib. Bəzi sosial şərhlərdə hətta əksinə – “qızın oğlanı qaçırdığı” kimi ironik ifadələr yer aldı. Belə hallar onu göstərir ki, mediada bəzi xəbərlər dəqiqləşdirilmədən və hadisənin mahiyyəti tam anlaşılmadan yayımlanır. Bu isə ictimaiyyətdə yanlış təsəvvürlərə və mövzu üzrə çaşqınlığa səbəb olur. İslam maarifində bir qızın atasının icazəsi olmadan dini nikah bağlaması qəbul edilmir. Əgər ata yoxdursa, onu himayə edən birindən icazə alınmalıdır. Yalnız istisna hal – qadının maddi və sosial baxımdan tam müstəqil olmasıdır; yəni müstəqil özünü idarə edir, həyatının idarəçiliyi özünün əlindədir. Bu zaman öz razılığı ilə nikaha daxil ola bilər. Lakin dövlət qanunlarına görə, 18 yaşdan aşağı şəxslərlə nikah cinayət xarakteri daşıyır və bu məsələdə din xadimi də olsa, məsuliyyət daşıyır. Bu qanunların pozulması deməkdir.
Xüsusilə kişi tərəf buna məsuliyyət daşıyır. Yəqin ki, dövlət qurumları bu barədə tədbir görəcəklər”.
Mənə tez-tez müraciət edənlər arasında azyaşlılara kəbin kəsdirmək istəyənlər də olur:
“Əvvəla, mən onları dövlət tərəfindən təsdiq olunmuş axundlara yönəldirəm. Onlara da xəbərdarlıq edirəm ki, əgər müraciət edən şəxsin yaşı 15, 16 və ya 17-dirsə, bu halda dini kəbin alınması mümkün deyil. Belə bir icazə qanunla mövcud deyil. 18 yaşdan aşağı kəbin kəsilməməsi qanununun çıxması bunun qarşısını tamamilə almır. Məsələn, bir cütlük ailə qurmaq istəyir və qızın yaşı 16 və ya 17-dir. Onların tanışları arasında ilahiyyatçı bir şəxs var — ola bilər ki, bu şəxs Rusiyada, İngiltərədə və ya ümumiyyətlə, ölkədən kənarda yaşayır. Şəriətə əsasən, onlar ad-soyadını deməklə mehrin müəyyən olunması və atalarının razılığı barədə məlumatın ilahiyyatçıya çatdırılması ilə kəbinlərini oxutması mümkündür. Elə edə bilərlər ki, xaricdə olan bir ilahiyyatçıya yazsınlar, onların kəbini oxusun. Xaricdə olan bir ilahiyyatçıya qarşı Azərbaycan qanunları işləməyəcək. Yəni, məsuliyyətə cəlb olunma baxımından artıq bu əlçatmaz olacaq. Ona görə də bu, tamamilə bu inzibati qaydanın qarşısını almır. Əgər qadın və kişi ərəb dilini bilirlərsə, dini təhsilləri varsa və kəbin oxumağın qaydalarını da bilirlərsə, o zaman öz aralarında dini kəbinlərini oxuya bilərlər. Özləri kəbini oxuyubsa və bu hadisədən heç kimin xəbəri olmuyubsa, ümumilikdə həmin şəxslər artıq öz aralarında dini baxımdan evli sayılırlar və bir-birinə halal hesab olunurlar. Bu iki hal — yəni ilahiyyatçının xaricdə olması və eyni zamanda cütlüyün özlərinin dini kəbin oxumağa icazəli sayılması — qoyulmuş inzibati qanunların təsir dairəsindən kənara çıxır. Belə deyil ki, qanun varsa, ona axıra kimi riayət etmək mümkündür. Tətbiq edilən qayda yalnız məlumatı olmayan və ya xaricdə tanışı olmayan, dini təhsili olmayan insanlar üçün məhdudlaşdırıcı ola bilər. Amma ətrafında tanış ilahiyyatçıları olan, xaricdə əlaqələri olan şəxslər bu qaydalardan yan keçmək yollarını tapmağa çalışacaq və nəticədə dini kəbinlərini asanlıqla oxutduracaqlar.
Tutaq ki, hadisə bir qədər sonra üzə çıxır və dövlət orqanları araşdırma aparır. Sual verilir: “Sizin dini kəbinizi kim oxuyub?” Cavab olaraq deyilir ki, bizim kəbinimizi Rusiyada yaşayan bir ilahiyyatçı oxuyub. Vəziyyəti isə biz bir-birimizə halalıq deyə əsaslandırırlar. Amma etiraf etməliyik ki, müasir dövrdə gənc qızların təhsilli olması olduqca təqdirəlayiq haldır. Bu istiqamətdə qəbul olunan qanun və qaydalar, əslində, xanımların təhsilə yönəlməsi və ailə qurmağa daha hazırlıqlı olması baxımından mühüm əhəmiyyət daşıyır. Reallıq budur ki, hələ 14–15 yaşlarında olan qız uşaqları erkən nikaha cəlb olunur. Həmin yaşda nə təhsil olur, nə də ailə məsuliyyətinə yetkin münasibət formalaşır. Nəticədə, gələcəkdə qurulan ailələr və dünyaya gələn övladlar sağlam şəkildə tərbiyə olunmur, çünki analar özləri də yetərli təhsil və həyat təcrübəsinə malik olmurlar. Ona görə bu qanunvericilik təşəbbüsünü yüksək qiymətləndirirəm və belə hallarda insanları qanunlara riayət etməyə çağırıram.
Tövsiyə edirəm ki, 18 yaşına qədər gözləsinlər və təhsilə yönəlməyə çalışsınlar”,- deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
19:09 23.06.2025
Oxunuş sayı: 9277