Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti yalnız bu günlə məhdudlaşmır - Deputat
Tarixdə elə sənədlər olur ki, onlar yalnız imzalandığı dövrün deyil, gələcək onilliklərin də siyasi istiqamətini müəyyən edir. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmış Şuşa Bəyannaməsi də məhz belə sənədlərdən biridir. Bu Bəyannamə Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərini ilk dəfə olaraq müttəfiqlik səviyyəsində siyasi-hüquqi çərçivəyə salmaqla yanaşı, Cənubi Qafqazın yeni geosiyasi reallıqlarını formalaşdıran mühüm strateji sənəd kimi tarixə düşdü.
Bu gün Şuşa Bəyannaməsinin imzalanmasının beş ili tamam olur və ötən dövr göstərir ki, sənəd təkcə iki dövlət arasında əməkdaşlığın dərinləşməsinə deyil, həm də regionda təhlükəsizlik, sabitlik, iqtisadi inteqrasiya və uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradıb. Azərbaycan–Türkiyə birliyinin siyasi ifadəsi olan bu Bəyannamə artıq yalnız iki ölkənin münasibətlərinin deyil, bütövlükdə türk dünyasının gələcək əməkdaşlıq modelinin əsas istinad nöqtələrindən biri kimi çıxış edir.

Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a Şuşa bəyannaməsinin əhəmiyyətindən danışıb:
“2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi təkcə iki qardaş dövlət arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirən sənəd deyil, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi-hüquqi sənəddir. Bu gün Bəyannamənin imzalanmasının 5 ili tamam olur və əminliklə demək olar ki, sənəd özünü tam doğruldub.
Ötən beş il ərzində Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Siyasi dialoq daha da intensivləşib, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq dərinləşib, iqtisadi əlaqələrin həcmi artıb. Xüsusilə enerji, nəqliyyat, hərbi sənaye, təhsil və humanitar sahələrdə həyata keçirilən layihələr iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirib. Bu gün Azərbaycan və Türkiyə beynəlxalq platformalarda bir-birinin mövqeyini qətiyyətlə müdafiə edən, regional məsələlərdə ortaq yanaşmadan çıxış edən müttəfiq dövlətlər kimi çıxış edirlər.
Şuşa Bəyannaməsinin mühüm nəticələrindən biri də Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına verdiyi töhfədir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bölgədə yaranmış yeni vəziyyət fonunda Azərbaycan-Türkiyə müttəfiqliyi regional sabitliyin və təhlükəsizliyin əsas amillərindən birinə çevrilib. Bu sənəd regionda güc balansına təsir göstərməklə yanaşı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlərin təşviqinə xidmət edir. Eyni zamanda, bölgədə sülh və əməkdaşlıq mühitinin formalaşmasına mühüm dəstək verir”.
Deputat əlavə edib ki, Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti yalnız bu günlə məhdudlaşmır: “Hesab edirəm ki, yaxın illərdə sənədin türk dünyasının inteqrasiyası prosesində rolu daha da artacaq. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi, Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşması perspektivləri, enerji və logistika layihələrinin genişlənməsi türk dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu baxımdan Şuşa Bəyannaməsi yalnız Azərbaycan-Türkiyə münasibətlərinin yol xəritəsi deyil, həm də türk dünyasının gələcək əməkdaşlıq modelini müəyyən edən strateji sənəd kimi qiymətləndirilməlidir.
Bu gün artıq tam aydın görünür ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının siyasi ifadəsi olmaqla yanaşı, regionda uzunmüddətli sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm təminatlardan biridir”.
Ayhan
12:06 15.06.2026
Oxunuş sayı: 73