Azərbaycan–Türkiyə strateji birliyi: Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin strateji səviyyədən müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmiləşdirdi. Sənəd təkcə ikitərəfli əməkdaşlığın deyil, həm də Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına mühüm töhfə verən siyasi-hüquqi çərçivədir.
Şuşa Bəyannaməsi 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda imzalanmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpası və bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması perspektivi Bakı ilə Ankara arasında koordinasiyanın daha da dərinləşdirilməsini zəruri etmişdi. Bu baxımdan Bəyannamə müharibədən sonrakı mərhələdə strateji tərəfdaşlığın institusional əsaslarını möhkəmləndirdi.
Bu sənədin beynəlxalq əhəmiyyəti regional təhlükəsizlik, siyasi koordinasiya, iqtisadi inteqrasiya və qlobal əməkdaşlıq aspektlərində özünü göstərir. Bu sənəd, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, tarixi dostluğun və qardaşlığın məntiqi nəticəsidir.Prezident İlham Əliyev Şuşa Bəyannaməsini “tarixi sənəd” adlandıraraq onun Azərbaycan–Türkiyə münasibətlərində ən yüksək zirvə olduğunu qeyd etmişdir. Dövlət başçısı vurğulamışdır ki, bu Bəyannamə iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə qaldırır və gələcək əməkdaşlıq üçün aydın yol xəritəsi müəyyən edir.
Bəyannamədə xarici siyasət istiqamətində əməkdaşlıq xüsusi yer tutur. Sənədə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin vacibliyini vurğulayırlar. Azərbaycan və Türkiyə milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirdiklərini bəyan edirlər. Beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik, sabitlik və əməkdaşlıq məsələlərində birgə səylər göstərilməsi əsas prioritet kimi müəyyən olunur. Bu fəaliyyətlərin koordinasiyası Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilir. Bu müddəalar göstərir ki, tərəflər beynəlxalq platformalarda – BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər qurumlarda – bir-birini dəstəkləmək xəttini davam etdirəcək və xarici siyasət mövqelərini uzlaşdıracaqlar.
Şuşa Bəyannaməsi regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır. Tərəflər Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, sülhün təşviqi və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılması istiqamətində birgə fəaliyyət göstərməyi öhdələrinə götürürlər.Bəyannamədə qeyd olunur ki hər iki dövlət suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini əsas götürür. Regional münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllini dəstəkləyirlər. Qlobal təhlükəsizlik çağırışlarına – terrorizm, ekstremizm, transmilli cinayətkarlıq və digər təhdidlərə qarşı birgə mübarizə aparırlar. Bu yanaşma Azərbaycan və Türkiyənin regionda sabitlik və təhlükəsizlik təminatçısı kimi rolunu gücləndirir.
Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərini ən yüksək siyasi səviyyəyə qaldırır. Xarici siyasətdə koordinasiya mexanizmi – tərəflər beynəlxalq arenada vahid mövqe nümayiş etdirmək imkanlarını genişləndirirlər. Geosiyasi balansın formalaşdırılması – Cənubi Qafqazda yeni əməkdaşlıq və təhlükəsizlik modeli təşviq olunur. Türk dünyasının inteqrasiyası – sənəd türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə əlavə stimul verir.
Şuşa Bəyannaməsi regionda iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xüsusi önəm verir. Xüsusilə nəqliyyat və logistika marşrutlarının inkişafı Cənubi Qafqazı Avropa ilə Asiyanı birləşdirən strateji körpüyə çevirir. Bu baxımdan Bəyannamə regional əməkdaşlıq platformalarının güclənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və yeni investisiya imkanlarının yaranmasına xidmət edir. Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri regionda sabitliyin iqtisadi əsaslarını möhkəmləndirir. Sənəd müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı müttəfiqlik səviyyəsinə yüksəldir. Bu, yalnız ikitərəfli münasibətlər deyil, bütövlükdə region üçün sabitləşdirici amildir. Tərəflər hərbi əməkdaşlıq, müdafiə sənayesi sahəsində birgə layihələr və təhlükəsizlik məsələlərində qarşılıqlı dəstək mexanizmlərini genişləndirməklə regionda yeni təhlükəsizlik modelinin formalaşmasına töhfə verirlər. Bu model qarşıdurma deyil, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır.
Şuşa Bəyannaməsi həm də türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə stimul verir. Bu sənəd ortaq tarixə, mədəniyyətə və dəyərlərə əsaslanan əməkdaşlığın daha sistemli və strateji xarakter almasına səbəb olur. Nəticədə Azərbaycan və Türkiyə regionda deyil, daha geniş coğrafiyada – Avrasiya məkanında sabitlik və inkişaf təşəbbüslərinin əsas iştirakçılarına çevrilirlər. Bəyannamədən irəli gələn öhdəliklərin ardıcıl icrası Azərbaycan və Türkiyənin milli gücünün artmasını, beynəlxalq sistemdə nüfuzunun möhkəmlənməsini və dünya miqyasında söz sahibi kimi mövqeyinin daha da güclənməsini şərtləndirir. Bu isə sənədin həm regional, həm də qlobal səviyyədə uzunmüddətli strateji əhəmiyyətini təsdiqləyir.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsinin hüquqi-siyasi ifadəsidir. Xarici siyasət sahəsində əlaqələndirmə, beynəlxalq platformalarda qarşılıqlı dəstək və regional təhlükəsizlik məsələlərində birgə fəaliyyət sənədin əsas istiqamətlərini təşkil edir. Bu Bəyannamə təkcə iki ölkə arasında münasibətləri dərinləşdirmir, eyni zamanda Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, sabitlik və əməkdaşlıq üçün mühüm zəmin yaradır.

Bakı Dövlət Universitetinin Fizika fakükəsinin Astrofizika kafedrasının tədris laboratoriyasının müdiri Səadət Məhərrəmova
10:23 15.06.2026
Oxunuş sayı: 69