İran və ABŞ arasında sülh sazişi? - 14 maddəlik memorandumun detalları açıqlandı
İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun layihəsi yayılıb. Belə ki, sənəd 14 maddədən ibarətdir və tərəflər arasında hərbi əməliyyatların dayandırılması, sanksiyaların yumşaldılması, həmçinin yekun sülh sazişinə aparacaq addımları əhatə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Memorandum layihəsinə əsasən, bütün istiqamətlərdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və qeyri-müəyyən müddətə dayandırılması nəzərdə tutulur. ABŞ İranın daxili işlərinə qarışmamaq və ölkənin suverenliyini tanımaq öhdəliyi götürür.
Sənəddə həmçinin 30 gün ərzində dəniz blokadasının tam ləğvi, ABŞ hərbi qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılması və Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası yer alıb.
Bundan başqa, İran neftinin ixracına qoyulan məhdudiyyətlərin dayandırılması, ABŞ və müttəfiqləri tərəfindən İranın infrastrukturunun bərpası üçün 300 milyard dollarlıq proqramın hazırlanması təklif olunur.
Layihəyə görə, yekun sazişin hazırlanması üçün 60 gün davam edəcək danışıqlar aparılacaq. Tehran nüvə silahı istehsalından imtina etməyi, Vaşinqton isə danışıqlar müddətində yeni sanksiyalar tətbiq etməməyi və bölgədə hərbi mövcudluğunu artırmamağı öhdəsinə götürəcək.
Eyni zamanda, İranın dondurulmuş 24 milyard dollarlıq aktivlərinin açılması, əldə edilən razılaşmaların icrasına nəzarət mexanizminin yaradılması və yekun sazişin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul ediləcək qətnamə ilə təsdiqlənməsi nəzərdə tutulur.
Qeyd edək ki, Mehr agentliyinin yaydığı sənəd memorandum layihəsidir. Hazırda İran və ABŞ tərəfindən bu sənədin rəsmi şəkildə təsdiqlənməsi ilə bağlı açıqlama verilməyib.
09:37 15.06.2026
Oxunuş sayı: 72