Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan XX əsrin 90-cı illərinin əvvəllərində digər postsovet ölkələri kimi ağır sınaqlarla üzləşmişdi. Daxili siyasi böhranın və iqtisadi tənəzzülün dərinləşməsi, qarşıdurmaların və separatçılıq meyillərinin güclənməsi, xarici təhdidlərin artması fonunda Ermənistanın hərbi təcavüzü Azərbaycanın parçalanması, hətta dünya xəritəsindən silinməsi təhlükəsini yaratmışdı.
Belə bir mürəkkəb və taleyüklü şəraitdə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı tənəzzüldən xilas etdi, ölkənin inkişaf və tərəqqi yoluna çıxmasının əsasını qoydu. Məhz buna görə də 15 İyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.
O bildirib ki, 15 iyun tarixi, eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinin yeni mərhələsini müəyyənləşdirən Şuşa Bəyannaməsinin imzalanması ilə də əlamətdardır. 2021-ci il iyunun 15-də imzalanmış bu mühüm sənəd bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən, iki qardaş ölkənin ortaq strateji baxışını və gələcək inkişaf hədəflərini əks etdirən tarixi sənəddir.
"Şuşa Bəyannaməsinin imzalanması ilə keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan–Türkiyə münasibətləri bu gün regional təhlükəsizlik arxitekturasının əsas sütunlarından biri kimi çıxış edir. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan qardaşlıq və müttəfiqlik əlaqələri xalqlarımızın ortaq milli maraqlarını, əbədi dostluq və həmrəylik iradəsini özündə ehtiva edir.
Bu gün qürurla deyə bilərik ki, Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün yaratdığı möhkəm siyasi təməlin, müstəqil dövlətçilik ideyalarının və Azərbaycanın müasir geosiyasi reallıqlardakı uğurlu inkişaf strategiyasının məntiqi davamıdır", - deyə T. Budaqov vurğulayıb.(Azərtac)
11:16 15.06.2026
Oxunuş sayı: 59