Suriyalı nazir: Əvvəlki rejimlə diplomatik əlaqələri dayandıran Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk
Suriyanın informasiya naziri Xaled Fəvaz Zəarur Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovun görüşü zamanı iki ölkənin media sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gələcək inkişafında maraqlı olduqlarını təsdiqləyiblər.
Suriyalı nazir bildirib ki, ölkələri dost və qardaş ölkələrlə münasibətlərdə yeni mərhələ açmağa çalışır.
O qeyd edib ki, Suriya xalqı əvvəlki rejimlə diplomatik əlaqələri dayandıran Azərbaycanın mövqeyini yüksək qiymətləndirir.
Xaled Fəvaz Zəarur həmçinin informasiya siyasətinin yenidən nəzərdən keçiriləcəyini və əvvəlki hakimiyyət dövründə Azərbaycan haqqında formalaşdırılmış təhrif olunmuş narrativlərə son qoyulacağını vurğulayıb.
Elnur Şahhüseynov isə hazırkı administrasiya dövründə Bakı ilə Dəməşq arasında münasibətlərin bərpasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Suriya qısa müddət ərzində nəzərəçarpacaq müsbət dəyişikliklər nümayiş etdirib.
Azərbaycanlı diplomat əlavə edib ki, Bakı müxtəlif sahələrdə Suriya ilə əməkdaşlığın inkişafına böyük önəm verir.
12:15 15.06.2026
Oxunuş sayı: 56